Patrik Braxner: Federasiya ilə aramızda müqavilə olmayıb – MÜSAHİBƏ

Patrik Braxner: Federasiya ilə aramızda müqavilə olmayıb – MÜSAHİBƏ

Baxış sayı: 4. 728 dəfə baxılıb.

Azərbaycanı Soçi-2014 və Pyanqçanq-2018 Qış Olimpiya Oyunlarında təmsil etmiş avstriyalı legioner Patrik Braxner ÇıxışYolu.Com-a müsahibə verib:

– Necə oldu ki, Azərbaycandan təklif aldınız?

– Bunun uzun tarixi var. 15 yaşım olanda Avstriyada öz yaşımda ən yaxşı xizəksürənlərdən biri idim. Ancaq maşınqayırma sahəsində ali texniki məktəbdə təhsil alırdım. Həmin vaxt qaydalar Avstriyada çox sərt idi. Peşəkar şəkildə xizəksürən olmaq üçün bu sistemin bir hissəsi olmalı idin.

Təhsilimə görə mənə həmişə çətin idi. Bu, nəticədə mənimlə yerli federasiya arasında problemlərə gətirib-çıxardı. Pis çıxış etməməyimə baxmayaraq, yarışlara göndərilmədim. Azərbaycandan gələn təklifi qəbul etməli oldum. Buna görə Azərbaycan Qış İdmanı Federasiyasının prezidenti Rauf Xəlilova xüsusi təşəkkür edirəm.

Azərbaycan sayəsində yenidən beynəlxalq səviyyədə çıxış etdim və dünya səviyyəli xizəksürən olmaq sevdamı davam etdirdim.

– İlk dəfə ölkəmizdə 2014-cü ildə Soçi Olimpiadasında Azərbaycanı təmsil edərkən tanınmağa başladınız. Hansı şərtlərlə Azərbaycanın təklifini qəbul etdiniz?

– Mənə 2011-ci ildə Azərbaycandan təklif gəldi. Əslində, o vaxtdan Azərbaycan adından çıxış edirdim. Federasiya qarşısında Azərbaycanı təmsil etmək üçün xüsusi heç nə istəməmişdim. Yeganə istədiyim şey yenidən beynəlxalq miqyasda çıxış etmək imkanı idi. Mənə bu şansı verdikləri üçün hələ də federasiya rəhbərliyinə minnətdaram.

– Soçi və Pyanqçanqdakı çıxışlarınız uğursuz alındı. Səbəbi nədə görürsünüz?

– Bəhanə etmək istəmirəm. Düz deyirsiniz. Hər iki Olimpiadada çıxışım yarışa biləcəyim səviyyədə deyildi. Soçi Olimpiadasından bir neçə ay əvvəl çox pis diz zədəsi almışdım və 100% sağlam deyildim.

Pyannqçanqda yıxılmağıma qədər hər şey çox yaxşı idi. İdmançılar Dağ Xizəkçiliyində dünya reytinqinə uyğun olaraq starta düzülmüşdülər. Qar da hər yarışda tədricən azalırdı. Mən 68-ci sırada yarışa başladım. Ortalama göstəricimə görə, 25-35-ci yerləri tutmalı idim.

Dağ Xizəkçiliyində Almaniya, Fransa, Norveç, Avstriya kimi qış idman növlərində güclü olan ölkələrlə yarışmaq çox-çox çətindir. Azərbaycan kimi kiçik federasiyalarda belə şəraitdə bu yer artıq uğur sayılır. Ancaq bildiyiniz kimi, gözlənilmədən qəzaya uğradım.   

– Rusiyada həm slalom, həm də nəhəng slalomda çıxış etsəniz də, Cənubi Koreyada yalnız slalomda mübarizə aparmağa çalışdınız. Bunun səbəbi nə idi?

– Əsas səbəb slalomda daha yaxşı dünya reytinqinə sahib olmağım idi. Məşqlərdə özümü bu növdə daha yaxşı göstərmişdim. İki növ də çox fərqlidir. Belə sıx qrafiklə yalnız yarışa biləcəyim slaloma köklənə bildim. Bundan başqa, nəhəng slalom yarışından bir neçə gün əvvəl xəstələnmişdim. Buna görə yalnız slalomda çıxış etmək qərarına gəldim.

– Məşqlərinizi harada edirdiniz?

– 2014-2017-ci illərdə ABŞ-da universitetdə təhsil alırdım və məşqlərimi də orada edirdim. Universitetdən aldığım akademik və atletik təqaüdlərlə məşqlərimin pulunu ödəyə bilirdim. 2017-ci ilin sonundan isə Avstriyada məşq edirdim. Məni Avstriyada yaşayan finlandiyalı məşqçi hazırlaşdırırdı.

– Belə çıxır ki, siz Bakıda yaşamamısınız…

– Təhsilimdən və məşqlərimdən dolayı son bir neçə ildə Bakıda az olmuşam. Ona görə də orada qalmağa mənzilim olmayıb.

– Federasiya rəsmisi saytımıza bildirib ki, sizinlə müqavilənin müddəti uzadılmayacaq. Bundan xəbərdarsınız?

– Aramızda “müqavilə” anlayışı olmayıb. Federasiya ilə biz müqaviləsiz də bir-birimizə inanmışıq. Federasiya ilə çox yaxşı əlaqəm var. Biz daim əlaqədəyik. Əlbəttə ki, hazırda gələcək durum haqda da söhbət aparırıq.

– Karyeranızı hansı sahədə davam etdirmək istəyirsiniz?

– Xizəksürmə bütün həyatımın coşqusu olub. Təbii ki, ondan ayrılmaq asan məsələ deyil. Hətta 26 yaşında belə həyatda sənin üçün mühüm şeyə çevrilən digər amilləri görürsən. Heç vaxt “heç vaxt” deməzdim. Əgər Azərbaycandan xizəksürən olmaq istəyən uşaqları ilhamlandıra bilirəmsə, qəti şəkildə böyük həyəcanla xizəklərimi yerə qoyub karyerama davam edərdim.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com