b9226a57-19c4-47ee-b4ee-7ac515f89bd1..jpg

MDB məkanında yeganə quyu: SOCAR tədqiqat işlərini necə aparır? – REPORTAJ + FOTO

Baxış sayı: 506 dəfə baxılıb.

MDB məkanında yeganə quyu: SOCAR tədqiqat işlərini necə aparır? – REPORTAJ +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya
İdarəsinin “Mədəngeofizika” İstehsalat Bölümünün ərazisində 2007-ci ildə 252
metr dərinlikdə qazılan və təyinatı, əsasən, cihazların yoxlanılması, metroloji
parametrlərinin tənzimlənməsi funksiyalarını icra edən təcrübə sınaq quyusu
fəaliyyət göstərir.

Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında neft-qaz hasilatı aparılan
respublikaların çoxunda bu tip sınaq quyuları olsa da, 252 metr dərinlikdə və
bütün imitatorlarla təmin olunmuş yeganə quyu bizim ölkədə, GGİ-nin
“Mədəngeofizika” İstehsal Bölümünün ərazisində yerləşir.

Ümumiyyətlə, müəssisədə cihazların dövri və işdən öncə yoxlanılması mütləq
şəkildə əvvəlcə bu quyuda aparılır, metroloji parametrlərinin nominal qiymətlər
çərçivəsində olduğuna əmin olduqdan sonra sahələrə göndərilir.

Uyğunsuzluq olan hallarda cihazlar İstehsalata Xidmət Bazasına göndərilərək
qüsurlar müəyyənləşdirilir, müvafiq təmir strategiyası və səviyyələrinə uyğun
cihazlara texniki qulluq edilir.

Cixisyolu.com-ın əməkdaşları təcrübə sınaq quyusu və neft-qaz yataqlarında kompleks
mədən-geofiziki tədqiqat işləri, qazmaya geoloji-texnoloji nəzarət, qazma vaxtı
ölçü və karotaj, eləcə də, perforasiya-atma işlərinin yerinə yetirilməsi barədə
ətraflı məlumat almaq üçün SOCAR-ın Geofizika və Geologiya İdarəsinin
“Mədəngeofizika” İstehsalat Bölümündə olublar.

Öncə idarənin əməkdaşları tərəfindən ziyarətçilər üçün giriş təlimatı
keçirilir. Bu zaman idarədə həyəcan siqnalı verilərsə, təxliyə planına uyğun
toplanış məntəqəsi, qoruyucu vasitələrdən istifadə qaydası, qırmızı zona və
sair barədə məlumat aldıqdan sonra idarəyə daxil oluruq.

Geofizika və Geologiya İdarəsi rəisinin geofizika və geologiya üzrə müavini
Akif Əhmədov deyir ki, təcrübə sınaq quyusu “Mədəngeofizika” İB-nin istehsalat
sahəsində yerləşir və bu quyuda kəsiliş boyu müxtəlif fiziki parametrlərə malik
imitatorlar yerləşdirilib.

O bildirir ki, mühəndis-geofiziklər quru və ya dənizdə hansısa sifarişlər
əsasında quyuda tədqiqat işlərinə getməyə hazırlaşırlarsa, əvvəlcə müvafiq
cihazlarla ölçü işləri bu quyuda aparılır, məlumatlar “las” və “pdf” formatda
mədən-geofiziki materialların emalı və interpretasiyası ekspedisiyasına
göndərilir:

“Məqsəd etalon fiziki parametrlərə malik imitatorlar qarşısında cihazlardan
alınan məlumatların dəqiqliyi, keyfiyyəti və metroloji parametrlərin
düzgünlüyünə əmin olmaqdır. MGMEİE və istehsalata xidmət bazasının
mütəxəssisləri cihazlarla alınmış məlumatlara dair müsbət rəy verərlərsə, bu
zaman cihazlar tədqiqat üçün yararlı hesab oluna bilər”.

A.Əhmədovun sözlərinə görə, neft sənayesinin əsas aparıcı sahələrində, istər
yeni yataqların axtarışı və kəşfiyyatında, istərsə də mövcud yataqların
işlənməsində əsas geoloji-hidrodinamiki informasiya bazası məhz geofiziki
tədqiqatlar vasitəsilə yaradılır:

“Geofiziki tədqiqatların əsas məqsədi neftli-qazlı rayonların dərinlik geoloji
quruluşunun öyrənilməsindən, müxtəlif tipli strukturların kəşfiyyat qazması
üçün hazırlanmasından, qazmaya geoloji-texnoloji nəzarətdən, ehtiyatların
hesablanma parametrlərinin müəyyənləşdirilməsindən, neftli-qazlı obyektlərin
perforasiyasından, yataqların işlənməsinə geofiziki nəzarətdən, müxtəlif
təyinatlı mühəndis-geoloji tədqiqatların aparılmasından ibarətdir.

2023-cü ilin səkkiz ayı ərzində bölüm tərəfindən qazmada və istismarda olan
neft-qaz quyularında quyu geofiziki tədqiqat, yataqların işlənməsinə geofiziki
üsullarla nəzarət, perforasiya-atma, geoloji-texnoloji nəzarət və qaz-karotaj,
qazma vaxtı karotaj işləri SOCAR-ın idarə və təşkilatlarının – “Azneft”
İstehsalat Birliyi, “Kompleks Qazma İşləri” tresti, Azərbaycanda fəaliyyət
göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin sifarişlərinə əsasən,
dənizdə 12 sahədə – Bulla-dəniz, Günəşli, Neft Daşları, Pirallahı, Darvin
Bankəsi, Qərbi Abşeron və sair, quruda isə 30 sahədə – Sədan, Zağlı Zeyvə,
Qalmaz, Lökbatan, Puta, Buzovna-Maştağa, Qaradağ, Qala, Hövsan, Balaxanı,
Suraxanı, Ramana, Binəqədi, Kürovdağ, Neftçala və digər yerlərdə yerinə
yetirilib”.

