ff664df4-5cee-4b0b-a942-8a7adf30ce7c..jpg

Mikayıl Cabbarov: “Vergilərin 80%-dən çoxu özəl sektorun payına düşür”

Baxış sayı: 690 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Vergilərin 80%-dən çoxu özəl sektorun payına düşür”

“Azərbaycanda yığılan vergilərin 80%-dən çoxu özəl sektorun payına düşür”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
(ASK) təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığının
inkişafı” mövzusunda konfransa videomüraciətində bildirib.

“Dayanıqlı inkişaf edən Azərbaycanda özəl sektorun güclənməsi sosial-iqtisadi
inkişaf strategiyasının daim mərkəzindədir və bu sahədə sistemli işlər həyata
keçirilir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82% artıb və 15,5
milyard manat təşkil edib. Bu, müstəqilliyimiz dövründə mütləq rekord
məbləğdir. Hökumətin müəyyən etdiyi bir sıra fiskal imtiyazlar və güzəştlər
fonunda belə nəticələrin əldə edilməsi müsbət haldır. Bu, bizim doğru yolda
olduğumuzu, biznes ictimaiyyəti ilə qarşılıqlı etimad və inamın formalaşdığını,
iqtisadi sferada qazanılmış uğurların miqyasını və əhatəsini əyani şəkildə
göstərir”, – deyə o qeyd edib.

“Azərbaycan iqtisadiyyatının inkişafında müsbət meyillər getdikcə artır.
2022-ci ildə ölkənin ümumi daxili məhsulun (ÜDM) dəyəri 4,6% artaraq 133,8
milyard manat, o cümlədən qeyri-neft-qaz sektorunda 9,1% artaraq 69,8 milyard
manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra
sahələrdə əhəmiyyətli artım qeydə alınıb. 2022-ci il ərzində xarici ticarət
dövriyyəmizin dəyəri 55%-dən çox artıb və 52,6 milyard ABŞ dolları, o cümlədən
ixracımızın dəyəri 71,8% artaraq 38 milyard ABŞ dollarından çox olub.
İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi
istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracının dəyəri
12,3% artaraq üç milyard ABŞ dollarından çox olub.

Lakin bu gün mürəkkəb və volatil mühitdə yaşayırıq. Buna baxmayaraq,
ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımın 2022-26-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası üzrə təmin edilməsini hədəfləyirik.
Davamlı artım drayverlərinin fəallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi,
işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına sürətlə
reinteqrasiyası rəqabətqabiliyyətli iqtisadi artımı şərtləndirəcək. Bu prosesdə
rəqəmsal ekosistemin, sahibkarlıq mühitinin, insan kapitalının inkişafı kimi
məsələlər də diqqət mərkəzində olmalıdır. O cümlədən, dövlət dəstək
mexanizmlərinin təkmilləşdirilməsi, yeni alətlərin tətbiqi sahibkarlığın
inkişafına yeni töhfələr verəcək. Sənaye zonalarının rezidentlərinin sayının
artması, biznesin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi,
yeni fiskal güzəştlər, ixrac və investisiyaların təşviqi üçün imtiyazlar və
digər məsələlər bu baxımdan xüsusilə qeyd edilməlidir”, – deyə nazir əlavə edib.

Source link