744d8a8f-8363-46d8-809b-c919ac7c3ecd..jpg

“Qarabağ” üçün çempionluq oyunu? – “Sabah” evdə daha uğursuz çıxış edir – ARAŞDIRMA

Baxış sayı: 857 dəfə baxılıb.

“Qarabağ” üçün çempionluq oyunu? – “Sabah” evdə daha uğursuz çıxış edir –
ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında XXX turun “Sabah” – “Qarabağ” oyunu çempionluğun
erkən elan edilməsi ehtimalı baxımından vacib matç olacaq.

“Report”un məlumatına görə, Ağdam klubu əsas rəqibi ilə cari mövsümdəki
dördüncü duelindən qalibiyyətlə ayrılacağı təqdirdə qızıl medalları böyük
ölçüdə təmin edəcək.

Çünki belədə komandalar arasında xal fərqi 15-ə yüksələcək. Son altı turda bu
fərqi aradan qaldırmaq isə möcüzə olar.

“Sabah” bu mövsüm “Qarabağ”ın çempionluq yarışında əsas rəqibi hesab olunsa
da, komandalar arasındakı oyunların nəticələri bunun əksini deyir. Murad
Musayevin rəhbərlik etdiyi bakılılar indiyə qədər Ağdam təmsilçisi üzərində
qələbənin nə demək olduğunu bilmirlər.

2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” geridə qalan beş il
ərzində ölkə çempionatında 18 dəfə Qurban Qurbanovun komandası ilə üz-üzə
gəlib. Paytaxt təmsilçisi bunun yalnız altısında heç-heçə etməklə öyünə bilib.
Digər 12 qarşılaşma ağdamlıların qələbəsi ilə yekunlaşıb.

Aprelin 16-da “Qarabağ”ı qonaq edəcək Bakı klubunun bu rəqib önündə ev
nəticələri daha uğursuzdur. “Sabah” doğma arenasında “Qarabağ”la səkkiz dəfə
üz-üzə gəlib ki, bunun ikisində heç-heçə edib, altı dəfə meydandan məğlub
ayrılıb. Ev matçlarındakı top fərqi də “Sabah” üçün acınacaqlı mənzərəni ortaya
qoyur – 3:13. “Qarabağ” son iki səfər qarşılaşmasında qapısından top
buraxmayıb. “Sabah” axırıncı dəfə 18 ay əvvəl – 2021-ci ilin oktyabrında “Bank
Respublika Arena”da güclü rəqibini mərkəzə dəvət etməyi bacarıb.

“Qarabağ” 12 qələbədən üçündə rəqibini böyük hesabla üstələyib. İlk belə
nəticə 2019-cu ildə ev matçında (3:0) qeydə alınıb. Qurban Qurbanovun
yetirmələri 2021-ci ilin mayında səfərdə dörd cavabsız qolla yendiyi rəqibinə
həmin ilin dekabrında evdə 5:1 hesabı ilə qalib gəlib.

“Sabah” cəmi bir dəfə “Qarabağ”la qarşılaşmada birdən çox qol vurub. Bu da
cari mövsümün ilk dövrəsinə təsadüf edib. Murad Musayevin komandası üç dəfə
rəqibi mərkəzə dəvət etsə də, yekunda 3:4 hesablı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, aprelin 16-dakı “Sabah” – “Qarabağ” oyunu saat 19:00-da
başlayacaq.

Source link