c38c7a70-4e5a-470e-9d4a-52ebb30e699b..jpg

Qərbi Azərbaycan Xronikası: İrəvana təhlükəsiz qayıdış nədən asılıdır? – VİDEO

Baxış sayı: 516 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: İrəvana təhlükəsiz qayıdış nədən asılıdır? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.

“Son 35 il – Azərbaycanın böyük qaçqın sınağı” adlı süjetdə son 30 ildə
Azərbaycan qaçqın və məcburi köçkün məsələsi ilə bağlı çox ciddi və böyük
sınaqdan çıxdığı, 1988-ci ildə indiki Ermənistan ərazisindən qərbi
azərbaycanlılar erməni-sovet silahlı dəstləri tərəfindən öz yurd yerlərindən
güc yolu ilə çıxarıldığı qeyd olunur.

Bildirilir ki, Rusiya həmişə ermənilərə sponsorluq, havadarlıq edib: “Qərbi
Azərbaycandan gələn 250 min nəfər o vaxtkı Azərbaycan SSR-in məhdud imkanları
üçün çox ciddi problemlər yaratdı. 1989-cu ilin yazında Özbəkistandan da ahıska
türkləri qovulmuşdu və onları da Azərbaycan qəbul etdi. 1990-cı illərdən
Azərbaycanın Qarabağ bölgəsindən məcburi qaçqın köçü gəlməyə başladı. Bir
sözlə, 1988-1993-cü illərdə Azərbaycan ictimaiyyəti çox böyük tarixi fədakarlıq
nümayiş etdirirdi”.

Qərbi azərbaycanlıların qayıdışı məsələsinin, repatriasiya mahiyyəti ilə bağlı
maarifləndirmə işlərinin aparılmasının günün vacib məsələlərdən olduğu
bildirilən süjetdə Prezident İlham Əliyevin bu il iyulun 22-də “4-cü Sənaye
İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışından
sitat verilir: “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları
haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların
hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır…. Biz
hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik
bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”.

Sonda Azərbaycan tərəfinin Qarabağ iqtisadi rayonunda ermənilərin yığcam
yaşamasına, təhlükəsizliyinin təmin olunmasına hər cür təminat verdiyi,
Ermənistanın da qərbi azərbaycanlıların pozulan mülkiyyət və vətəndaşlıq
hüquqlarının bərpasına təminat verməsi halında Azərbaycanla Ermənistan arasında
danışıqların əhatəli sayılmasının mümkünlüyü. Eləcə də Qərbi azərbaycanlıların
repatriasiyası məsələsinin isə rəsmi Bakının danışıqlarda prioritet məsələ
olduğu qeyd olunur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında
avqustun 24-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında
yayımlanıb.


Source link