4337b0e4-c8a0-482b-9b29-ec5b9471a27d..jpg

Qarabağda Rusiyanın əməlləri: Azərbaycanın ata biləcəyi addımlar – ŞƏRH

Baxış sayı: 914 dəfə baxılıb.

Qarabağda Rusiyanın əməlləri: Azərbaycanın ata biləcəyi addımlar – ŞƏRH

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı
kontingenti 10 Noyabr Bəyanatında təsbit edilən funksiya və mandatından kənara
çıxmaqla regionda təhdid mənbələrindən birinə çevrilir.

Qarabağdakı Rusiya ordusunun Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Azərbaycan
ərazilərindəki separatçılara qol-qanad verən silah daşınmasına yardımçı olduğu
azmış kimi, bu dəfə də terrorçu ünsürlər üçün yol tikintisinə kömək edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatı:

– Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi
daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb
edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda yeni
Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Müdafiə Nazirliyi bəyan edib ki, sülhməramlı kontingentin üzərinə düşən vəzifə
borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bəli, sülhməramlı kontingentin xidmət etdiyi zonada baş verənlərin məsuliyyəti
Ermənistanla yanaşı, Rusiyanın da üzərinə yüklənir.

Bu yükü qaldırmaq üçün Rusiya siyasi rəhbərliyi, ordu komandanlığı sülhməramlı
kontingentin fəaliyyətini 10 Noyabr Bəyanatına uyğun şəkildə qurmaq üçün qərar
və əmrlər verməlidir.

Bəyanatdakı müddəalarla sülhməramlı qüvvələrin fəaliyyəti arasındakı tərs
mütənasiblik Rusiya Prezidenti Vladimir Putinin də imzasına hörmətsizlikdir.

Hərçənd ki, Rusiyanın qlobal və regional siyasətindəki notlar dəyişməyib, yəni
münaqişələrin yaradılması, onların idarə edilməsi, ox yaydan çıxanda isə yeni
nəsnələr əlavə edilməsi Moskvanın gündəliyindəki prioritetlərdir.

Azərbaycan Rusiyanın gündəliyindən xəbərdardır, ancaq Bakı Moskva ilə elə bir
siyasət aparır ki, Kremlin ambisiyaları neytrallaşsın və əlaqələr qarşılıqlı
maraqlara söykənsin.

Açığı, Rusiyanın regiondan əl çəkəcəyini söyləmək primitiv səslənər, çünki
Moskva Cənubi Qafqaz platformasını özünün hegemonluq dairəsinin içərisində
görmək üçün tarixi istinadlardan yapışır.

Lakin regionun konfiqurasiyasını təyin edən sütunlar dəyişib, Azərbaycanın
Qərblə Rusiya arasındakı balanslı siyasəti onun ordu potensialı və müdafiə
qüdrətini artırması ilə müşayiət edilir.

Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir və Rusiya Ankaranın regionda
böyüyən maraqları ilə hesablaşır.

Düzdür, bəzi məqamlarda Rusiya Türkiyə ilə birgə hərəkət etsə də, ümumilikdə
tarixi-siyasi rəqabət konteksti bu iki ölkənin regiondakı rəqiblik hərarətini
artırır.

Sülhməramlı kontingentin fəaliyyətindəki səmərəsizlik əmsalı artdıqca,
regional əməkdaşlıq axsayacaq və bunun özü daha çox Rusiyanın əleyhinə ox
formasını alacaq.

Bu baxımdan Rusiya özünün hərbi-siyasi məkanındakı təxribatları praqmatik
ideyalar və addımlarla əvəz etməlidir.

Azərbaycan sülhməramlı qüvvələrin sülhyaratmanın elementi kimi nəzəri
funksiyası ilə onun əməli müstəvidəki fəaliyyətini təhlil edib strateji
nəticələr çıxarmalıdır.

Hazırda inandırıcı deyil ki, Azərbaycanla Rusiya sülhməramlı qüvvələrin
regiondan çıxarılmasını müzakirə etsin.

Ancaq vaxt və zəmin yetişir ki, Bakı Moskvaya sülhməramlıların xidmətindəki
təxribatları göstərib, onların vaxtından əvvəl getməsi üçün əməliyyatları
gücləndirsin.

Azərbaycan Qarabağda separatçıların zərərsizləşdirilməsi üçün antiterror
əməliyyatlarını da gündəmdə saxlayır. Bunu Azərbaycanla Rusiya arasında
Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 11 və 18-ci maddələri
ilə tövsif edərək Moskvanın məsuliyyətini fonunda diqqətdə tuta bilər.

Bu, ikitərəfli razılaşma üçün istinad nöqtəsidir, lakin ən vacibi budur ki,
separatçılar və ona ruh verən sülhməramlılar Azərbaycanın Konstitusiya ilə
təsbit edilən unitar modelinə təhdid formalaşdırırlar.

Bu təhdidləri aradan qaldırmaq üçün diplomatik-siyasi həmlələr effektiv
nəticələr vermədikcə ortaya hərbi-siyasi manevrlər girəcək.

Aqşin Kərimov

Source link