c544c55e-f378-4cea-8f7b-cb3c2b2fe928..jpg

Laçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi – Eyyub Yaqubov haqqında faktlar

Baxış sayı: 670 dəfə baxılıb.

Laçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi –
Eyyub Yaqubov haqqında faktlar

Bu gün Xalq artisti Eyyub Yaqubovun doğum günüdür. Kulis.az bu münasibətlə
müğənni haqqında maraqlı faktları təqdim edir.

Eyyub Zəkəriyyə oğlu Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhərinin Bayıl
qəsəbəsində anadan olub. İlk təhsilini 49 saylı orta məktəbdə alıb.

Uşaqlıq illərindən musiqiyə böyük marağı olan Eyyub eyni zamanda 3 saylı
musiqi məktəbində təhsil alıb. 8 illik orta məktəb təhsilini bitirdikdən sonra,
1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil
olub.

Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi “Humayun”
xalq instrumental ansamblında pianoçu işləyib. Bu ansamblla Eyyub Yaqubov
Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edib.

Hələ 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi olarkən Azərbaycan
pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Əlibaba
Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı xalq musiqisini də
öyrənib. Dostları və tanışları əhatəsində hərdən mahnılar oxuyub.

Musiqiçi olmaq arzusu ilə yaşayan pianoçu Eyyub bir müddət bu fikirdən
uzaqlaşıb. Müğənni müsahibələrinin birində həmin dövrləri belə xatırlayıb:

“Asəf Zeynallı adına musiqi kollecində təhsil aldığım illərdə bir dostum mənə
Xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblına peşəkar pianoçu
axtardığını dedi. Təklif etdi ki, özümü sınayım. Mən getdim, Əlibaba müəllim
məni dinlədi, bəyəndi və ansambla qəbul etdi. Açığı, heç vaxt müğənni olmağı
düşünməmişdim. Belə bir arzum olmayıb. Özüm üçün zümzümə edirdim. Ancaq
dostların əhatəsində oxuyurdum. Mən necə oldu müğənni kimi meydana çıxdım?
“Humayun” ansamblında sənət dostlarım səsimin olduğunu bilirdilər. Bir gün
Əlibaba müəllimə dedilər ki, Eyyubun yaxşı səsi var. Təkid etdilər ki, oxuyum.
Əlibaba müəllimin yanında oxumağa utanırdım. Güc-bəla ilə özümü toplayıb
oxudum. Bəyəndi səsimi. Mənim müğənni kimi meydana çıxmağımda Əlibaba müəllimin
böyük təsiri olub. O, mənə müəllimliklə yanaşı, həm də atalıq qayğısı göstərib”.

Özünün dediyinə görə, o, “blatnoy” mahnılar oxumağa başlayıb. Zamanın
tələbləri ilə addımlayaraq, restoranlarda oxumağa başlayıb. Sonradan isə daha
ciddi işlər görməyə başlayıb. Ancaq müğənninin fanatları ondan əvvəlki kimi
mahnılar istəyiblər:

“Bəli, tamaşaçılarım darıxırlar və hər dəfə məndən şanson xahiş edirlər. Elə
kompozisiyalar mənim repertuarımda çoxdur. Amma onlarla yanaşı daha ciddi
şeyləri də oxumağa çalışıram”.

Eyyub Yaqubov 1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri
4 audiokaset və 3 kompakt-disk buraxıb. Bunlar 1999-cu ildə çıxmış “Duet
Amburan” və “Mister Əlibala”, 2000-ci ildə – “Ağabala Çaykovski”, 2001-ci ildə
– “Ana”. Üç məşhur mahnısına – “Ana”, “Kor ərəbin mahnısı” və “Mənə dəniz
verin” mahnılarına kliplər çəkdirib.

