43794d20-20d0-4809-9a8d-e607c00358c2..jpg

Qərbi Azərbaycan Xronikası: “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı” – VİDEO

Baxış sayı: 626 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən
cinayətləri üzə çıxardı” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçı azərbaycanlılara qarşı
törədilən cinayətləri üzə çıxardı” adlı veriliş efirə gedib.

Cixisyolu.com xəbər verir ki, verilişdə tanınmış erməni yazıçısı və alimi Lusine
Xaçatryan istər bədii əsərlərində, istərsə də tədqiqatlarında Qərbi Azərbaycan
ərazisində azərbaycanlılar, onlara məxsus mədəniyyət abidələri, həmçinin
qaçqınlıq tarixi, ermənilər tərəfindən abidələrin dağıdılması, Azərbaycan
adlarının dəyişdirilməsi mövzularına toxunur. Əslində erməni millətçiliyinin
tərəfində olan Lusine tarixi gerçəyi dana bilmədiyindən tədqiqat və seminar
mövzularında ermənilərin Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mədəni
irsinə qarşı törətdiyi barbarlığı, vandalizmi və repressiyanı göstərmək
məcburiyyətində qalır.

Avropada mükafata layiq görülən “Yaddaş dalanı” hekayələr toplusunda çağdaş
erməni insanının yaddaşında ilişib qalan qorxuların dalanına düşməsi, oradan
çıxa bilməməsi, daxili, ictimai acılar içində çabalamasını qabardır. Özünə və
psevdotarixinə hər an qəsd görən erməni türkü, azərbaycanlını, farsı, gürcünü,
rusu, KQB-ni, Qərbi, bir sözlə hər kəsi özünün yalanlarına qəsd edəcəyini
düşünür. Müəllif yazır: “Burada biz “yaşamırıq, ömrün sonunu gözləyirik. Biz
ölümü təxirə salmağa davam edirik, yoxsa həyatı gecikdiririk?”. Lusine bu
qorxular və qorxulardan yaranan düşmənçilikdən Ermənistanın gələcəyi olmayacağı
qənaətindədir.

“Lars tələsi” povestindən “Ermənistanda yaşamaq və klaustrofobiyada olmamaq
çətindir” fikri yaranır. Müəllif klaustrafobiyanı güclü qorxu kimi qeyd edərək
əslində ermənilərin bütün qorxularının səbəbini elə bunda görür.

“Qarabağ ət dükanı” əsərində isə özünü siyasi problemlər məngənəsinə saxlayan
erməninin böyük mədəniyyətdən, sivilizasiyadan geri qaldığını bədii fəndlərlə
çatdıra bilir. Bu əsərin də daxil olduği ibarət kitab Avropa İttifaqının
2021-ci ildə ədəbiyyat mükafatına layiq görülüb.

Tanınmış yazıçı və alim Lusine Xaratyanın digər araşdırmaları növbəti
buraxılışda təqdim olunacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link