Nazirlik: Ekspertizadan keçməyənlərin “kitabı bağlanır”

Nazirlik: Ekspertizadan keçməyənlərin “kitabı bağlanır”

Baxış sayı: 9. 905 dəfə baxılıb.

Demək olar ki, hər evdə avtomobil var. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova ÇıxışYolu.Com-a bildirib.

Onun sözlərinə görə, avtomobillərin sayının artması insanların sosial rifahının yaxşılaşması ilə əlaqədardır.

M.Avazova qeyd edib ki, harada insan sıxlığı çoxdursa, fəaliyyət də böyükdür, deməli, ətraf mühitə təsirlər də çoxdur:

“Həmin təsirlərin minimuma endirilməsi üçün bir çox normativlər, standartlar var. ETSN-nin müvafiq departamenti bunlara ciddi nəzarət edir.

Ölkəmizdə 2000-ci ildən bu yana atmosfer havasının mühafizəsi sahəsində dörd Avropa standartı tətbiq olunur, avtomobillərin mühərrikinin ixrac etdiyi dəm qazının tərkibində karbon-oksidin normanı aşmamasından köhnə maşınların ölkəyə idxalına qədər bir çox proseslər nəzarətdədir.

Son 10-15 ildə təkcə Abşeron yarımadasında milyonlarla ağac əkilib, həmin yaşıllıqlar hava gövdəsinin oksigen balansında böyük rol oynayırlar. Buna baxmayaraq, Abşeron yarımadasında ekoloji təsirlər çoxdur”.

Direktor müavini bildirib ki, ölkənin ekoloji strategiyasında belə bir hədəf var ki, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin tullantısı minimum olmalıdır, ona uyğun texnologiya quraşdırılmalıdır.

Bu günlərdə o texnologiyaların ölkə ərazisində qurulmasına nazirliyin ekspertiza departamenti nəzarət edir. Ekspertizadan keçməyən təşkilatın “kitabı elə həmin gün bağlanır”. 

Mətanət Avazova vurğulayıb ki, insanlarda ekoloji mədəniyyət formalaşdırılmalıdır:

“Əgər biz tullantıları heç kimin görməsindən istifadə edib, küçəyə atırıqsa, deməli, bu mədəniyyətdən qırağa çıxırıq. Bəzi vaxtlar oxşar hadisələrlə qarşılaşırıq.

ETSN-də ekoloji mədəniyyətin formalaşması üçün təbliğat aparılır. Lakin ölkədə 10 min ekoloq varsa, 10 milyon vətəndaş var, hər bir insana nəzarət etmək olmur. 

İnsanların özündən çox şey asılıdır. Buna zaman lazımdır, təbliğatı daha da gücləndirməliyik ki, insanlarda ekoloji mədəniyyəti formalaşdıraq”.

Elvin Əhmədov
www.ÇıxışYolu.Com