Həmsöhbətim deyir ki, yerinə yetirilmiş sifarişlərin sayı 4 995-dən çox olub:

“Hesabat dövründə 29-a yaxın quyuda qazmaya geoloji-texnoloji nəzarət və
qaz-karotaj işləri, eləcə də 38 quyuda qazma vaxtı ölçü və karotaj işləri
yerinə yetirilib. Görülən mədən-geofiziki tədbirlər nominal yüksək təzyiqə
malik yataqlar daxil olmaqla həm dəniz, həm də quru yataqlarını əhatə edir.

Yataqların işlənməsinə geofiziki üsullarla nəzarət məqsədilə müxtəlif
sahələrdə sifariş əsasında 30 quyuda İNNK (impuls-neytron-neytron karotaj)
işləri aparılıb. “Mədəngeofizika” İB tərəfindən respublikada neft-qaz
fəaliyyəti göstərən 14-dən çox əməliyyat şirkətinin sifarişi yerinə yetirilir
və quyularda kompleks tədqiqat işləri həyata keçirilir.

Bugünkü rəqəmlərə görə, 2023-cü ilin indiyədək olan dövrü ərzində aparılmış
quyu geofiziki tədqiqat işləri nəticəsində 2 255-dən çox layın sənaye
əhəmiyyətli neftli-qazlılığı müəyyən edilib və 709 quyuda perforasiya işləri
yerinə yetirilib. Bizim təcrübəli və yüksəkixtisaslı mütəxəssislərimiz var və
quyuları tədqiq edən zaman ilk növbədə qarşımızda duran əsas vəzifə layların
məhsuldarlığını müəyyən etməkdir.

Əməkdaşlarımızın qiymətləndirdiyi laylar 95-98 faiz özünü doğruldur. Bu,
Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərin göstəricilərini
üstələyir. Təcrübəli əməkdaşlarla yanaşı, yataqlar üzrə məlumat bazasının geniş
olması yataqlar üzrə alınan məlumatların əlaqəli təhlili, verilən rəylərin
dəqiqlik əmsalını bir qədər də artırmış olur.

Hazırda Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynayan geofiziki
tədqiqat işlərinin dünyanın aparıcı servis şirkətləri ilə rəqabət apara biləcək
səviyyəyə çatdırılması və yüksək nailiyyətlər əldə edilməsi üçün əlverişli
zəmin yaranıb. Son illərdə “Mədəngeofizika” İB maddi-texniki bazası əsaslı
dərəcədə yenilənib, istehsalata yüksək texniki göstəricilərə malik PLT, RBT,
MFC, MTD, GYRO, SNT, DEC, WARRIOR və digər bu tipli cihaz və avadanlıqlar daxil
edilib. Əməkdaşlar yeni yataqların axtarışı və kəşfi, eləcə də aşkar olunmuş
yataqların işlənməsi istiqamətində fədakarlıqla çalışırlar”.

A.Əhmədov əlavə edir ki, perforasiya işləri üçün yerinə yetirilən
partlayış-atma işlərinin keyfiyyətini daha da artırmaq məqsədilə maddi-texniki
bazanın yaxşılaşdırılması istiqamətində işlər görülüb, təmsil etdiyi qurum
respublikada minimum 40 mm-dən maksimum 114 mm-lik diapazonda partlayış-atma
işlərini yerinə yetirə bilən yeganə təşkilatdır:

“Minimal diametrli perforatorlar xüsusi sifariş əsasında hazırlanıb və
istifadəmizə daxil edilib. Hazırda yüksəktəzyiqli Bulla-dəniz yatağında
istifadəmizdə olan perforatorlar uğurla tətbiq edilməkdədir”.

Bütün bunlarla yanaşı, Geofizika və Geologiya İdarəsində xarici ölkələrdə
mədən-geofizika və kəşfiyyat-geofizika sahələrində tenderdə iştirak etmək üçün
işlər aparılır. Bu yaxında idarənin mütəxəssisləri Özbəkistandan qayıdıblar.

Özbəkistanlı mütəxəssislərlə təcrübə mübadiləsi aparılıb, onlara tədqiqat
işlərində köməklik edilib, gələcək əməkdaşlıqların məqsədləri müəyyənləşdirilib.

“bp” şirkəti ilə birgə tədqiqatların aparılması üzrə üçillik müqavilə
imzalanıb və işçi qrup yaradılıb. Eyni zamanda, Qobustan sahəsində aparılması
planlaşdırılan pilot 2D regional seysmik tədqiqat işləri üçün hazırlıq işlərinə
başlanılıb.

Geofizika və Geologiya İdarəsi tərəfindən aparılan bütün işlərdə ətraf mühitin
mühafizəsi məsələlərinə üstünlük verilib və işlərin beynəlxalq standartların,
konvensiyaların norma və qaydalarının, Azərbaycan Respublikasının qanunlarının
və SOCAR-ın daxili normativ sənədlərinin tələblərinə uyğun təşkil olunması
təmin edilib.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Source link