Politoloq: Ermənilər Sovet rəhbərliyinin razılığını almışdı

Politoloq: Ermənilər Sovet rəhbərliyinin razılığını almışdı

Baxış sayı: 8. 095 dəfə baxılıb.

Azərbaycan Xocalı soyqırımına siyasi qiymətin verilməsinə nail olmalıdır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında qətliamın 26-cı ilində hələ də dünya ictimaiyyətinin göz yumduğu həqiqətlərdən danışan politoloq Tofiq Abbasov deyib:

“Xocalı faciəsi müharibəni qızışdıran ermənilər tərəfindən dinc vətəndaşlara qarşı törədilən kütləvi qətliam aktıdır. Bu, soyqırımıdır. Buna başqa ad vermək olmaz.

Azərbaycan əhalisi arasında xof salmaq üçün dinc əhalinin tamamilə məhv edilməsi aktı həyata keçirilib. Beləcə, ermənilər Azərbaycana və onun Qarabağda yaşayan əhalisinə qarşı müharibə elan etdilər”, – deyə politoloq qeyd edir.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyəti ələ keçirən erməni millətçilər Azərbaycanda separatçılıqla bağlı təbliğat işləri aparırdılar.

Ekspert Azərbaycanın hadisələrin gözlənilməz dəyişiminə hazır olmadığını vurğulayır.

“Olanlardan Sovet rəhbərliyinin xəbəri var idi, ermənilər onların səssiz razılığını almışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu akt daha geniş miqyas aldı.

Deməzdim ki, dünya ictimaiyyəti bu faktla bağlı susur, belə ki, Azərbaycan rəhbərliyi, Azərbaycan diplomatiyası, Heydər Əliyev Fondu hər il genişmiqyaslı təbliğat proqramı ilə çıxış edir.

İndiyədək bir sıra dövlətlərin parlamentləri, ABŞ-ın bəzi ştatlarının qanunverici qurumları Xocalı soyqırımını tanıyıb və ermənilərin törətdiyi bu vəhşilikləri pisləyiblər”.

Abbasov diqqətə çatdırıb ki, hər şey daha çox Azərbaycanın özündən, yəni onun nə dərəcədə Xocalı soyqırımının dünyada tanınmasına nail olmağa çalışmasından asılı olacaq.

“Bildiyimiz kimi, bu və ya digər pozuntulara göz yummaq dünya ictimaiyyəti üçün xarakterikdir. Ona görə Azərbaycanın çiyinlərinə təbliğat və məhkəmə prosesinin davam etdirilməsi ilə bağlı böyük missiya düşür.

Mütəmadi olaraq Haaqa məhkəməsinə müraciət etmək, soyqırımının bir daha təkrarlanmaması üçün onun pislənilməsinə, ona siyasi qiymət verilməsinə nail olmalıyıq.

Qondarma “erməni soyqırımı” deyə car çəkən erməni tərəfinin çox zəif sübut bazası var və  bir çox dünya ölkələri onun tanınması üçün əllərindən gələni etsələr də, buna nail ola bilmədilər.

Heç bir soyqırım baş verməyib. Xocalı faciəsinə gəlincə, burada vəziyyət bir qədər fərqlidir, ortada faktlar və canlı şahidlər var”, – deyə politoloq əlavə edib.

Ekspert bildirib ki, dünya ictimaiyyətinin bu gün Xocalı soyqırımına göz yummasına baxmayaraq, Azərbaycan hökuməti istənilən halda bu məsələni gündəmdə saxlamalıdır, ona hüquqi və siyasi qiymət verilməsinə nail olmalıdır.

“Azərbaycan bu mövzuda daha çox filmər çəkməli, daha çox tamaşalar qoymalı, daha çox kitablar yazmalıdır. Düzdür, Azərbaycan hökuməti bu istiqamətdə az işlər görməsə də, bununla kifayətlənmək lazım deyil.

Dünya ictimaiyyəti erməni millətçiliyinin mahiyyətindən və onun bütün dünya üçün nə dərəcədə təhlükəli olduğundan xəbərdar olmalıdır. Ermənilərin Gürcüstan torpaqlarına da, Naxçıvana da, Türkiyə torpaqlarına da ərazi iddiası var.

Ehtimal ki, İran ərazisinə və Rusiyanın Qara dəniz sahillərinə də tamah salacaqlar. Ona görə erməni millətçiliyini yaxşı bələd olmaq lazımdır”.

www.ÇıxışYolu.Com