cd95ff9d-cfbb-49bd-a8d7-a4ae7c721230..jpg

“Qaş düzəldəndə göz çıxaran” avtobus zolağı: Bakı-Sumqayıt yolunun dərdinə çarə niyə tapılmır? – FOTO/VİDEO

Baxış sayı: 1. 811 dəfə baxılıb.

“Qaş düzəldəndə göz çıxaran” avtobus zolağı: Bakı-Sumqayıt yolunun dərdinə
çarə niyə tapılmır? – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhər və axşam saatlarında Bakı-Sumqayıt yolu ölkə ərazisində ən çox sıxlıq
müşahidə edilən yollardan biridir. İllərdir bu yoldan istifadə edən sürücülər
ağır tıxaclardan, demək olar ki, beziblər.

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər isə evdən nə qədər erkən saatda
çıxsalar da, hər gün işə gecikdiklərini deyirlər. Çarə kimi bu günlərdə
Bakı-Sumqayıt yolunda ictimai nəqliyyat vasitələrindən istifadə edən
sərnişinlərin rahatlığını təmin etmək məqsədilə xüsusi avtobus zolağı
istifadəyə verilib.

Saat 7:00-dan 22:00-a qədər digər nəqliyyat vasitələrinin həmin zolağa girişi
qadağandır. Avtobus zolağı yolun yalnız Xırdalan dairəsindən Beynəlxalq
Avtovağzal Kompleksi istiqamətində olan hissəsini əhatə edir.

Təəssüf ki, səhər pik saatlarda sözügedən zolaqda ictimai nəqliyyatdan daha
çox, minik avtomobilləri gözə dəyir. Belə olan halda dəyişən nə oldu?

İstifadəyə verilən avtobus zolağı gözlənilən effekti vermir?

Nəqliyyat eksperti Yasin Mustafayev Cixisyolu.com-a açıqlamasında bildirib ki,
tıxacların, ekoloji çirkli mühitin, həddən artıq və yerli-yersiz verilən
siqnalların qarşısının alınması üçün hərəkət iştirakçıları birmənalı olaraq
fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata keçməlidirlər:

“Düşünün ki, hər kəs öz şəxsi avtomobili ilə pik saatlarda Sumqayıtdan Bakıya
və ya əks istiqamətə gedib-gəlir. Eləcə də, şəhər daxilində şəxsi işlərini həll
etmək üçün müvafiq istiqamətlərdə hərəkət edir. Fərdi nəqliyyat vasitələrindən
bu tempdə istifadə edilməsi davam edərsə, gələcəkdə bu vəziyyət çıxılmaz hal
alacaq. Böyük şəhərlərdə, meqapolislərdə ictimai nəqliyyatın populyar olması
proqram üzrədir. Burada ictimai nəqliyyatdan istifadə o qədər rahatdır ki,
sərnişinlər ictimai nəqliyyata üz tuturlar. Tıxac olmur, üstəlik ekoloji
vəziyyət də yaxşılaşır. Biz buna necə keçə bilərik? Bunun bir yolu var –
ictimai nəqliyyat təkmilləşməlidir.

İctimai nəqliyyatın çeşidli növlərindən istifadə edilməlidir, eləcə də, mövcud
növlər daha da təkmilləşdirilməlidir. Bir sərnişin avtobusa minib getdiyi yerə
gecikirsə, saatlarla tıxacda qalırsa, niyə minsin? Məsələn, Bakı-Sumqayıt
istiqamətində gedib-gələn sərnişinlər avtobusdansa birmanatlıq taksilərə
üstünlük verirlər. Çünki baxırlar ki, taksi avtobusdan daha tez gedir,
üstünlüyü verirlər taksilərə”.

Ekspert onu da əlavə edib ki, Bakı-Sumqayıt istiqamətində avtobus zolaqları
lazım idi:

“Bəli, mən də şahid olmuşam ki, avtobus zolağına minik avtomobilləri,
mikroavtobuslar da çıxır. Həmin zolaqda Bakı-Sumqayıt istiqamətində fəaliyyət
göstərən avtobuslar getməli olsa da, regionlara gedən avtobuslar da o hissəyə
daxil olur. Əslində isə bu, yolverilməzdir. Həmin zolaqda məhz ora üçün nəzərdə
tutulan nəqliyyat vasitəsi hərəkət etməlidir”.

Bəs bu funksionallığı necə bərpa edək? Nəzarət niyə zəifdir?

Yasin Mustafayev deyir ki, problemi həll etmək üçün kamera və digər texniki
vasitələrin sayını artırmaq lazımdır:

“Texniki vasitələr nə qədər çox olsa, nəzərdə tutulan sərnişin avtobuslarından
başqa zolağa daxil olan digər nəqliyyat vasitələrinə yerindəcə cərimə
protokolları gəlsə, bu, digərləri üçün siqnal olacaq. Bir sürücüyə avtobus
zolağına çıxdığı anda elektron cərimə tətbiq edilərsə, o sürücü bir daha o
zolağa çıxmayacaq. Bu praktikanı əyani olaraq 2015-ci ildə Avropa Oyunlarında
gördük.

Həmin ərəfədə ayrılan zolağa ilk gün 300 nəfərə yaxın şəxs cərimələndi. Daha
sonra hər kəs başa düşdü ki, o zolağa daxil olsa, cərimələnəcək. Bakı-Sumqayıt
yolunda da eyni praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Düzdür, texniki
vasitələrin sayının artırılması vəsait tələb edir, amma nəticədə bu addım özünü
doğruldursa, məncə, tətbiq edilməlidir.

Bir kameranın qiyməti orta hesabla nə qədər olacaq? Düşünürəm ki, bir kamera
dörd-beş nəqliyyat vasitəsinin qayda pozuntusunu qeydə alsa, ona çəkilən xərc
çıxar. Necə deyərlər, texniki vasitəyə xərclənən pul qısa zamanda büdcəyə geri
qayıdar. Bu mənada düşünürəm ki, həmin zolaqda texniki vasitələrin sayı daha da
artırılmalıdır”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)
inspektoru, polis leytenantıElvin Hacıyev Cixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirib ki, sözügedən ərazidə ümumi istifadədə olan zolaq avtobusların
hərəkəti üçün nəzərdə tutulub:

“Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat
vasitələrinin hərəkət etməsi qadağandır. Bu, inzibati məsuliyyət yaradır.
Sürücülərdən xahiş olunur ki, avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın
hərəkətinə maneə yaratmasınlar. Əks halda həmin sürücülərin barəsində
qanunamüvafiq tədbirlər görüləcək”.

Könül Cəfərli


Source link