Pula görə dayısını küçədə öldürmək istəyən şəxsin məhkəməsi başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda qətl törətməyə cəhd etməkdə
təqsirləndirilən Ramin Təhməzovun barəsindəki hökmdən verilən apellyasiya
şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə
azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə yeddi fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran
rayonu, Mamusta kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1989-cu il
təvəllüdlü Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73
yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri
alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək
mümkün olub. Ramin Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən
adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə istintaqı
zamanı Ramin Təhməzov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli
bilib. O ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta
kəndində yaşayırdı. Zərərçəkmiş İltifat Rufiyev onun dayısıdır. Əvvəllər dayısı
və onun övladları ilə münasibətləri yaxşı olub. Ramin Təhməzovun sözlərinə
görə, 1990-cı illərdə, uşaq yaşlarında olarkən, dayısı oğlu Anar fərdi
sahibkarlıqla məşğul olmaq üçün onun atasından külli miqdarda pulu borc olaraq
alıb. Atası isə 1994-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Lakin dayısı oğlu atasının yas mərasiminə gəlməyib. Eyni zamanda atasından
aldığı pulu da qaytarmaqdan imtina edib. Sonra isə Anar anasından borc qismində
5000 ABŞ dolları pul istəyib. Anası isə onlarla qonşuluqda yaşayan Nicatdan
sələmə 5000 ABŞ dolları pul alaraq Anara verib. Anar həmin pulla fərdi sahibkar
kimi iş görməli olduğu halda xərcləyib. Anası dəfələrlə qardaşı İltifatdan və
onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu
qaytarmayıblar. Anası 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın
7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Həmin vaxtlar uşaq olduğuna görə
anasına qarşı dayısı zərərçəkmiş şəxs və onun oğlu Anar Rufiyevin etdiyi
hərəkətlərlə bağlı hər hansı tədbir görə bilməyib. Anasının da ölümündən sonra
o və üç bacısı Lənkəran rayonu Mamusta kəndində yaşayan əmisi evinə köçüblər.
Əmisi onları himayə edərək böyüdüb. Bakı şəhərində olan evləri əmisi tərəfindən
satılaraq anasının sələmə götürdüyü pul ödənilib. O qeyd edib ki, Anar 2023-cü
ilin yanvar ayının sonlarında Rusiyaya gedib. Bundan sonra dayısı İltifatla
görüşməyə çalışıb. Lakin İltifat ondan yayınmağa davam edib. 7 fevral 2023-cü
il tarixdə, saat 09:30 radələrində dayısı İltifatın kənddə həmkəndliləri
Gülməmmədin “Mercedes-Benz” markalı avtomobilində oturduğunu görüb və kənarda
durub onu izləyib. Dayısı saat 10:30 radələrində həmin avtomobildən düşüb və
yaxınlıqdakı marketə daxil olub, bir qədər sonra isə oradan çıxaraq evi
istiqamətdə getməyə başlayıb. Bu zaman Ramin ona yaxınlaşaraq çağırıb. Dayısına
yaxınlaşaraq birlikdə gediblər. Ramin uşaq bağçasının yaxınlığına çatdıqda
İltifatdan anasından aldıqları pulu qaytarmalarını tələb edib və vəziyyətinin
ağır olduğunu bildirib. Lakin İltifat özünün və oğlu Anarın ona borcu
olmadığını söyləyib. Dayısı İltifatın haqsız danışdığını gördükdə əsəbiləşib və
özündə olan bıçaqla onu vuraraq qisas almaq qərarına gəlib. Lakin dediyinə
görə, dayısını öldürmək məqsədi olmayıb. Saat 11 radələrində İltifat dönüb
ondan aralaşmaq istədikdə sağ dirsəyi ilə onun üz nahiyəsinə bir zərbə vurub.
İltifat zərbənin təsirindən üzü üstə yerə yıxılıb. Əynindəki gödəkçənin sol yan
cibində olan mətbəx bıçağını çıxarıb dayısının başının arxa nahiyəsinə ardıcıl
olaraq iki zərbə endirib. Lakin bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etməyib.
Sonra isə əsəbi olduğundan İltifatı bıçaqla bir neçə dəfə də vurub. Bundan
sonra İltifatın hərəkətsiz vəziyyətdə qaldığını görərək oradan uzaqlaşıb,
dərhal DİN-in “102” Xidmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat
verib və yol uzaq olduğundan özü rayon polis şöbəsinə gedə bilmədiyindən polis
işçilərinin gəlib onu aparmalarını gözləyib.