eef487bd-8069-4a82-b34f-8f4c815defd6..jpg

Nazirlikdə yoxlama: İki il ərzində 257,9 min manat səmərəsiz istifadə edilib

Baxış sayı: 712 dəfə baxılıb.

Nazirlikdə yoxlama: İki il ərzində 257,9 min manat səmərəsiz istifadə edilib

Hesablama Palatası 2022-ci ildə Mədəniyyət Nazirliyinin 2020-21-ci illərdə
keçirdiyi dövlət satınalmalarının qüvvədə olan hüquqi aktların tələblərinə
uyğunluğu, bu sahədə daxili nəzarət işinin təşkili vəziyyətinin
müəyyənləşdirilməsi məqsədilə audit aparıb.

APA xəbər verir ki, audit nəticəsində aşağıdakılar müəyyən edilib:

Satınalmaların planlaşdırılmaması və ya tələb olunan müddətlərdə
planlaşdırılmaması funksional fəaliyyətin təmin olunması zamanı dövlət
ehtiyaclarının rəqabətli mühitin formalaşması ilə ödənilməsi imkanlarını
məhdudlaşdırıb, funksional fəaliyyətin icrası məqsədilə əvvəlcədən məlum
istiqamətlər üzrə də satınalmaların vaxtında keçirilməməsi ilə nəticələnib.

2020-21-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin)
haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.

Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın
tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin
düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək
qiymətlərin tətbiqinə şərait yaradıb. Ümumilikdə 5 milyon 58,6 min manat
məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait
ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq
olunan qiymətlərin müqayisəsi 2020-21-ci illərdə qiymətlərin bəzi hallarda
aşağı olmadığını vurğulamaq imkanı verib.

Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini
təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmayıblar, bəzi hallarda isə
həmin iddiaçılar qalib seçiliblər. Bu isə sifarişçi tərəfindən başa
çatdırılmadan müqavilələrə xitam verilməsinə, müqavilələrin 50%-dən çoxunun isə
subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaradıb.

Müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı
tarixlərdən sonra bağlanaraq 1 milyon 240 min manat vəsait ödənişi həyata
keçirilib ki, bu da sonradan aparılmış satınalma prosedurlarının formal
xarakterli olduğunu göstərir.

Bağlanmış müqavilələrin şərtlərinə bir sıra hallarda əməl olunmayıb ki, bu da
öz növbəsində, bəzi hallarda müqavilələrin büdcə ili ərzində tam icra
olunmasını təmin edərək ilin sonunda geri qaytarılmaması məqsədilə vəsaitlərin
qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürülməklə 2 milyon 27
min manatın podratçıların sərəncamında və akkreditiv hesablarda istifadəsiz
saxlanması ilə nəticələnib.

Malların mədaxil və məxaric sənədlərinin düzgünlüyü, tərəflərin öhdəlikləri,
müqavilələrin icrası vəziyyəti ilə bağlı toplanmış audit sübutları ilə bəzi
müqavilələr üzrə öhdəliklər tam yerinə yetirilmədən vəsait ödənildiyi müəyyən
olunub.

Nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə
planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət
büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnib, ümumilikdə
dövlət büdcəsi xərclərinin 1 milyon 283,3 min manatının iqtisadi təsnifat və
634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının
dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.

Satınalmaların və funksional fəaliyyətin uzlaşmış şəkildə planlaşdırılmaması
tabeliyindəki təsərrüfatlı qurumların saxlanılması və ictimai birliklərə vəsait
yönəldilməsi ilə nəticələnib, bəzi hallarda təsdiq edilmiş xərc istiqamətləri
dəyişdirilməklə 1 milyon 944,7 min manat vəsait istifadə edilib. Bu isə
funksional fəaliyyətin icrası üçün ayrılmış vəsaitin nəticəliliyinin təmin
olunmasında, eləcə də qəbul edilmiş məqsədlər üçün dövlət büdcəsinin təsdiq
olunmuş xərclərinin məqsədlər üzrə istifadəsində əhəmiyyətli risklərə yol açıb.

Auditin əhatə etdiyi dövrdə Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin kənar
müəssisələrə ötürülməsi səbəbindən 257,9 min manat məbləğində dövlət vəsaitinin
səmərəsiz istifadəsinə şərait yaradılıb ki, bu da funksional fəaliyyətin
Əsasnaməyə uyğun şəkildə həyata keçirilməsində riskləri formalaşdırıb.

Ehtimal olunan qiymətin hesablanmaması fonunda bağlanmış müqavilələr
çərçivəsində alınması nəzərdə tutulmuş malların, işlərin və xidmətlərin konkret
müəyyənləşdirilməməsi, müqavilələrin icrası ilə bağlı təsdiqedici sənədlərin də
müvafiq qaydada tərtib olunmaması və ya ümumiyyətlə təqdim edilməməsi nəzərdə
tutulmuş məqsəd və əldə edilmiş nəticələr arasında uyğunluğun
qiymətləndirilməsində əsaslı riskləri formalaşdırmaqla bu müqavilələr üzrə
563,9 min manatın icrasının əsaslılığının qiymətləndirilməsinə şərait
yaratmayıb.

Source link