Paşinyanın Koçaryana qarşı “səlib yürüşü” – ŞƏRH + FOTO

Baxış sayı: 520 dəfə baxılıb.

Paşinyanın Koçaryana qarşı “səlib yürüşü” – ŞƏRH + FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Koçəryan
arasındakı ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. 2018-ci ildən tərəflər
arasında gedən qarşıdurma, deyəsən, Paşinyanın qələbəsi ilə başa çatacaq. Baş
nazir siyasi opponentini və rəqibini bu dəfə uzunmüddətli həbsə göndərmək
niyyətindədir. Ermənistanın ikinci prezidenti və onun ailə üzvləri qanunsuz
mənşəli əmlakın müsadirəsi ilə bağlı işin materialları ilə tanış olmaq və
mövqelərini bildirmək üçün avqustun 1-də Baş Prokurorluğa dəvət olunsalar da,
qarşı tərəfdə sakitlikdir.

Bu yaxınlarda Ermənistanın hüquq-mühafizə orqanları Koçaryanlara məxsus əmlakı
və maliyyəni araşdırdıqlarını və bir sıra qanun pozuntuları aşkar etdiklərini
bildirdilər. Koçaryanlara məxsus bir sıra əmlak müsadirə ediləcək. Bununla da
Paşinyan Koçaryanın maliyyə dayaqlarını də sarsıtmaq niyyətindədir.

Paşinyan 2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə yiyələndikdən sonra
“Qarabağ klanı”na qarşı mübarizəyə başlayır. “Qarabağ klanı”nın hakimiyyətdə
qalan son üzvü Serj Sarqsyanı devirdikdən sonra Paşinyanın növbəti hədəfi
Robert Koçaryan idi. Əslən Qarabağdan olan Robert Koçaryanın kilsə, Rusiya və
ermənilər arasında böyük nüfuzu vardı. İlk olaraq 2018-ci ilin iyul ayında
Robertə qarşı rüşvət və konstitusiya quruluşunun pozulması maddələri ilə
cinayət işi açılır və Koçaryan həbsə atılır.

Köçəryan iki prezidentlik müddəti – 1998-2008-ci illərdə Ermənistana rəhbərlik
edib. Müstəntiqlərin fikrincə, o, ittiham olunduğu cinayətləri məhz bu dövrdə
törədib: xüsusilə külli miqdarda rüşvət alıb və respublikanın konstitusiya
quruluşuna qəsd edib, müxalifətin 2008-ci il martın 1-də keçirilən mitinqinin
dağıdılması barədə göstəriş verib. Amma bir ay sonra Koçaryan azadlığa
buraxılır. Bunun iki səbəbi var idi. Birincisi, hakimiyyətə yenicə yiyələnmiş
Paşinyan məhkəmə sistemini tam ələ ala bilməmişdi. İkincisi, kilsənin gizli
dəstəyi ilə Apellyasiya Məhkəməsi Koçaryanı himayə edirdi. Eyni zamanda,
prezidentlərin toxunulmazlığı maddəsi də əsas gətirilərək Koçaryan azadlığına
qovuşur. Vəkillər Konstitusiya Məhkəməsinə müraciət edərək onun girov
qarşılığında sərbəst qalmasına nail olurlar.

Həqiqətən də, erməni kilsəsi Koçaryana dəstək durur, onu təqiblərdən, həbsdən
qorumağa çalışırdı. Sirr deyil ki, elə 2018-19-cu illərdə kilsə Koçaryanı
ölkədən çıxarmağa çalışırdı və bununla da Nikolun qəzəbinə tuş gəlmişdi.
Paşinyanın sifarişi ilə kilsəyə qarşı da hücumlar, cinayət işləri, kilsə
səlahiyyətinin azaldılması kampaniyasına start verildi.

Koçaryanın 2008-ci il martın 1-də İrəvanda bir neçə insanın həlak olduğu
iğtişaşların yatırılması ilə bağlı açılan cinayət işi üzrə həbsi bir sıra
mətləblərdən xəbər verir. O zaman etirazların liderlərindən biri hazırkı baş
nazir olub. İndiki Ermənistan hakimiyyəti üçün Koçaryanın həmin iğtişaşları
yatırtmaqda ittiham olunması, demək olar ki, şəxsi məsələdir. Çünki 1 mart
hadisələrindən sonra Paşinyan həbs edilib və bir neçə il dəmir barmaqlıqlar
arxasında qalıb. Sonradan Paşinyanı bağışlayıblar və deputat mandatı veriblər.

Paşinyan da dərk edir ki, qısa müddət ərzində Koçaryanı həbsə göndərmək
arzuolunmaz nəticələrə gətirib çıxarar. Çünki qısa müddət ərzində hakimiyyətin
bütün eşelonlarına nüfuz etmək çətin məsələdir. 10 il hakimiyyətdə olan
Koçaryanın isə kifayət qədər dayaqları var və bundan istifadə edərək
Ermənistanda müəyyən iğtişaşlara start verə bilər. Bu səbəbdən Paşinyan
Koçaryanın qısa müddətə həbsdən azad edilməsinə göz yumdu.