Oxuduğu mahnılar çox sevilsə də, bəzi mahnıları kəskin tənqid olunub. Onlardan
biri də “Serıy Popuqay”dır. Dinləyicilər onu erməni mahnısı oxumaqda ittiham
ediblər. Yaqubov bu məsələyə belə aydınlıq gətirib:

“Çox yanlış bir fikirdir. Bu mahnını “Madam Papuqay” mahnısı ilə səhv
salırlar. “Serıy Papuqay”ı Elçin İmanov bəstələyib. “Madam Papuqay” mahnısının
ilk ifaçısı və yaradıcısı olan Boka Bakıda doğulub yaşayan ermənilərdən olub. O
da bu mahnıları yazarkən bizim folklorumuzdan bəhrələnib. Həmin mahnılarda Bakı
ruhu var. Ona görə heç bu mahnını da erməni mahnısı adlandırmaq günahdır. Biz
zamanla sənətimizlə sübut etdik ki, bu mahnılar Azərbaycana məxsusdur. Niyə
indi də yaranmır Ermənistanda o janrda mahnılar? Elə bu fakt sübut edir ki, bu
musiqi janrı onlara aid deyil”.

Müğənninin 2019-cu ildə mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər
yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi
etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi
azərbaycanlıların da iştirak etməsi hiddət doğurub. Bundan əlavə, səhnədəki
videokadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına
səbəb olub. Sonrakı açıqlamada müğənninin işğal günü olmasından xəbərinin
olmadığı bildirilib. Müğənni müsahibələrinin birində bu məsələ ilə bağlı
bunları deyib:

“Torpaqlarımızın işğal olunması təbii ki, hamımızın böyük dərdidir. Amma mən
həmişə deyirəm, biz gərək ümid ilə yaşayaq. Ruhdan düşməyək. Hər gün oturub
ağlamaqla torpaqlar geri qayıtmır. Matəm edə-edə, ağlaya-ağlaya biz gücsüz
düşürük. Bizi həmişə parçalayıblar. Bu, indinin işi deyil. Ona görə də ayıq və
nikbin olmalıyıq”.

Tez-tez Mikayıl Müşfiqin poeziyasına müraciət edib. Onun “Küləklər”, “Ana”,
“Yenə o bağ olaydı” kimi şeirlərinə bəstələnmiş mahnıları oxuyaraq Müşfiq
poeziyasını milyonlara sevdirib.

Anasını 15 yaşında itirib. Müşfiqin “Ana” şeirinə yazılan mahnını nisgillə
oxumasının səbəbi də budur;

“Anamı on beş yaşımda itirmişəm. Bu, insana çox təsir edir. Həsrət insanın
içini yandırıb-yaxır. Ananı axtarırsan. Allah özünü ananın vasitəsilə göstərir.
Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi
vicdanı, imanı olanların qəlbində yaşayır”.

İsrail konsertində Turanla bağlı dedikləri bəzi sosial şəbəkə istifadəçiləri
tərəfindən müsbət qarşılanmayıb. Onlar Yaqubovu millətçilikdə ittiham ediblər:

“Vaxtilə Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi şəxsiyyətlər
həqiqət uğrunda, Vətən uğrunda şəhid oldular. Və Turan uğrunda şəhid oldular.
Və görürsünüz ki, qələbələr, torpaqlarımız işğaldan azad olundu. Bu, hələ
başlanğıcdır. İnşallah, hələ Azərbaycan daha da bütövləşəcək və bütöv bir Turan
dövləti qurulacaq. Onların yanında bir dost kimi İsrail, yəhudilər də
olacaqlar. Yaşasın Turan, Azərbaycan və İsrail dostluğu, qardaşlığı”.

Ajda Pekkan Bakı səfərlərinin birində Eyyub Yaqubova duet təklif edib, ancaq
sonradan duet baş tutmayıb. Türkiyəli müğənni söz versə də, sözündən yayınıb:

“O, etiraf etdi ki, günah ondadır. Sənət məsələsi qəlizdir. İşlər çox olur.
Mən duet oxumağa hər zaman hazıram. Amma ondan xəbər çıxmadı. Nə etmək olar?
Ajda “Kim bilir”, “Unutdum artıq”, “Alışdım” mahnılarını birlikdə oxumağımızı
istəyirdi. Amma duetimiz alınmadı çünki işlər çoxdur”.

1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var. Oğlu müsahibəsində
müğənninin ailəsi barədə gəzən şayiələrə belə aydınlıq gətirib:

“Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir
insan olmazdı. Belə bir deyim var: Baş kişidirsə, boyun isə qadındır. Anam
bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə
yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və
hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər”.

Source link