a704bcd1-b4ef-49db-9570-860f74c5efeb..jpg

Mixail Hessin etiraz məktubu: Almaniya KİV-də Qarabağ haqqında yanlış terminologiya əfsanəsi kök salıb – FOTO

Baxış sayı: 401 dəfə baxılıb.

Mixail Hessin etiraz məktubu: Almaniya KİV-də Qarabağ haqqında yanlış
terminologiya əfsanəsi kök salıb – FOTO

Almaniyanın həftəlik “Die ZEİT” qəzeti həmmüəllifləri Alise Bota və Maria
Mitrov olan “Dünyanın unutduğu: Dağlıq Qarabağ” adlı məqalə nəşr edib.

“Report” xəbər verir ki, yoxlanılmamış məlumatlar, yanlış terminologiya,
Azərbaycana və onun rəhbərliyinə qarşı əsassız və ədalətsiz ittihamların yer
aldığı məqalə birtərəfli olaraq Ermənistanın və erməni separatçıların
mövqeyindən yazılıb.

Məqalədə iddia olunur ki, “Bir aydır Azərbaycan Dağlıq Qarabağı əsl aclığa
məruz qoyub. Hamilələr müayinə olunmadığından qüsurlu doğulanların statistikası
artıb, sahibləri özlərinin yeməyi olmadığından hətta itlərini və pişiklərini
küçəyə atıblar”.

Müəlliflər canfəşanlıq göstərərək qış aylarında nə vaxtsa, haradasa, hansısa
müəllimənin qış paltosunda çəkilmiş şəklini də avqust ayında nəşr olunan
məqaləyə əlavə ediblər ki, guya “Azərbaycan Artsaxın yeganə qaz kəmərini
blokadaya aldığından məktblərdə sobaları odunla isidirlər?!” Hətta onlar baş
verənləri yerli sakinlərlə söhbət əsasında “soyqırım, genosid və etnik
təmizləmə” adlandırmağa qədər həyasızlığa əl atıblar.

Almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı, “Şuşanın irsi”
kitabının müəllifi Mixael Raynhard Hess “Die Zeit” qəzetinin redaksiyasına
müfəssəl və əsaslandırılmış etiraz məktubu göndərib və onu özünün feysbuk
səhifəsində paylaşıb.
Hess yazır ki, məqalənin elə ilk cümləsində “Dağlıq Qarabağ anklavı” sözünün
işlədilməsi məqalənin hansı mövqedən yazıldığını açıqlayır: “Qarabağ bütün
hissələri, o cümlədən dağlıq hissəsi ilə Azərbaycan dövlətinin ərazisidir.
Hətta erməni separatçıların qondarma qurumunun sponsoru Ermənistanın da heç
vaxt anklav kimi qəbul etmədiyi ərazini necə anklav adlandırmaq olar?! “Dağlıq
Qarabağ anklavı” əfsanəsinin hansı mənbədən götürüldüyü məlum deyil. Amma
bundan, “Spiegel” də daxil olmaqla, Almaniyanın bütün aparıcı media subyektləri
istifadə edir. Maraqlı tərəflərdən birinin yoxlanılmamış məlumatlarını necə
yaymaq olar?”

O, alman mətbuatında kök salmış digər bir neqativ praktikanı, özünün müşahidə
və mütaliəsi sayəsində, sərt qınayıb:

“4 ildir aparıcı alman KİV-lərində praktiki olaraq bir dənə də məqalə nəşr
edilməyib ki, orada ermənilərin və hətta vaxtaşırı separatçıların da mövqeyi
ilə yanaşı Azərbaycanın da baxışlarına yer verilsin”. Müəlliflər sosial mediaya
bir neçə dəqiqəlik nəzər salsaydılar görərdilər ki, “Ermənistanın təcavüzü və
işğalı nəticəsində azərbaycanlılar mal və mülkünü, sağlamlığını necə
itirmişlər. 30 illik didərgin həyatından sonra 44 günlük müharibə nəticəsində
bir hissəsi azad edilmiş Qarabağa qayıdanlar erməni təcavüzkarların dağıdıcılıq
fəaliyyətinin kədərli qalıqları ilə üzləşirlər”.