Amma eks-prezident də təqib olunduğu üçün siyasi bəyanatlar verir,
hakimiyyətin kursunu tənqid edir, yenidən hakimiyyət sevdasında olduğunu
gizlətmirdi. 2020-ci ildə, 44 günlük müharibədə Ermənistanın acınacaqlı
məğlubiyyəti Robert üçün Nikolu tənqid etməyə əla fürsət oldu. Paşinyan isə
Koçaryanın yenidən siyasi arenaya qayıtmasının onun üçün ciddi problem
olacağını dərk edirdi. “Məxməri inqilab”a qədər Robert siyasi proseslərdən uzaq
durmuşdu və şəxsi biznesi ilə məşğul idi. Çünki hakimiyyətdə “Qarabağ klanı”nın
başqa nümayəndəsi Serj Sarqsyan vardı. Paşinyanın hakimiyyətə gəlməsi və
Roberti həbsə göndərmək istəyi ikincini yenidən siyasi səhnəyə qayıtmağa vadar
etdi. Bu arzu və istək 2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar
parlament seçkisində daha da qabardı. Seçkidə iddialı olan Robert Koçaryan
Rusiyaya, kilsəyə və erməni diasporuna arxalansa da, Paşinyan seçicilərin
53,92% səsini toplayaraq yenidən kabineti formalaşdırmağa başladı. Koçaryan isə
cəmi 21 faiz etimad toplaya bilmişdi.

Koçaryan seçki kampaniyası dövründə müxtəlif vədlər verib, hazırkı vəziyyətdə
revanşın ağılsızlıq olduğunu bəyan etsə də, Ermənistanda gözəl başa düşürdülər
ki, Koçaryan Bakı üçün arzuedilməz, eyni zamanda müharibə cinayəti törətmiş,
həbsi vacib olan şəxslərdən biridir. Bu səbəbdən Koçaryanın seçilməsi Bakının
qəzəbinə səbəb ola və yeni müharibə Ermənistanın qapısını döyə bilərdi. Ötən
müharibə isə erməni ordusunun acizliyini sübut etdiyi üçün sadə ermənilər
Koçaryana yox, Paşinyana səs verməyi üstün tutdular. Koçaryanla münasibətləri
yaxşı olan Kreml də seçkinin nəticələrindən məmnun qaldı. Çünki Koçaryanın
yenidən hakimiyyətə qayıtması münasibətlərdə turbulentlik effekti yarada
bilərdi.

2021-ci il seçkilərində məğlub olan Koçaryan siyasi karyerasını deputat kimi
başa vurmaq niyyətində deyil. Son dövrlər Ermənistanı bürüyən etirazlar və
qeyri-adekvat siyasi açıqlamalar fonunda Koçaryan yenidən aktivləşmək qərarına
gəlib. Eks-prezident Paşinyanın siyasi kursunu yenidən kəskin şəkildə tənqid
edir, Ermənistan-Azərbaycan danışıqlarının səhv istiqamətdə getdiyini bildirir.
Koçaryan iki il əvvəlki səhvindən nəticə çıxarmadan yenidən revanş müharibə
barədə sərsəm açıqlamalar verir, qalib gələcəyinə xalqı inandırmağa çalışır.
2020-ci il müharibəsindəki problemləri hələ də həll edə bilməyən və istintaq
şousu ilə xalqın başını qatmağa çalışan Paşinyan sonuncu dəfə keçmiş müdafiə
naziri David Tonoyanı da zərərsizləşdirərək “sındıra” bildi. İndi yenidən
meydana çıxmağa cəhd edən “Qarabağ klanı”nın üzvü Koçaryan Paşinyan üçün
təhlükəli rəqib sayılır. Elə bu səbəbdən də artıq düyməyə basılıb və təkcə
Koçaryan yox, ailəsinə də məxsus əmlakın həbsinə qərar verilib: “əsasən,
İrəvanın Kentron rayonunda yerləşən binalarda 20 daşınmaz əmlak, iki nəqliyyat
vasitəsi, 18 erməni və xarici hüquqi şəxsdə iştirak, 1,5 milyon dollardan artıq
depozitlər və qiymətli kağızlar, fiziki və hüquqi şəxslərə verilən təqribən 10
milyard dram (26 milyon dollara yaxın) məbləğində kreditlər; 22 milyard dram
(demək olar ki, 57 milyon ABŞ dolları) qeyri-qanuni mənşəli vəsait, vicdanlı
üçüncü şəxslərə ötürülən vəsaitlər və xərclənmiş digər naməlum vəsaitlər”.

Bu əmlak həbsi isə Koçaryanın maliyyə baxımından məhvi deməkdir. Paşinyan bir
oxla iki quş vurmaq niyyətindədir. Həm Koçaryanın maliyyə dayaqlarını
sarsıtmaq, həm də onu uzunmüddətli həbsə göndərmək. Əgər Paşinyan buna da nail
olsa, növbəti siyasi rəqibini neytrallaşdıracaq, Qarabağ klanı üzərində
qələbəsini bayram edəcək…

“Report” İnformasiya Agentliyi

Source link