112f56b3-32c5-4bb1-bae9-87c062af75a6..jpg

Məqsədinə çatmayan terror aktı: “Əsas şübhəli İran göstərilir” – FOTO

Baxış sayı: 854 dəfə baxılıb.

Məqsədinə çatmayan terror aktı: “Əsas şübhəli İran göstərilir” – FOTO

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı çərşənbə axşamı paytaxtın
Sabunçu rayonunda – yaşadığı evin qarşısında sui-qəsd olub. Hələlik kimliyi
bəlli olmayan cinayətkar avtomat silahdan açdığı atəşlə millət vəkilini
çiynindən və ayağından yaralayıb.

“Kaspi”

qəzeti məsələ ilə bağlı məqalə dərc edib.

Hadisədən dərhal sonra Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və
istintaq-əməliyyat qrupu millət vəkilinin güllələndiyi ərazidə olublar.
Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində
Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat axtarış tədbirləri başlayıb. Dövlət
Təhlükəsizliyi Xidməti isə hadisəni terror aktı kimi qiymətləndirib. Bu barədə
yayılan məlumatda qeyd olunub ki, terror aktını törətmiş şəxsin və cinayət
hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət
məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz
əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əgər hüquq-mühafizə orqanları baş vermiş hadisəni terror aktı kimi
qiymətləndirirsə, demək ki silahlı insidentdə hədəf sadəcə millət vəkili
F.Mustafa olmayıb. Parlamenti təmsil edən şəxsə qarşı atılan güllənin hədəfində
həm də Azərbaycan dövləti, onun müstəqilliyi, daxili və xarici siyasətidir. Bu
mənada terror aktını təşkil edənlərin məqsədləri və hədəfləri daha böyükdür.

Mövzu ilə bağlı fikirlərini bölüşən hüquqşünas Ələsgər Məmmədli bildirib ki,
DTX-nın başlatdığı cinayət işində sui-qəsdin məhz terror məqsədilə törədildiyi
əks olunub:

“Müvafiq qurum hadisənin terror aktı olması qənaətinə gəlibsə, yəqin bunun
üçün ciddi arqumentlər var. Əgər hadisə ailə-məişət və sair zəmində baş
versəydi, o zaman başqa maddələrlə cinayət işi başlanılardı. Deputat Fazil
Mustafanın ictimai-siyasi fəaliyyəti göz önündədir. O, həm intellektual
cəhətdən cəmiyyətin maariflənməsinə xidmət edir, həm də cəmiyyəti narahat edən
problemləri dilə gətirir. Xüsusən də xaricdən ölkəmizə “idxal olunan” cəhalətə
qarşı açıq mübarizə aparır. Bu fəaliyyətinə görə Fazil Mustafa Azərbaycanda
cəhaləti təbliğ və təşviq edən, xüsusən İrandan maliyyələşdirilən,
yönləndirilən qrupların daim hədəfinə çevrilirdi. Ona görə də ilk ağıla gələn
versiya budur ki, deputata qarşı terror aktını məhz həmin qüvvələr törədib”.

Ə.Məmmədli qeyd edib ki, törədilən istənilən cinayət hadisəsində
hüquq-mühafizə orqanları bir çox ehtimalları qiymətləndirirlər: “Bu
ehtimalların birbaşa düzünə görünən tərəfləri, yaxud onun göstərilməsini
istəyən qüvvələr ola bilər. Birbaşa şübhəli kimi görünən tərəflərdən əlavə, ola
bilsin, üçüncü qüvvələrin də izinə düşülsün. Bütün hallarda bir dövlət
səlahiyyətlisinə yönəlik məlum hadisənin baş verməsi onu deməyə əsas verir ki,
terror aktının törədilməsində ictimai asayişi pozmaq, cəmiyyətdə müəyyən qorxu
yaratmaq niyyətləri var. Belə niyyətləri həyata keçirmək istəyənlərin,
təşkilatçıların, icraçıların yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağına
ümid edirəm”.

Hüquqşünas deyib ki, son terror aktına qədər də Azərbaycanda ayrı-ayrı
vəzifəli şəxslərə qarşı terror hücumları olub:

“Yazıçı Rafiq Tağının da ölüm fətvası İrandan verilmişdi. 2011-ci ildə o,
sui-qəsdə məruz qaldı, aldığı yaradan xəstəxanaya yerləşdirilsə də, səhiyyə
müəssisəsində naməlum şəraitdə öldü. Bu hadisənin törədilməsi zamanı da ip
ucları İranı göstərirdi. Akademik Ziya Bünyadova qarşı sui-qəsddə də İran izi
var idi. Azərbaycanın dövlət xadimləri Afiyəddin Cəlilov, Şəmsi Rəhimovun qətlə
yetirilməsi də terror aktı idi. Müstəqillik tariximizdə çoxsaylı belə hallar
olub. O zaman xaricdən gələn təhlükələri müəyyən səbəblərdən barmaqla
göstərməmişik. Amma 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın üzərinə
açıq şəkildə hərəkətə keçən İranın xarici siyasəti, hərbi ritorikası,
təhdidləri Azərbaycanın da buna adekvat siyasət həyata keçirməsinə səbəb olub.
İrandakı səfirliyimizə edilən silahlı hücum, Tehranın bundan sonrakı
davranışları sübut etdi ki, cənub qonşumuz Azərbaycana yönəlik belə hadisələrdə
heç də obyektiv hüquqi araşdırma aparmağa meyilli deyil. Məhz bu kimi səbəblərə
görə deputat Fazil Mustafaya qarşı sui-qəsd hadisəsində də əsas şübhəli İran
göstərilir”.

Ə.Məmmədli müstəqillik tariximizdə yaşanan oxşar hadisələri və ondan sonrakı
dövlət siyasətini xatırladaraq əlavə edib ki, bu cür terror aktları ilə
Azərbaycanı öz yolundan, milli maraqlara söykənən müstəqil siyasətindən
döndərmək mümkün deyil:

“Terror mahiyyət etibarilə hər zaman siyasi hakimiyyəti və cəmiyyəti
qorxutmaq, nələrdənsə çəkindirmək niyyəti ilə törədilir. Müasir dövrdə sadəcə
Azərbaycanda deyil, qonşu Türkiyədə də oxşar terror aktları baş verir. Lakin
terror heç zaman bu formada öz məqsədinə çata bilməz. Əgər terror öz məqsədinə
çatsaydı, o zaman hər kəs tərəfindən bir vasitə kimi düşünülərdi. Tam əksinə,
bu kimi yanaşmalar həm dövlətin immunitetini gücləndirir, sistemli önləyici
tədbirlər almasını sürətləndirir, cəmiyyət-dövlət münasibətlərini inkişaf
etdirir, həm də insanların qəzəbini tətikləyir. Bu baxımdan terror insanlığa,
bəşəriyyətə qarşı ən mənfur aksiyadır. Ümumən terror nəticəsiz aksiyadır, heç
zaman hədəfinə çata bilməz”.

Source link