d3d05583-9f75-482f-b53e-b54befdfcdc0..jpg

Özbəkistanın “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı Heydər Əliyevin 100 illiyinə həsr olunub – FOTO

Baxış sayı: 966 dəfə baxılıb.

Özbəkistanın “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı Heydər Əliyevin 100
illiyinə həsr olunub – FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü
və təşkilatçılığı ilə ölkənin məşhur KİV-lərindən olan “Ədəbiyyat qəzeti”
xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bir
nömrəsini tamamilə Azərbaycana həsr edib.

Bu barədə Mədəniyyət Mərkəzindən bildirilib.

Mərkəzin təşəbbüsü və təşkilatçılığı, Özbəkistan Respublikası “Nuronilar”
(Ağsaqqallar) Fondu eləcə də Özbəkistan Xarici İşlər Nazirliyinin yanında
“Nurani” İctimai Şurasının həmkarlığı ilə sözügedən qəzetin xüsusi buraxılışı
“Azərbaycan və Özbəkistan xalqlarının dostluğu əbədidir!” manşeti ilə nəşr
edilib və qəzetin bütün səhifələrindəki mövzular Heydər Əliyevə, Azərbaycanın
tarixinə, dövlətçiliyinə, ədəbiyyatına və mədəniyyətinə həsr olunub.

Qəzetin 2-3-cü səhifələrini əhatə edən “Məhəbbət, işıq, fərəhli dostluq” adlı
məqalədə Özbəkistan-Azərbaycan ədəbi, mədəni, siyasi əlaqələrindən söz açılıb.
Müəllifi “Nuronilar” (Ağsaqqallar) Fondu sədrinin birinci müavini olan Şərəf
Ubeydullayev olan bu geniş məqalədə Azərbaycan-Özbəkistan dostluğunun Nizami
Gəncəvi və Əlişir Nəvai yaradıcılığından başlayaraq Heydər Əliyevlə Şərəf
Rəşidov arasında davam etdirilərək günümüzdə Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevlə Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev arasında
daha da möhkəmləndiyi bildirilir. Müəllif bu dostluğun, qardaşlığın əsrlər boyu
əbədi olacağını vurğulayıb. Məqaləsində Heydər Əliyevin dövlətçilik və siyasi
fəaliyyətinə xüsusi yer verən Ş.Ubeydullayev ulu öndərin sovetlər dönəmində
hakimiyyətdə olduğu dövrlərdə ən çətin vaxtlarda özbək xalqının yanında
olduğunu, cəsarətli şəkildə öz köməyini əsirgəmədiyini tarixi faktlarla xüsusi
qeyd edib.

Qəzetin 4-5-ci səhifələrini əhatə edən “Heydər Əliyev fenomeni” adlı məqalədə
ulu öndərin şəxsiyyəti və onun həyatı, siyasi-ictimai fəaliyyəti
işıqlandırılıb. Müəllifi Özbəkistanın tanınmış yazıçısı, tərcüməçi-alim Babaxan
Məhəmməd Şərif olan məqalədə Azərbaycanın ümummilli lideri olan Heydər Əliyevin
şərəfli, məsuliyyətli ömür yolundan söz açılaraq onun xalqımızın taleyində
oynadığı əhəmiyyətli roldan bəhs edilib. Heydər Əliyevi müasir Azərbaycanın
banisi adlandıran müəllif ulu öndərin ölkəmizi dağılmanın, parçalanmanın
astanasından qurtardığını, daxili ixtişaşların yatırılmasında böyük
uzaqgörənlik, əzmkarlıq, səbir, təcrübə sərf etdiyini, yarıtmaz idarəçilik
nəticəsində uçurumun kənarına gəlmiş bir dövlətdən güclü, qüdrətli ölkəyə
çevirdiyini vurğulayıb.

Qəzetin 6-cı səhifəsində “Şərəf Rəşidovun dostu, Azərbaycan xalqının ulu
öndəri” adlı məqalədə ümummilli lider Heydər Əliyevə və Azərbaycana həsr
edilmiş ədəbi əsərlərdən söz açılıb. Müəllifi Özbəkistan Yazıçılar Birliyinin
üzvü, tanınmış jurnalist Nəsir Tairov olan və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin Heydər Əliyevlə bağlı fikirləri ilə başlayan
məqalədə özbəkistanlı müəlliflər tərəfindən ulu öndərə həsr edilmiş şeirlər,
poemalar, əsərlərdən söz açılaraq Özbəkistanın Xalq şairi Normurad
Narzullayevin Heydər Əliyev və Şərəf Rəşidova həsr olunmuş şeirindən bir parça
verilib. Müəllif daha sonra Belarus Yazıçılar İttifaqının üzvü, özbək əsilli
publisist, yazıçı, şair, İsmət Koçiyev tərəfindən Azərbaycan xalqının böyük
övladı Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev qələbəsi” (Триумф Гейдара
Алиева) adlı rus dilində qələmə alınmış böyük poemadan da geniş söz açır. Qeyd
edək ki, poema Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunub və nəşrin Özbəkistanda geniş təqdimatı keçirilib.
Məqalədə eyni zamanda Özbəkistanın Xalq şairi Abdulla Aripovun məşhur
“Azərbaycan” şeiri də öz əksini tapıb. Bu məşhur şeiri Abdulla Aripov ilk dəfə
1979-cu ildə Azərbaycana səfər etdiyi vaxt Heydər Əliyevlə görüş zamanı oxuyub.

Qəzetin 7-ci səhifəsində isə Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli
Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədovun müəllifi olduğu
“İki qardaş ölkə – Azərbaycan və Özbəkistan” sərlövhəli məqalə dərc edilib.
Məqalədə qardaş ölkədə yaşayan azərbaycanlıların dahi şəxsiyyət Heydər Əliyevlə
fəxr etdikləri bildirilib. Ölkələrimiz arasında münasibətlərin uzun, möhkəm,
sarsılmaz köklərə malik olduğu, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin
Özbəkistanda hər zaman böyük ehtiramla xatırlandığı vurğulanıb. Məqalədə
müstəqil Azərbaycanın dünya dövlətləri arasında inamla irəliləməsi, qədim
köklərini, tarixi keçmişini, zəngin mədəniyyətini qoruyub saxlayaraq türk
dövlətləri, o cümlədən Özbəkistan tarixi dostluğu və əməkdaşlığı uğurla davam
etdirməsi də qeyd edilərək, xalqlarımız, dövlətlərimiz arasında əlaqələrin
yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin müstəsna xidmətləri yüksək qiymətləndirilir.

Qəzetin 8-ci səhifəsində yer alan “Heydər Əliyevin ucaldığı şair” adlı məqalə
isə Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunub. Müəllifi tanınmış
özbək şairi, tərcüməçi, publisist Tahir Qahhar olan məqalədə Xəlil Rza Ulutürk
yaradıcılığına geniş yer verilərək ümummilli lider Heydər Əliyevin bu böyük
şairin həyatında oynamış olduğu önəmli roldan söz açılır. Qeyd olunur ki,
Heydər Əliyev vətənpərvərlik, millətçilik, türkçülük ideyalarının təbliğatçısı
olan şairi müdhiş sovet repressiyasından qoruyaraq müstəqil Azərbaycanın
istiqlal şairinə çevirib. Məqalədə eyni zamanda Xəlil Rza Ulutürkün
şeirlərindən tərcümələr də yer alıb.

Source link