ffad7be3-eb52-482a-aa2f-43ead22e3c2e..jpg

Nərminin nənəsi İlkin Süleymanovun məhkəməsində dindiriləcək

Baxış sayı: 763 dəfə baxılıb.

Nərminin nənəsi İlkin Süleymanovun məhkəməsində dindiriləcək

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə
yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə
araşdırması davam etdirilib.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun
sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin bir neçə yüksək rütbəli şəxsin
məhkəmədə dindirilməsi ilə bağlı vəsatətləri müzakirə olunub.

Vəkillər hesab edir ki, cinayət işi ilə bağlı obyektiv hökm çıxarılması üçün
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu
Daşdəmirov, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal
Qılıcov, Baş Prokurorluğun İstintaq İdarəsində bu cinayət işinin istintaqını
aparmış müstəntiq Nadir Mirzəyevin, Tovuz rayonunun keçmiş polis rəisi Şirzad
Əsgərovun məhkəmədə dindirilməsi lazımdır.

Vəkillər deyib ki, istintaq zamanı müxtəlif ifadələrdə həmin şəxslərin adı
hallanıb.

Məhkəmə adıçəkilən şəxslərin heç birinin dindirilməsinə ehtiyac görməyib.

Müdafiə tərəfinin digər vəsatəti isə Nərminin əmisi oğlu Ruslan Quliyevin
dindirilməsi idi. Vəkillər deyib ki, azyaşlı yoxa çıxan vaxt onun harada
olmasıyla bağlı ziddiyyətli ifadələr var. Məhkəmə bu şahidlə bağlı vəsatəti də
təmin etməyib.

Müdafiə tərəfi ümumilikdə 20-yə yaxın vəsatət qaldırıb.

Onların yalnız Nərmin Quliyevanın ana nənəsi Minayə

İsmayılovanın və qanla bağlı rəy vermiş ekspert Elşən Məmmədovun dindirilməsi
haqda vəsatətlər təmin olunub. Nərminin nənəsi Minayə Quliyeva ibtidai istintaq
zamanı dindirilsə də, məhkəmədə şahid kimi tanınmayıb. İlkin Süleymanovun
vəkilləri bildirib ki, Minayə Quliyeva əsas şahidlərdən biri olub, işlə bağlı
mühüm ifadə verib.

Vəkillər əksər vəsatətlərinin təmin olunmaması ilə bağlı yazılı şəkildə etiraz
vermək üçün vaxt istəyib.

Bu səbəbdən proses aprelin 26-na kimi təxirə salınıb.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar
Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan
meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər
Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində
həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa
cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri
istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin
120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Source link