Hess məqalədəki “bu arada artıq tamamilə ermənilərin məskunlaşdığı anklav”
fikrini, müəlliflərə 1989-cu il əhali statiskasını xatırlatmaqla tənqid edib:

“O vaxtkı Dağlıq Qarabağ muxtar vilayətinin əhasilinin 21 faizi, 40 000 nəfəri
azərbaycanlılar olub və onlar təbii ki, göyə çıxmayıb. Ermənistanın təcavüzü və
zor tətbiqi nəticəsində öz evlərindən qovulublar. Azərbaycanlıların üzləşdiyi
bu məşəqqət barədə isə müəlliflər heç nə demir. 1992-ci ilin 25-26 fevralında
Ermənistanın sonradan müdafiə naziri və prezidenti olmuş Serj Sarkisyanın
komandanlığı altında bir gecədə 613 günahsız azərbaycanlı mülki şəxs amansız
şəkildə qətlə yetirildi və mülki əhaliyə qarşı kütləvi qırğın törədilməklə ən
ağır müharibə cinayəti baş verdi. Yerinə düşər ki, Xocalı ilə İrpində və Buçada
baş verənlər arasında paralellər aparılsın”.

Hazırda separatçıların əlində olan ərazilərdə Azərbaycanın dövlət nəzarəti tam
bərqərar olduqdan sonra yerli erməni əhalinin təhlükəsizliyinə Azərbaycan
vətəndaşı kimi zəmanət verilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ictimai
şəkildə bəyan edib. Azərbaycanın seperatçıların məskunlaşdığı ərazilərdən kənar
digər yerlərində də hazırda onminlərlə erməni yaşayır, öz dilində danışır, öz
mədəniyyətini inkişaf etdirir. Əgər Azərbaycanın niyyəti erməniləri qovub
çıxartmaq olsaydı, onminlərlə eməni indiyə qədər necə yaşaya bilərdi?! Amma tam
əksinə, Ermənistan tarixən orada yaşayan azərbaycanlıları 1987-ci ildə tam
şəkildə qovduqdan sonra homogen dövlətə çevrilib. Hazırda baş verənlərin
ermənilərə qarşı etnik təmizləmə ilə heç bir əlaqəsi yoxdur, söhbət əlində
silah Azərbaycana qarşı çıxanların Azərbaycan qanunlarına, yaşadıqları dövlətin
qanunlarına tabe etdirilməsindən gedir”.

Hess müəlliflərə məqalədə yol verdikləri boşluqlara və ziddiyyətlərə də diqqət
yetirməyi tövsiyə edib:

“Siz yazırsınız ki, dekabr ayından blokada başladı, sonra da etiraf edirsiniz
ki, Rusiya sülhməramlıları və Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri
humanitar yardım gətirir, xəstələri daşıyır. Blokadaya alınmış yolda bunlar
necə baş verə bilər? 23 aprel tarixində Azərbaycanın Ermənistanla dövlət
sərhədində, öz ərazisində sərhəd məntəqəsi qurması separatçıların nəzarətində
olan ərazilərə silah və qaçaqmalçılıqla yük daşınmasının qarşısını almaq
məqsədi ilə edilib. Libération/AFP və digər neytral mənbələrlə tanış olmaqla
Azərbaycan mənbələrində yer alanların həqiqət olduğunu təsdiqləmək olar”.

Hess sonda “Die Zeit” kimi nüfuzlu bir mətbu orqanın belə ağır mövzuda
yazarkən sensasiya axtarışında olduğuna görə müəlliflərə öz məyusluğunu
bildirir:

“Yazırsınız ki, “Rusiya Azərbaycanı silahlandırır”. Bu, nə deməkdir,
Azərbaycanı Rusiyadan asılı müqəvva kimi təqdim etmək? Azərbaycan 1991-ci ildən
müstəqil dövlətdir, silahlanma ilə bağlı gözləməməlidir ki, Rusiya və ya
qeyrisi bunun üçün ona icazə versin? Məntiqlə yazmaq olar ki, “Rusiya və
Hindistan da Ermənistanı silahlandırır.” Bütün bu cür söz seçimləri və yazının
məqsədi odur ki, alman aparıcı mətbuatında kök salmış dominant mənzərəyə uyğun
fikirlərdən kənara çıxılmasın: Qarabağdakı ermənilər günahsız qurbanlardır və
azərbaycanlılar isə bədniyyətli pis adamlardır”.

Source link