4af57739-8003-4701-87b4-924eef66f8d4..jpg

Makron Vaşinqtonu da qəzəbləndirdi – ŞƏRH + FOTO

Baxış sayı: 550 dəfə baxılıb.

Makron Vaşinqtonu da qəzəbləndirdi – ŞƏRH + FOTO

Tayvan məsələsi ilə bağlı ABŞ-Çin qarşıdurması böyüyür. Fransa Prezidenti
Emmanuel Makronun Pekinə səfəri zamanı Avropanın Vaşinqtona dəstək
verməyəcəyinə eyham vurması siyasi gərginliyi daha da artırıb. Artıq
Vaşinqtonda Makrona qarşı hiddət özünü göstərir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayan gündən Birləşmiş Ştatlar
transatlantik alyansın birliyini qoruyub-saxlaya bilib. Lakin sual olunur:
görəsən, son günlərin ən aktual mövzusu olan Çinin Tayvana mümkün hərbi
müdaxiləsi zamanı eyni hal təkrarlanacaqmı? ABŞ Çinə qarşı koalisiya
formalaşdıra biləcəkmi?

Əksər müşahidəçilərin gəldiyi yekun mövqe ondan ibarətdir ki, Vaşinqton üçün
bu, çox çətin olacaq. Söhbət ilk növbədə Avropa İttifaqına daxil olan
ölkələrdən gedir. Məsələ ondadır ki, onların əksəriyyəti Çin Xalq Respublikası
ilə münasibətləri nəinki kəsmək, hətta pisləşdirmək niyyətində belə deyil.
Avropa Çinin ən mühüm ticarət və siyasi tərəfdaşıdır. Əgər Aİ ABŞ-nin Pekinə,
xüsusən də Tayvan məsələsinə dair güc siyasətini qeyd-şərtsiz dəstəkləsə,
onların qarşılıqlı fəaliyyəti qarşıdurmaya doğru dəyişə bilər. Lakin Fransa
Prezidenti Emmanuel Makronun Çinə səfəri göstərir ki, Aİ qarışmamaq siyasəti
yürüdəcək. Bu da okeanın o tayında birmənalı qarşılanmayıb.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Makronun qalmaqallı Çin turnesi

Çinə səfərindən sonra “Le Echos” qəzetinə müsahibəsində Makron bildirib ki,
Fransa dolların hegemonluğundan narazıdır və Avropaya rəhbərlik edilməməlidir.
Həddindən artıq sərt reaksiya Tayvan məsələsində olub. Amerikalı siyasətçi,
respublikaçı senator Marko Rubio deyib ki, “o zaman Avropa və Ukraynanın
problemləri ilə özünüz məşğul olun, biz də Çin və Tayvanla məşğul olacağıq”.

Fransa liderinin Avropanın Tayvan məsələsində ABŞ-nin “ardınca getməməli”
sözləri, onun Çin lideri ilə yan-yana dayandığı fotolar və hər hansı məsələdə
Pekini tənqid etməməsi də hiddətə səbəb olub. Çinin Makronun səfərindən bir
neçə saat sonra “Tayvanı mühasirəyə almaq” üçün genişmiqyaslı təlimlərə
başlaması Fransa dövlət başçısına qarşı reaksiyaları artıran amillərdəndir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də Emmanuel Makronla eyni
vaxtda Çinə səfər etməsi İngiltərənin keçmiş baş naziri Liz Trass tərəfindən
“zəiflik əlaməti” kimi qiymətləndirilib.

Çinin Avropanın strateji muxtariyyət konsepsiyasına tez-tez istinad etməsi
transatlantik alyans daxilində parçalanmaları qızışdırmaq cəhdi kimi görünür.
Çin Ukrayna münaqişəsində Rusiyaya passiv dəstək verməklə Avropada Makron kimi
düşünən və xüsusilə Tayvan məsələsində ABŞ-ni təcrid edənləri özünə cəlb etməyə
çalışır.

