Prezidentliyə namizədlər səsvermədə iştirak edirlər

Prezidentliyə namizədlər səsvermədə iştirak edirlər

Baxış sayı: 1. 850 dəfə baxılıb.

Prezidentliyə namizədlər seçki məntəqələrinə gedərək, səsvermə hüququndan istifadə ediblər.

ÇıxışYolu.Com-a açıqlamasında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib ki, o,  23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı məntəqəsində ailə üzvləri və yaxınları ilə birgə səs verib.

“Eyni zamanda, yaxın qohumlarımdan bir neçəsi məxsusi olaraq, yaşadıqları ərazinin seçki məntəqəsindən qeydiyyatdan çıxaraq, bizimlə birgə səs verdilər”, – deyə Z.Oruc əlavə edib.

Z. Oruc  sonra bildirib ki, bugünkü tarix Azərbaycan dövlətinin həyatında önəmli gündür, xalqımızın bu gündən gözləntiləri var.

Onun sözlərinə görə, ilk növbədə vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti əsas məsələ olmalıdır: 

“Seçkilərin yekunlarından çıxan nəticə bu olmalıdır.

Çünki insanların gözləntiləri var.

Azərbaycan dövləti ötən illər ərzində böyük yol keçib.

Hamımızın imkanı var ki, bu dövrü düzgün dəyərləndirək.

Elə bir yekun olsun ki, heç kəs özünü çıxdaş edilmiş saymasın.

Bu nöqteyi-nəzərdən yanaşsaq, bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi təmin etsin, dövlətimizin həyatında davam edən inkişafın davamlılığını təmin etsin, siyasi qüvvələr arasında olan düşmənçilik, eləcə də, qarşılıqlı ittihamlar aradan qalxsın.

Eyni zamanda, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin.

Əminəm ki, belə də olacaq və bunun üçün əsaslarımız var”.

Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu (Məmmədov) da 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin nəzdindəki seçki məntəqəsində səs verib.

O, Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında yerləşən 15 saylı seçki məntəqəsində xanımı ilə birgə səsvermə hüququndan istifadə edib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadə isə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin paytaxtın Bəsti Bağırova küçəsində yerləşən 11 saylı seçki məntəqəsində öz iradəsini ifadə edib.

O, nəvəsi və adaşı Araz Əlizadə ilə birgə seçki məntəqəsinə gedib.

BAXCP-dən prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquliyev öz növbəsində 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.

Prezidentliyə namizəd seçkilərin gedişatından razılığını bildirib:

“Seçki prosesi indiyədək demokratik qaydada keçirilib.

Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil.

Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur.

Ümid edirəm ki, səsvermə də qanunauyğun baş tutacaq.

Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək.

İnşallah, biz Qarabağı azad edəcəyik.

Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com