1e1e5772-c38a-4542-b437-3d244b649a4b..jpg

MM Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi barədə layihəni təsdiqlədi

Baxış sayı: 611 dəfə baxılıb.

MM Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi
barədə layihəni təsdiqlədi

Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda
dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

“Report”un xəbərinə görə, məsələ parlamentin bugünkü plenar iclasında
müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis
edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı
hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan
Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley
medalı üzəri 999,9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə
tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan,
bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarət olacaq.

Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli
ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz
yerləşdirilib. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili
çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilib.
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “HEYDƏR ƏLİYEV”
sözləri, aşağı qövs boyunca “1923-2023” rəqəmləri yazılıb. Daxili çevrənin
içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunub.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5
mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə
yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə
bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə
birləşdirilir.

Layihəyə əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan
Respublikasının yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər
qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif
ediləcəklər:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqində və
təbliğində xüsusi xidmətlərinə görə;

2. Azərbaycanın dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında
xüsusi xidmətlərinə görə;

3. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının
həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;

4. Sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq
əməkdaşlığın inkişafında xidmətlərinə görə;

5. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına,
Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;

6. Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında
xidmətlərinə görə;

7. Dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli
fəaliyyətinə görə.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley
medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda
ordenlərdən sonra taxılacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Source link