Mikayıl Cabbarov: Vergi xidmətində peşəkar kadrlara üstünlük veriləcək

Mikayıl Cabbarov: Vergi xidmətində peşəkar kadrlara üstünlük veriləcək

Baxış sayı: 9. 101 dəfə baxılıb.

Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən ÇıxışYolu.Com-ya verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərə toxunub.

Qeyd olunub ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti  sahibkarlığın inkişafına dəstək verməlidir. Bu xüsusda vergi orqanlarının əməkdaşlarına olan tələblər daha da artır.

Vergi sisteminin ən əsas dəyərinin zəngin maddi-texniki baza, müasir İT texnologiyalarına əsaslanan iş üsullarına malik olması deyil, bu sistemdə çalışan insanlar olduğunu ön plana çəkən nazir vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcəyini, insan resurslarının inkişaf etdirilməsi üçün addımlar atılacağını, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejiminin təmin ediləcəyini vurğulayıb.

Vergi əməkdaşlarından yüksək peşəkarlığın, işgüzar etikanın, vergi ödəyicisinə yanaşmada öz məsuliyyətini dərk etmələrinin tələb olunduğunu qeyd edən vergilər naziri bütövlükdə vergi sisteminə qarşı hörmət və inamın artırılması üçün çox çalışmaq lazım gəldiyini, güclü dövlətin vətəndaşı və qulluqçusu olmağın digər üstünlüklər əldə etməkdən daha vacib və şərəfli olduğunu bildirib.

M.Cabbarov bildirib ki, vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanmalıdır:

“İlk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasınn bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsini təmin etmək lazımdır”.

Nazir qeyd olunan məsələlərlə bağlı yerlərdə görüşlər keçirilməsi və onların mahiyyətinin vergi ödəyicilərinə çatdırılması barədə tapşırıq verib.

.
www.ÇıxışYolu.Com