49597c29-a2b0-4777-834c-2257c564e888..jpg

“Qızıl Səadət”in 21 kiloqram qızılına görə general 400 min rüşvət istəyib? – TƏFƏRRÜAT

Baxış sayı: 663 dəfə baxılıb.

“Qızıl Səadət”in 21 kiloqram qızılına görə general 400 min rüşvət istəyib? –
TƏFƏRRÜAT

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq
rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun adı hallanan, “qızıl
Səadət”in şikayəti əsasında açılan cinayət işi ilə bağlı məhkəmə qərar verib.

“Qaynarinfo”nun məlumatına görə, iş üzrə gömrük general-mayoru Məsum Rəsulovun
yaxın qohumu, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının (NMR) Nehrəm
kəndində anadan olmuş Türkan Abdullayeva saxlanılıb.

Hadisə isə belə baş verib. Səadət adlı qadının 2021-ci ildə Türkiyədən 865.000
ABŞ dolları dəyərində olan cəmi 21 kiloqram 895 qram müxtəlif adda qızıl-zinət
əşyaları gömrükdə bəyan edilmədiyi üçün saxlanılıb. Səadətə Türkiyədən
Azərbaycana göndərdiyi qızılların sərhəddə tutulması ilə bağlı cinayət işinə
DGK-nın İstintaq Baş İdarəsində müstəntiq işləyən Elxanın rəhbərlik etdiyi
bildirilib. O, bu işin həll edilməsi üçün vaxtı ilə DGK-da yüksək vəzifədə
çalışmış tələbə yoldaşı Mehman Sadıqovla görüşüb. M.Sadıqov onu dəstək olmaq
üçün general-mayor M.Rəsulovun qohumu Türkan Abdullayeva ilə görüşdürüb.

T.Abdullayeva görüş zamanı M.Rəsulova zəng edib və işi 400.000 manata həll edə
biləcəyini deyib. T.Abdullayeva həmçinin qeyd edib ki, məsələni “Yaxt Klub”da
M.Rəsulovla görüşərək həll edəcək. Səadət isə bu işə görə cəmi 100.000 manat
verməyə razılaşıb.

Üstəlik T.Abdullayeva söhbət əsnasında M.Rəsulovun tapşırığı ilə gömrükdə
saxlanılmış və dövlət nəfinə keçmiş siqaret və alkoqollu içkiləri götürüb
satdığını da deyib.

7 may 2022-ci il tarixdə Səadət ilkin olaraq Mərkəzi Univermaqda yerləşən
ofisində M.Sadıqova 12 min dollar verib. Daha sonra M.Sadıqov T.Abdullayevanın
“Yaxt Klub”da M.Rəsulovla görüşdə 600 manat hesab verdiyini deyib və həmin
vəsaiti də Səadətdən alıb.

DGK-da keçirilən məlum əməliyyatlardan sonra işinin həll edilmədiyini görən
Səadət hüquq-mühafizə orqanlarına müraciət edib.

Qızıl ticarətçisi olan Səadət məhkəmədə bu işdə digər günahkar kimi keçmiş
gömrük məmuru M.Sadıqovu göstərib:

“Ömründə bir-iki dəfə üç günlük Türkiyəyə getməyən Mehman Sadıqov 2023-cü ildə
ölkəni tərk edib və bu günə qədər dönməyib. Təqsirləndirilən şəxsin əməlində
Cinayət Məcəlləsinin 178.2.1 maddəsi var. Onunla əlbir olub məni aldadan Mehman
Sadıqovun əməlində də Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 178.2.4, 32.4,
312.2-ci maddələrinin olmasını nəzərə alaraq, işin düzgün qiymətləndirilməsi
üçün Baş Prokurorluğa qaytarılmasının təmin olunmasını xahiş edirəm”.

O da məlum olub ki, T.Abdullayeva dəfələrlə dələduzluq maddəsi ilə saxlanılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.1 və
178.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması
üçün cinayət işi ibtidai araşdırmaya – prosessual rəhbərliyi həyata keçirən
prokurora qaytarılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan
tədbiri dəyişdirilmədən saxlanılıb, onun həbsdə saxlama müddəti iki ay, yəni 27
sentyabr 2023-cü il tarixədək müəyyən edilib.

Qeyd edək ki, general-mayor M.Rəsulov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə
külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb
edilib. Dövlət Təhlükəsizlik Xidmətində (DTX) davam edən cinayət işi
çərçivəsində 2022-ci ilin iyulun 14-də M.Rəsulov saxlanılıb. O, 18.03.2023-cü
il tarixində ev dustaqlığına buraxılıb. M.Rəsulovun gömrük baxışı zamanı
müsadirə olunan müxtəlif növ malları məhv etmək adı ilə Abşeron rayonunun
Fatmayı kəndində olan iki hektar ərazidə yerləşən üç mərtəbəli villasının
zirzəmisində saxlaması da məlum olub.

Source link