Bəzi analitiklər avropalı siyasətçilərin Çinə səfərlərinin Aİ və ABŞ arasında
parçalanmanın olduğuna dəlalət etdiyini, digərləri isə Makronun dollar və
Tayvanla bağlı açıqlamalarının ritorikadan başqa bir şey olmadığını düşünürlər.

İki il sonra ABŞ-Çin müharibəsi başlayacaq?

Maraqlıdır ki, ABŞ-nin müxtəlif dairələri Çinlə müharibə ssenarisini real
hesab edirlər. Bunun 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var.
Respublikaçı konqresmenlər hazırkı Prezident Co Baydeni Çinlə müharibə aparmaq
üçün zəif lider kimi dəyərləndirir və onun Pekinlə yumşaq davrandığını
düşünürlər. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür
ehtimalları təxribat kimi qiymətləndirirlər.

Mühüm olan odur ki, 2024-cü ildə ABŞ-də və Tayvanda prezident seçkiləri
keçiriləcək. Vaşinqtonda bəziləri Çin liderinin yaranan boşluqdan təzyiqi
artırmaq üçün istifadə etməyə çalışacağı qənaətindədirlər. ABŞ-də seçki
kampaniyası və andiçmə mərasimi zaman alacaq. Yeni prezident fəaliyyətə
başlayana qədər Pekin Tayvanla bağlı qəti addımlar atacaq. Çinli ekspertlər
Vaşinqtondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən
gərginləşdirdiklərini bildiriblər.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə
başlayacağı haqqında Vaşinqtonda səslənən fikirləri qəti şəkildə rədd edib.

70 illik düşmənçiliyin tarixçəsi

Çin, Tayvan və onun müttəfiqi ABŞ arasındakı münasibətlərdə gərginlik daim
alovlanmağa meyilli olması ilə seçilib və 70 ildən çoxdur ki, davam etməkdədir.
Pekin Tayvanı gec-tez Çinin tərkibinə qayıtmalı olan separatçı əyalət hesab
edir. Amma 70 illik ayrılıqdan sonra tayvanlıların çoxu özlərini ayrıca bir
xalq, öz adalarını isə ayrı ölkə hesab edir. Tayvan hələ müstəqilliyini elan
etməsə də, özünü nəhəng Çinin qanuni varisi hesab edir. Tayvandakı dövlət
quruluşu ilə bağlı fikir ayrılıqları və çaşqınlıq var. Adanın öz
konstitusiyası, demokratik yolla seçilmiş liderləri və təxminən 300 min
nəfərlik ordusu var. Çin Tayvana “bir ölkə, iki sistem” variantını təklif edir.
Vəd edir ki, Tayvan yenidən birləşməyə razılıq verərsə, muxtariyyəti
saxlanacaq. Tayvan təklifi rədd edir. Pekin və Taybey prinsipial siyasi
məsələdə razılığa gələ bilməsələr də, son onilliklərdə iqtisadi əlaqələri
genişlənib və möhkəmlənib.

Taybeyin rəsmi məlumatlarına görə, 1991-ci ildən 2021-ci il may ayının sonuna
qədər Tayvanın Çinə investisiyası 194 milyard dollar təşkil edib. Bəzi
tayvanlılar ölkə iqtisadiyyatının Çindən asılı vəziyyətə düşməsindən
narahatdırlar. Amma digərləri hesab edirlər ki, daha sıx iqtisadi əlaqələr
Çinin Tayvana hücum etməsi ehtimalını azaldır.

2014-cü ildə Çin və Tayvan “iki ölkə arasında ticarət razılaşması”
imzalayıblar. Bu, Tayvanda etirazçı “Günəbaxanlar hərəkatı”nın yaranmasına
səbəb olub. Çinin təsirinin artması potensialına etiraz edən hərəkat üzvləri,
tələbələr və fəallar müvəqqəti olaraq Tayvan parlamentini ələ keçirə biliblər.
Tayvanın hakim Demokratik Tərəqqi Partiyası hələ də adanın müstəqilliyinin
tərəfdarıdır. Son rəy sorğuları isə göstərir ki, Tayvan əhalisinin əhəmiyyətli
hissəsi suverenliyi dəstəkləyir.

Source link