b2817942-be84-4bda-8a57-1184c7d620b8..jpg

Özünü aldatma yoxsa, psixoloji problem: Özündən başqa hamıya oxşayanlar – FOTO

Baxış sayı: 731 dəfə baxılıb.

Özünü aldatma yoxsa, psixoloji problem: Özündən başqa hamıya oxşayanlar – FOTO

Elə bir dövrdə yaşayırıq ki, kim realdır, kim saxta – bəlli deyil. Son vaxtlar
bu istiqamətdə bir problem də yaranıb. Bəzən sosial şəbəkələrdə şəkillərdən
gördüyümüz şəxsləri canlı görəndə tanıya bilmirik. Səbəb isə axır vaxtlar dəbə
düşən filtrlərdir. Əvvəllər makiyajın insanları dəyişdiyini deyirdilərsə, indi
dəyişmək funksiyasını filtrlər əvəz edir. Bu ənənə uzun illərdir mövcud olsa
da, son vaxtlar ifrat dərəcədə artıb. İnsanlar bu proqramlarla özlərini
arıqlada, kökəldə, makiyaj edə və hətta saç düzümünü, geyimlərini də dəyişə
bilərlər. “Snapchat” kimi effekt verən proqramlarla yanaşı, artıq sosial
şəbəkələrin özlərində də insanları inanılmaz dərəcədə dəyişən filtrlər dəbdədir.

Bəs əslində insanları buna sövq edən nədir? Bu, insanların özünü aldatması
deyilmi? Yoxsa burada bir psixoloji problem var?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Psixoloq Vəfa Əkbərin fikrincə, estetik gözəlliyə və filtrə önəm verən
insanların əksəriyyəti özgüvən problemindən əziyyət çəkir:

“Öz potensiallarına bələd deyillər və olanlarını da ortaya çıxara bilmirlər.
Özlərini təqdimatda çətinlik çəkdikləri üçün gözəllik etalonu ön plana keçir.
İnsanların dəbə uyğun gözəllik anlayışı nədirsə, ona uymağa çalışırlar. Biri
var gözəllik üçün etdiyimiz bəzək-düzək, kiçik toxunuşlar, bir də var öz
obrazımızdan çıxmaq. Bəzən filtrlərdən istifadə edənlər öz obrazlarından
tamamilə çıxırlar. Belə olduğu təqdirdə özlərini daha rahat, komfortlu hiss
edirlər”.

V.Əkbər hesab edir ki, insanlar psixoloji pozuntular yaranmasın deyə, özlərini
olduqları kimi qəbul etməlidirlər:

“Daim diqqət cəlb etmək, psixoloji özünəvurğunluq narsistliyə, isterik nevroza
gətirib çıxara bilər. Bu hallardan qurtulmaq üçün birinci növbədə özlərini dərk
etməli, xüsusi bacarıq və istedadlarını ortaya çıxararaq, ətraflarına sağlam
münasibət qura biləcəkləri insanlar yığaraq, mənfi xüsusiyyətlərini korreksiya
edib, müsbətləri ortaya çıxarmalıdırlar. Belə edərlərsə, özlərindən daha çox
məmnun qala bilərlər”.

Bloqer Səma Abıyeva isə filtrdən istifadə edənləri qınamır. Onların səhv və ya
düz etdiklərini isə şəxsi məsələləri hesab edir:

“Bloqer olaraq mən də filtrlərə rast gəlirəm. Bəzən öz üzərimdə də tətbiq
edir, necə göründüyümə baxıram. Amma heç vaxt üzümdəki görüntünün dəyişməsinə
səbəb olacaq filtrdən istifadə etmirəm. Filtr mənim üçün sadəcə yolgöstərən ola
bilər. Ondan istifadə edib xarici görünüşümlə bağlı hansısa istiqamətə yönələ
bilərəm. Filtr real görüntümdə gözümün altındakı qaralığı və yaxud sızanaqları
qapadır, daha yaxşı görünürəmsə, realda da buna nail olmağa çalışaram. Yəni
reallıqda da filtrdəki kimi görünüm deyə, üzərimdə işləyə bilərəm. Məsələn,
gözaltı qaralıq üçün yaxşı yata, çoxlu su içə, dərimə düzgün qulluq edə, şəkəri
rasionumdan çıxara bilərəm. Kosmetoloqdan məsləhət alaram ki, filtrdəki kimi
olmaq üçün nə edim”.

Amma S.Abıyevanın hamı onun kimi etməlidir deyə bir düşüncəsi yoxdur:

“Mən xarici görünüşümdə total dəyişikliyə həvəsli deyiləm. Əgər bir insan
dodaq ölçüsünü bəyənmirsə, filtrlə böyüdəndə, ona xoş gəlirsə, kosmetoloq
ifrata getmədən onu istədiyi ölçüyə gətirə bilər. Amma kosmetoloqda dolğu
etdirib üstündən filtrləyirsə, real görüntüsündən kəskin fərqlənən cizgilərə
sahib olursa, artıq bu məsələni özü üçün siqnal kimi görməlidir. Özünə sual
verməlidir ki, özüm olmaqdan qorxurammı? Mütəxəssisdən məsləhət ala, bu haqda
məqalələr oxuya bilər”.

Sosioloq Aynur Hacıyeva da hesab edir ki, insanların şəkillərini filtrlərlə
dəyişdirmələrinin səbəbləri müxtəlifdir:

“Səbəblərdən biri özgüvənin aşağı olmasıdır. Görünüşlərində heç bir problem
olmasa belə, özlərini olduqları kimi qəbul etməyə çəkinirlər. Digər bir səbəb –
effektlə şəkil çəkən proqramlar əlçatan, can qurtarandır. Ona görə istifadəsi
geniş yayılıb”.

A.Hacıyeva hesab edir ki, bu aldatma oyunu insanların öz seçimidir:

“Sadəcə onu bilməlidirlər ki, özlərini şəkillərdə qəbul etməyə necə çətinlik
çəkirlərsə, insanlar da onları real görüntüləri ilə qəbul etməkdə çətinlik
çəkirlər. Çalışmalıyıq özümüzü olduğumuz kimi qəbul edək və digərlərinə də elə
qəbul etdirək”.

Source link