Naftalanda xeyli silah-sursat polisə könüllü şəkildə təhvil verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naftalanda vətəndaş silah-sursatı könüllü şəkildə polisə təqdim edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu
məlumat yayıb.
Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan
silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin
qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirlər
nəticəsində bir nəfər şəhər sakini bir neçə il bundan əvvəl tapdığı
silah-sursatı könüllü olaraq polisə təqdim edib. Baxış zamanı vətəndaşdan 4
ədəd “F-1” əl qumbarası, 492 ədəd 7,62 mm-lik və 320 ədəd 5,45 mm-lik avtomat
patronu, 14 ədəd müxtəlif silahlara məxsus patron darağı və bir ədəd odlu silah
aşkarlanıb.
Sözügedən silah-sursat müvafiq ekspertizaya təqdim olunub, araşdırmalar davam
etdirilir.