Mahir Məmmədov: İnanıram ki, “ShamkirChess”də heç-heçələrin sayı az olacaq

Baxış sayı: 2. 773 dəfə baxılıb.

Mahir Məmmədov: İnanıram ki, “ShamkirChess”də heç-heçələrin sayı az olacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, açılış mərasimindən öncə Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

“Sevindirici haldır ki, artıq altıncı dəfə bu turniri keçiririk. Bu, gözəl ənənədir. Bu turnirin ən gözəl məqamı Azərbaycanın ən gözəl guşələrindən birində keçirilməsidir. Daha bir ənənə turnirin ən yüksək kateqoriyaya və ən çox heyətə malik olmasıdır. Yaxınlarda öz dünya çempionluğu titulunu qoruyan Maqnus Karlsen dördüncü dəfə bu turnirdə iştirak etməyə gəlib. Karlsenin bura gəlməsi bu turnirin dünya şahmatsevərləri tərəfindən izlənməsinə səbəb olacaq. XXII kateqoriya ən yüksəkdir və şahmatda bundan yüksəyi ola bilməz. İnanıram ki, heç-heçələrin sayı az və maraqlı partiyaların sayı çox olacaq. Ümid edirəm ki, Azərbaycanlı şahmatçılardan biri bu turnirin qalibi adını qazanacaq.

Sofiya sistemində 30 və ya 40-cı gedişə qədər şahmatçıların heç-heçə təklif etməməsi nəzərdə tutulur. Ümumdünya Şahmat Federasiyasına yeni rəhbərliyin gəlişi ilə bütün bu yeniliklər müzakirə edilir. İstəyirik ki, heç-heçə sövdələşmələri şahmat taxtasından götürülsün. Ola bilsin ki, növbəti turnirdə biz bu sistemi tətbiq edəcəyik”.

Qeyd edək ki, bu turnirdə Maqnus Karlsen (Norveç, 2845), Dinq Liren (Çin, 2812), Aniş Qiri (Niderland, 2797), Vişvanatan Anand (Hindistan, 2779), Aleksandr Qrişuk (Rusiya, 2771), Sergey Karyakin (Rusiya, 2753), Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739), eləcə də azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov (2790) və Teymur Rəcəbov (2756) mübarizə aparacaq. Doqquz turdan ibarət turnirin ilk görüşləri sabah saat 15:00-dan etibarən başlayacaq.

Səbuhi MUSAYEV