be67d3e0-7aba-48d0-baef-e4f926a7c7a2..jpg

Qərbi Azərbaycan Xronikası: “Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam” – VİDEO

Baxış sayı: 651 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Qaraçantada qalan məktəbli çantamı mütləq gedib
axtaracam” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti
buraxılışı efirə gedib.

“Arada 35 illik ayrılıq olsa da doğma kəndimizə qayıdacağıq” adlı veriliş
Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kənd
sakini Pərvanə İbrahimovanın həyat hekayəsinə həsr olunub.

Amasiya rayonu 1930-cu ildə təşkil olunub. Ağbaba-Şörəyel mahalında 21 min
əhali yaşayıb ki, onun 18 mini məhz azərbaycanlılar olub. Rayonun ümumi 27
kəndi olub, onun 21-də azərbaycanlılar, 5-də ermənilər, rayon mərkəzində isə
qarışıq yaşayıblar.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən
danışıb və deyib ki, kəndimiz Hülley dağının ətəyində yerləşib: “Kəndimiz 3
hissəyə bölünürdü. Bizim evimiz Orta məhəllədə yerləşirdi. Buz kimi
bulaqlarımız var idi, oradan evimizə su aparırdıq.

Onun sözlərinə görə, Qaraçantada cəmi 11 il yaşayıb: “Mən 1988-ci ildə 3 ay 7
gün məktəbimizdə dərsə gedə bildim. Ona görə 11 yaşlı xatirələrim mənim üçün
həm əziz, həm doğma və eyni zamanda, unudulmaz, daşlaşmış xatirələrdi və
müqəddəsdir.

P.İbrahimova uşaq vaxtı oynadıqları oyunlardan, əriştə kəsimi mövsümündən,
maraqlı toy adətlərindən, qədim peçeniklərə aid 5-6 metr olan sal daşların
üstündə gəzməklərindən, təbii xına hazırlamaqlarından və Novruz bayramının
xüsusi gözəlliyindən söz açıb.

Orta məktəbi heç vaxt unutmadığını və sinif otaqlarını daim yadında
saxladığını deyən Qaraçanta sakini bildirib ki, əgər yenidən doğma kəndimə,
Ağbaba-Şörəyel mahalına qayıtmaq imkanım olsa, Gümrünün yolu ilə gedib Çələb
kəndindən öz kəndimizi uzun müddət tamaşa edər, qaça-qaça məktəbimizə gedər,
sinif otağımıza baxaram: “Kəndin qəbiristanlığında atamın nənəsinin məzarını,
Seyidlər tayfasının kümbəzini ziyarət edərəm. Bizim bir çox nişanəmiz qalan ata
evimizə gedərəm. Mənim orada məktəbli çantam da qaldı və mütləq gedib orada o
çantamı axtararam”.
O deyib ki, 1988-ci ilin fevral ayından etibarən artıq dükanlara, mağazalara
heç bir ərzaq gəlmirdi, vəziyyət get-gedə gərginləşirdi, yollar bağlanmışdı:
“1988-ci il dekabrın 7-də Spitak zəlzələsi baş verdi. Ermənilərin başı öz
işlərinə qarışdı. Belə bir vaxtda artıq yollar açıldı. Atam Gəncədən 2-3 ailəyə
bir yük maşın gətirmişdi. Əşyalarımızın toplanması səhnəsi çox ağrılı idi.
1988-ci ilin dekabrın 12-də biz öz kəndimizdən çıxdıq, 6 saat Qaraxaç yolunda
qaldıq. Altı saatdan sonra Gürcüstan yolu ilə Qazağa gəldik və sonra biz Gəncə
şəhərində məskunlaşdıq”.
P.İbrahimova sonda ümidvar olduğunu bildirib ki, dünyada ocaqdan isti heç nə
yoxdu. Ermənilər bizim ocağımızı söndürdülər, amma ümidimizi söndürə
bilmədilər. O ümid var və biz mütləq öz doğma kəndimizə qayıdacağıq və 11 yaşlı
daşlaşmış Qaraçanta xatirələrimi daha yeni xatirələr əvəz edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Veriliş oktyabrın 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube
kanalında yayımlanıb.

Ətraflı Baku TV-nin süjetində:


Source link