5f0034a9-c5ec-4853-b87b-bd0c19386c39..jpg

Mərkəzi Bank faiz dərəcəsini davamlı endirəcəkmi?

Baxış sayı: 560 dəfə baxılıb.

Mərkəzi Bank faiz dərəcəsini davamlı endirəcəkmi?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır…

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən uçot dərəcəsi 18
dekabr 2020-ci ildən sonra ilk dəfə olaraq bu ayın ikisindən etibarən
azaldıldı. Yəni təxminən, üç illik fasilədən sonra…

2021-ci ilin oktyabrın 17-dən bunun ardıcıl olaraq yüksəldilməsi haqqında
qərarlar qəbul edilirdi. Belə ki, 6,25%-dən 9%-dək qaldırılmışdı, bu ilin mayın
4-dən isə 9% edilmişdi.

Bu rəqəm 8,5 %-ə endirilib.

Sual oluna bilər, sözügedən rəqəm pandemiya dövründə, yəni 2020-ci ildə niyə
azaldılırdı və 2021-ci ilin oktyabrından niyə artırılmağa başlandı?

Cavab budur ki, pandemiya ilində işgüzar aktivliyi artırmaq, iqtisadi artımın
zəifləməsinin qarşısını almaq, real sektoru maliyyələşdirməyi dəstəkləmək tələb
olunurdusa, 2021-ci ildən bərpa prosesinin start götürməsi ilə kəskin
inflyasiya və bahalaşma prosesinin başlanması sərt pul-kredit siyasətinə
keçməyi zərurətə çevirdi.

Və bu da, təkcə bizim üçün deyil, bütün dünya ölkələri üçün xarakterik
xüsusiyyət kəsb etdi. Hədəf isə ondan ibarət oldu ki, inflyasiya və bahalaşma
prosesinin qarşısı alınsın, sürətlə artmaqda olan tələbi tənzimləmək və təklifi
nizamlamaq mümkün olsun.

AMB-nin sözügedən qərara dair açıqlamasında da qeyd olunub ki, uçot
dərəcəsinin salınması inflyasiyaya təsir edən xarici və daxili amillərin
dəyişməsi, həmçinin valyuta bazarında təklifin tələbi üstələməsi sayəsində
qərara alınıb.

Yəni, illik inflyasiya tempi azalmaqda davam etdiyindən bu addımı atmaq vacib
sayılıb. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%)
olmaqla 5,1%-ə düşüb.

İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış analoji
göstərici (15,6%) ilə müqayisədə 3 dəfədən çox aşağı olub ki, illik baza
inflyasiyasının tempi də azalaraq sentyabrda 5,2% təşkil edib.

Bəli, bu il sözügedən tendensiya nisbətən səngiyib. Lakin o qədər də deyil.
Ərzaq inflyasiyası yenə ikirəqəmli səviyyədədir. 2023-cü ilin sentyabrında
istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 0,3% artsa da, bütövlükdə
yanvar-sentyabr ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9%
təşkil edib.

Ərzaq məhsulları üzrə sözügedən rəqəm isə 12,4%-ə bərabər olub. Yəni, fakt
bundan ibarətdir ki, inflyasiya əslində, yenə ikirəqəmli səviyyədədir.
Ümumiyyətlə, qeyd olunan prosesin səngiməsi bizdə ilk dəfə olaraq bu ilin may
ayından etibarən özünü göstərməyə başladı ki, dünyada isə bu, il başlanandan
büruzə verirdi.

AMB-nin açıqlamasında illik inflyasiya dinamikasının xarici amillərin və
həyata keçirilən antiinflyasiya tədbirlərinin təsirləri nəticəsində azaldığı
bildirilir.

Dünya əmtəə, xüsusən də ərzaq məhsulları üzrə qiymətlərin azalması, beynəlxalq
daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, o cümlədən
ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv
məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib.

Odur ki, 2023-cü ildə ölkədə orta illik inflyasiyanın 9,5% səviyyəsində
olacağı proqnoz edilir. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə isə,
2024-cü ildə bu göstərici 5,3% həddə olacaq.

Daha doğrusu olmalıdır.

Ancaq, bu belədirmi və yaxud belə olacaqmı?

Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi sentyabrda illik
əsasda 19,8%, o cümlədən enerji qiymətləri üzrə 25,6%, qeyri-enerji qiymətləri
üzrə 3,9% enib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq
qiymətləri indeksi sentyabrda illik əsasda 10,7% azalıb.

Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal
effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21,6% möhkəmlənib. Qeyd olunan amil
idxal inflyasiyanın məhdudlaşdırılmasında xüsusi rol oynayıb.

Çox yaxşı…

Lakin, hazırda enerjidaşıyıcılarının qiymətləri yenidən qalxmağa meyl edir. Bu
isə o deməkdir ki, bahalaşma və inflyasiya tempi yenə vüsət ala bilər. Söhbət,
istehlak malları üzrə xarici bazarlardan gedir.

Bu isə ölkəmizə təsir etməyə bilməz.

Odur ki, bahalaşma və inflyasiya tempinin rəqəmlər üzrə səngiməkdə davam
etməsi nisbi xarakter daşıyır. Və bu dayanıqlı xarakter daşımasa, daxili
istehlak bazarında adekvat reaksiya əldə olunmayacaq.

Ona görə də AMB-nin uçot dərəcəsini endirməsi qurumun açıqlamasında qeyd
olunduğu kimi, gözlənilən inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş
makroiqtisadi proqnozlar nəzərə alınaraq həyata keçiriləcək.

Bu, davamlı xarakter də daşıya bilər, daşımaya da bilər.

Bu yazının müəllifi olaraq şəxsən mən, qarşıda ümumən dünya üzrə qiymətlərdə
sabitlik olacağını gözləmirəm. Ölkə iqtisadiyyatının inkişafı baxımından isə,
yerli istehsal və bu sahədə çalışan işgüzar aktivlik dəstək istəyir.

Odur ki, AMB inflyasiya ilə mübarizə aparmaqla yanaşı, istər-istəməz bunun da
qayğısına qalmaq məcburiyyətindədir.

Source link