Murad Arif məşhur atalar və qızlarını klipinə çəkdi – VİDEO

Murad Arif məşhur atalar və qızlarını klipinə çəkdi – VİDEO

Baxış sayı: 2. 720 dəfə baxılıb.

Müğənni və aparıcı Murad Arif bu dəfə fərqli layihəyə imza atıb.

ÇıxışYolu.Com xəbər verir ki, sənətçi günlərdir radiodalğalarda eşidilən “Qızım” mahnısına klip çəkdirərək, onu media əhlinə və sənət dostlarına təqdim edib.

Arif saytımıza açıqlamasında bildirib ki, ölkəmizdə qız uşaqlarının sayının kəskin azalmasından doğan nigarançılığı  məhz bu klip vasitəsi ilə izləyicilərə ötürüb:

“Valideynlər övladlar arasında cinsi ayrıseçkilik edir. Sosial xəbərlərdə tez-tez eşidirik ki, kimsə həyat yoldaşını və gəlinini qız uşağı dünyaya gətirdiyi üçün evdən qovub. Oğul atası olmaq istəyi ailədə müəyyən problemlərə, cütlüklər arasında narazılığa gətirib çıxarır.

Bizim məqsədimiz də ondan ibarətdir ki, insanlara qız uşaqlarının ataları üçün dəyərli olduğunu göstərək. Statistikaya görə, ölkəmizdə hər 100 qız uşağına 117 oğlan düşür. Bu, faciəvi rəqəmdir. Bir fakt da ondan ibarətdir ki, valideynlər övladlar arasında cinsi ayrıseçkilik edir”.

Murad bildirib ki, ailədə qızlara münasibət qədim dövrlərdən bəri çox sərt olub. O, buna misal olaraq atalar sözlərini nümunə göstərib:

“Qız yükü, duz yükü”, “Qızını döyməyən dizini döyər”, “Qızı öz başına buraxsan, ya halvaçıya, ya da zurnaçıya gedər”, “Qızını kimə ərə versən, uddun”, “Yeddi oğul istəyərəm, bircə dənə qız gəlin” və b. kimi atalar sözlərində qızlarımıza olan bu cür münasibət gülüncdür.

“Kişinin oğlu olar” məsəlindən belə çıxır ki, biz bir ananın övladıyıqsa, babamız haqqında hansı fikirdəyik? Siz indi oğlu olmayan ailələrdə baş verən dramları düşünün.

Yaradıcı insan kimi qərara gəldim ki, “Qızım” layihəsində ataların qızılarına hiss etdiyi mehribanlığı, qayğını və bütün sevgini göstərək. Qəhrəmanları biz boz fonda çəkmişik və əvvəlcədən onlara tapşırmışdıq ki, çəkilişə parlaq rəngli paltarlar geyinib gəlməsinlər. Bunu ona görə etdik ki, bütün əlvanlığı münasibətlərdə göstərək.

Layihə vasitəsilə bir daha vurğulamaq istəyirəm ki, qız atası olmaq gözəldir. Bu sevgi başqadır! Hər qızın həyatında ata adlı bir qəhrəmanı olmalıdır… Hər bir kişi də qız nemətinə sahib olmalıdır. Həyatımda hiss etdiyim ən zərif hissləri, musiqi və videoda təsvir etməyə çalışmışam.

Qızım nəfəsimdir. Arzu edirəm ki, qız övladlarına ikinci dərəcəli münasibət olmasın. Sözsüz ki, qızlarının qayğısına qalan, onları sevgisi ilə əhatə edən, borcunu dərk edən atalar var, amma mənfi nümunələr də az deyil. Biz onlara qarşı çıxırıq və inanıram ki, bu layihənin böyük təsiri olacaq. “Mənə dünyanı qucaqla desələr, qızıma sarılaram!” isə layihənin şüarıdır”.

“Bumerang label” şirkəti tərəfindən ərsəyə gələn klipdə ölkənin ən tanınmış və sevilən simaları müxtəlif yaş qrupuna aid olan qızları ilə birlikdə çəkiliblər.

Layihənin rəhbəri Nigar Məmmədova, piar meneceri Rəvan Rəd, operatoru  isə Roman Minayevdir.

.
www.ÇıxışYolu.Com