23cf10ec-ce7f-4987-9844-bc88a8b7fa82..jpg

Qanundakı dəyişiklik Azərbaycanda yaşayan xarici vətəndaşlığı olan soydaşlarımıza necə təsir edəcək? – FOTO

Baxış sayı: 668 dəfə baxılıb.

Qanundakı dəyişiklik Azərbaycanda yaşayan xarici vətəndaşlığı olan
soydaşlarımıza necə təsir edəcək? – FOTO

Miqrasiya Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılaraq
üçüncü oxunuşda təsdiqlənib. Əsas dəyişikliklərdən biri də odur ki, əcnəbilərə
ölkə ərazisində uzun müddət yaşamaq icazəsi almadan haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının
əldə edilməsi üçün müraciət etmək və digər geniş imkanlar tanınıb.

Dəyişikliyə görə, əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində
olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli yaxın qohum olarsa, yəni atası,
anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşıdırsa,
həmin əcnəbiyə ölkəmiz ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir.

Bu dəyişiklik hazırda Azərbaycanda yaşayan Gürcüstan və Rusiya vətəndaşlığı
daşıyan soydaşlarımızın həyatına necə təsir edəcək?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Dövlət
Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov mövzu ilə
bağlı açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində miqrasiya
prosesləri kifayət qədər dinamikdir, dəyişkəndir. Bu prosesdə ictimai-siyasi,
sosial-iqtisadi və digər səbəblər təsiredici rola malikdir:

“Azərbaycanda da qonşu ölkələrlə, xüsusən də Rusiya ilə çox sıx, intensiv
miqrasiya mübadiləsi var. Azərbaycan-Rusiya miqrasiya mübadiləsi qonşu
ölkələrlə ümumi miqrasiya mübadiləsinin 80-85 faizini təşkil edir. Bu səbəbdən
miqrasiya qanunvericiliyi miqrasiya mübadiləsini düzgün və faydalı şəkildə
tənzimləməlidir. Zaman-zaman baş verən proseslər, kənar amillər Miqrasiya
Məcəlləsinin ayrı-ayrı müddəaları üzərində yenidən işləməyi, qanunvericiliyi
daha da təkmilləşdirməyi zəruri edir. Bu zərurətdən irəli gələrək atılan
addımlardan biri də daimi yaşamaq hüququnun alınması məsələsinin günün tələbinə
uyğun şərtlərlə tənzimlənməsidir. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən
dəyişiklik məhz buna xidmət edir. Azərbaycanda fasiləsiz olaraq son 2 il
ərzində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşamaq hüququ
əldə etmək üçün vəsatət verə bilərlər. Burada birinci dərəcəli qohumluq
əlaqəsinin əsas götürülməsi, qohumluq dərəcəsinin əhatəsi konkret olaraq
göstərilib”.

A.Allahverənov deyib ki, Miqrasiya Məcəlləsindəki bu dəyişiklik ölkə
ərazisində müvəqqəti yaşamaq istəyənlər üçün əlavə imkanlar yaradır. Onun
qənaətincə, bu dəyişiklik xarici vətəndaşlığı olan mütəxəssislərin ölkəyə cəlb
olunmasına da kömək edəcək:

“Daimi yaşamaq hüququ əldə edən şəxsin əmək fəaliyyəti göstərməsi üçün əlavə
icazə almasına ehtiyac yaranmır. Həmin şəxslər siyasi hüquqlar istisna olmaqla,
Azərbaycan vətəndaşlarının sahib olduğu digər bütün hüquqlardan istifadə edə
bilərlər. Daimi yaşamaq hüququ olan şəxslər seçki yolu ilə bələdiyyələrin
idarəolunmasında da yaxından iştirak imkanı qazanır. Onlar Dövlət İmtahan
Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edə, digər vətəndaşlar kimi
pulsuz ali təhsil almaq hüququndan yararlana bilərlər. Göründüyü kimi
üstünlüklər çoxdur və bu, Azərbaycanda daimi yaşamaq hüququ əldə edənlər üçün
daha geniş imkanlar, hüquqlar deməkdir. Müsbət haldır ki, Azərbaycanda daimi
yaşamaq istəyənlərin sayı ildən-ilə artır. Əgər 2021-ci ildə 2397 nəfər daimi
yaşamaq icazəsi almışdısa, 2022-ci ildə belə şəxslərin sayı 2869 nəfər olub”.

“Sadaxlı Eli” İctimai Birliyinin sədr müavini, Gürcüstan azərbaycanlısı Rasim
Dəmirçəlli də Miqrasiya Məcəlləsinə edilən dəyişikliyi təqdirəlayiq hal kimi
qiymətləndirib.

O, Gürcüstan azərbaycanlılarının illərdir qanunun mövcud tələbindən dolayı
müxtəlif çətinliklərlə üzləşdiklərini deyib:

“Mən 1988-ci ildən Bakıda yaşayıram, burada bağçaya getmişəm, orta məktəb və
ali təhsilimi də Azərbaycanda almışam. Amma bir kağız parçası sıravi Azərbaycan
vətəndaşı ilə mənim aramda fərq yaradıb. Mən də Azərbaycan üçün faydalı olmaq
istəmişəm. Təəssüf ki, “sən Azərbaycan vətəndaşı deyilsən”, “qanunla burada
daimi yaşamaq hüququn yoxdur” və sair bu kimi maneələr mənim kimi neçə-neçə
soyadaşımızın qarşısını kəsib. Belə yanaşma Gürcüstan azərbaycanlılarını
üçüncü, dördüncü ölkələrə üz tutmağa məcbur edib. Soydaşlarımız vətəndaşı
olduğu Gürcüstanda da o dövrlərdə “sən dövlət dilini bilmirsən, diplomun burada
keçərli deyil” və sair kimi məsələlərlə qarşılaşıb daha ağır vəziyyətdə
yaşamaqdansa, Azərbaycanda və digər ölkələrdə müxtəlif sahələrdə çalışmağı
seçiblər. Azərbaycanın Milli Məclisində müzakirəyə çıxarılan və təsdiqlənən,
qəbul olunmasını səbirsizliklə gözlədiyimiz yeni qanun ümidvarıq ki, bundan
sonra soydaşlarımızın həyata daha nikbin və inamlı baxmasına vəsilə olacaq,
indiyə qədər üzləşdiyimiz çətinlikləri aradan qaldıracaq”.

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, miqrasiya
qanunvericilikdəki dəyişikliklərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Source link