0cee5f71-be28-426c-899b-50e83c60f3a4..jpg

Ombudsman Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar etiraz bəyanatı yayıb

Baxış sayı: 754 dəfə baxılıb.

Ombudsman Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar
etiraz bəyanatı yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar etiraz
bəyanatı yayıb.

Ombudsman Aparatından daxil olan məlumatda deyilir:

“25 aprel 2023-cü il tarixində Ermənistanda nifrət və terror siyasətinin
dövlət səviyyəsində dəstəklənməsini təsdiqləyən növbəti hal baş verib.

XX əsrin əvvəllərində ermənilər tərəfindən hazırlanaraq icra edilmiş, qisas
mənası daşıyan “Nemezis” termini ilə adlandırılan terror əməliyyatının
“qəhrəmanlarının şərəfinə” Ermənistanın paytaxtında dövlət rəsmilərinin
iştirakı ilə təntənəli surətdə abidə açılması bunun aşkar sübutu oldu.

Azərbaycan və türk diplomatlarının, dövlət xadimlərinin amansız qətlini təşkil
etmiş həmin gizli terror əməliyyatının təşkilatçıları və icraçılarının
adlarının bu formada əbədiləşdirilməsi Ermənistanda terrorun dövlət siyasətinə
çevrildiyini bir daha göstərmiş oldu.

Məlumdur ki, beynəlxalq səviyyədə hüquqpozma hallarının təkrarlanmasının
qarşısının alınması və etimadın bərpası məqsədilə dövlətlər tərəfindən keçmiş
yanlışların etiraf edilməsi təcrübəsi geniş təbliğ olunur. Ermənistan tərəfi
isə bunun əksinə olaraq, barışığın əldə edilməsinə zidd addımlar ataraq,
bölgədə gərginliyi artırmağa davam edir. Eləcə də ümumtanınmış normalara
əsasən, törədilən əməllərin cinayət olmasına ədalət mühakiməsi yolu ilə qərar
verilməli, təqsirkarlar müəyyən edildikdə isə qanun çərçivəsində
cəzalandırılmalıdır, lakin Ermənistanda terror əməliyyatı ilə əlaqədar abidə
ucaldılması insanların hər hansı əsas olmadan terror qurbanına çevrilməsinin
təbliğatına xidmət edir.

Xatırladaq ki, bundan öncə də Ermənistanda nasizm tərəfdarı olmuş, erməni
irqinin üstünlüyü və türk etnik mənsubiyyətinə nifrət ideologiyasının banisi
Qaregin Njdenin xatirəsinə abidə ucaldılıb, tərəfimizdən bu hala da etiraz
bildirilib.

Təəssüf ki, Ermənistanda uzun illərdir həyata keçirilən dövlət səviyyəli etnik
nifrət təbliğatının ağır nəticələri özünü son günlər daha aşkar göstərir: əsir
götürülmüş azərbaycanlı əsgərə qarşı qeyri-insani rəftar göstərilməsi və bu
halın sosial şəbəkələrdə açıq şəkildə yayımlanması, ağırlıqqaldırma üzrə Avropa
çempionatının açılışında Azərbaycan Dövlət Bayrağına qarşı təxribat, İrəvanda
keçirilmiş aksiyada Azərbaycan və Türkiyə bayraqlarının birgə yandırılması,
İrəvanda Ermənistan-Türkiyə futbol yığmalarının qarşılaşmasında erməni
azarkeşlərin yuxarıda adıçəkilən “Nemezis” terror əməliyyatını təbliğ edən
şüarlar qaldırması və s.

Bütün bunlar Ermənistanın hakim dairələrinin sülh qurucuğunda deyil, sülhün
pozulmasında daha çox maraqlı olmasını göstərir.

Onilliklərdir Azərbaycana qarşı nifrət cinayətlərini davam etdirən Ermənistan,
eyni zamanda, Azərbaycan ərazilərində basdırdığı minaların dəqiq xəritələrini
ölkəmizə verməkdən yayınmaqla 10 noyabr 2020-ci il tarixindən bu günədək 300-ə
yaxın insanın mina terrorunun qurbanına çevrilməsinə səbəb olub. Ötən gün
vətəndaş cəmiyyəti nümayəndəsi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun
sürücüsünün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşməsi
nəticəsində ayağının amputasiya olunması da növbəti belə fakt oldu.

İnsanların yaşamaq və sağlamlığın qorunması hüquqlarına etinasız yanaşmanın
əyani göstəricisi olan bu kimi hallara qarşı dünya ictimaiyyəti tərəfindən qəti
münasibət bildirilməməsi, bununla da Azərbaycana qarşı çoxsaylı terror əməlləri
törətmiş Ermənistanın beynəlxalq hüquqa zidd olan növbəti təxribatlar törətmək
üçün ruhlanması bizdə ciddi narahatlıq doğurur.

Azərbaycan Ombudsmanı olaraq, bir daha beynəlxalq ictimaiyyətə müraciət edir,
insan hüquqlarının təmini kimi ali məqsədi rəhbər tutaraq Ermənistanın bölgədə
və ümumilikdə beynəlxalq miqyasda mənfi təcrübə yaranmasına səbəb olan,
cəzasızlıqla müşayiət olunan nifrət motivli əməllərinə münasibətdə sərt mövqe
sərgiləməyə çağırıram”.

Source link