“Muğan Bank”da olan əməkhaqqı kartlarındakı pullar qaytarılacaqmı? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğan Bank”da olan
əməkhaqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan çoxsaylı
suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin
Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.
O qeyd edib ki, qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət
tərəfindən vətəndaşlara ödənilməlidir.
“Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman
da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək
məbləğdir.
Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra
qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun
üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması
müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi
prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”, – deyə
V.Bayramov əlavə edib.
Xatırladaq ki, cari ay ərzində “Muğan Bank”ın lisenziyası ləğv edilib.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il
tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş
minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3
faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata
keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat
olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı,
16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan
Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv
edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə
ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.