MSK sədri: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

MSK sədri: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Baxış sayı: 2. 249 dəfə baxılıb.

Bu gündən namizədlərin təşviqat kampaniyası başlayıb. Prezidentliyə namizədlər bu gündən İctimai Televiziya və Radioda efirə çıxacaqlar.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

O qeyd edib ki, radio efirində namizədlərin çıxışı təxminən saat 19:00-da, televiziyalarda isə saat 22:00 radələrində olacaq, lakin dəqiq vaxt müəyyən olunacaq.

MSK sədri bildirib ki, 5600-ə yaxın seçki məntəqəsində səsvermə keçiriləcək və seçicilərin ümumi sayı 5 milyon 300 mindən çoxdur: 

“Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və həmin məntəqələr elə seçilib ki, Azərbaycanın bütün regionlarını əhatə edir”.

M. Pənahov əlavə edib ki, dünyanın istənilən nöqtəsindən veb-kameralar vasitəsilə həmin məntəqələrdə səsvermə zamanı bütün prosesləri izləmək mümkün olacaq.

M.Pəhanov seçkilərdə kifayət qədər beynəlxalq və yerli müşahidəçilərin qeydə alındığını diqqətə çatdırıb və bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) da seçkiləri müşahidə edəcək: 

“Artıq DTİHB-nin uzunmüddətli missiyası fəaliyyətə başlayıb, qurumun 280 nəfər qısamüddətli müşahidəçisi gələcək”.

MSK sədri seçkilərdə baş verən proseslərin ictimaiyyətə düzgün çatdırılmasında KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb:

“Xaricdən maraqlı tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edir.

İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, bu seçkilər zamanı da KİV nümayəndələri özlərini bölgələrdə xalqına xidmət edən bir qurumun nümayəndəsi kimi hiss edəcəklər”, – deyə MSK sədri bildirib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com