d75f65fc-4384-4003-ab02-036407a19083..jpg

“Qazprombank”: “Azərbaycan MDB ÜDM-yə nisbətdə ən yüksək valyuta ehtiyatlarına malik ölkələrdən biridir”

Baxış sayı: 797 dəfə baxılıb.

“Qazprombank”: “Azərbaycan MDB ÜDM-yə nisbətdə ən yüksək valyuta ehtiyatlarına
malik ölkələrdən biridir”

Avropa və Çin arasında strateji cəhətdən əlverişli mövqedə yerləşən və inkişaf
etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik
Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda
yeni aparıcı logistika mərkəzinə çevrilir.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” bankının Təhlil
şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina
deyib.

G.Xaydarşina bildirib ki, “Neft və qaz ixracatçısı kimi Azərbaycan yüksək
karbohidrogen qiymətlərinin və tədarük zəncirlərinin yenidən qurulmasının əsas
benefisiarlarından biridir.

“Eyni zamanda, yenidən tətbiq edilən karantin tədbirlərinin olmaması, turist
axını və pul köçürmələri sayəsində, biz ölkənin qeyri-neft-qaz sektorunda
iqtisadi fəallığın bərpasını müşahidə edirik”, – G. Xaydarşina vurğulayıb.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə iqtisadiyyatın
şaxələndirilməsinin əsas hərəkətverici qüvvəsi Qarabağda yeni nəqliyyat və
sosial infrastrukturun, sənaye parklarının və bərpa olunan enerji obyektlərinin
tikintisini əhatə edən yeni layihələr olacaq.

Bundan əlavə, “Qazprombank”ın iqtisadçısı hesab edir ki, xarici böhran
təzahürlərinə baxmayaraq, Azərbaycan MDB məkanında ÜDM-yə nisbətdə ən yüksək
valyuta ehtiyatlarına malik ölkələrdən biridir:

“Ölkənin strateji qızıl-valyuta ehtiyatları 2022-ci ildə təxminən 58 milyard
ABŞ dolları (ÜDM-in 73,7 %-i) təşkil edib ki, bu da 49,5 aylıq idxalı əhatə
edir. Eyni zamanda, xarici şoklara və fiskal stimullara baxmayaraq, Dövlət Neft
Fondunun (ARDNF) aktivləri rekord həddə çatıb. Yüksək karbohidrogen qiymətləri
sayəsində ötən il dövlət büdcəsinə 12,7 milyard manat (7,5 milyard ABŞ dolları)
transfer edilməsinə baxmayaraq, 2022-ci ildə ARDNF-nin aktivləri 8,9 % artaraq
rekord səviyyəyə – 49 milyard ABŞ dollarına çatıb. Belə əhəmiyyətli artıma bu
amillər təsir edib: qlobal iqtisadi canlanma kontekstində karbohidrogen
bazarında müsbət dinamikanın (2022-ci ildə “Brent” neftinin orta qiyməti bir
barel üçün 99 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 39,7 %
çoxdur) ARDNF-nin vəsaitlərinin artırılması səbəb olması; həftəlik valyuta
hərraclarında Neft Fondunun xarici valyuta satışında 22,5 % azalmanın qeydə
alınması”, – G.Xaydarşina qeyd edib.

“Qazprombank”ın hesablamalarına görə, Qarabağda həyata keçirilən yeni
layihələr və Azərbaycanın Avrasiya regionunda artmaqda olan logistik əhəmiyyəti
sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla, 2024-cü
ildə sonuncunun ÜDM-dəki payı 70 %-ə yaxınlaşacaq. “Bu, ölkənin müasir
tarixində ən yüksək səviyyə olacaq”, – o deyib.

Source link