Qanunsuz heyvan kəsimi şəhəri sallaqxanaya çevirir

Qanunsuz heyvan kəsimi şəhəri sallaqxanaya çevirir

Baxış sayı: 7. 618 dəfə baxılıb.

İri və xırdabuynuzlu heyvanların kəsimi ilə bağlı ictimai qınaq olmalıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Media və təhlükəsiz qida” mövzusunda baş tutan görüşdə çıxışı zamanı deyib. O bildirib ki, küçələrdə qanunsuz yolla kəsilən heyvanlar infeksiya yaradır:

“Bugünkü gündə küçələrdə, hər hansısa yaşayış evlərinin qarşısında heyvan kəsilmələri həyata keçirilir. Bu mənzərə şəhərdən çox sallaqxananı xatırladır. Bununla yanaşı əkilən hər bir ağac dar ağacı rolunu oynayır.

Kəsimi həyata keçirən şəxs, yəni qəssab gigiyena qaydalarına əməl etmir. Özüm də bir neçə dəfə heyvanların ayağının altına salıb, kəsimi həyata keçirilməsinin şahidi olmuşam. Bu ilk növbədə infeksiyadır və ağır xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu səbəbdən hər birimiz bu cür durumları görərkən ictimai şəkildə qınamalıyıq”.

Agentliyin sədri həmçinin çıxışı zamanı bu vəziyyətin uşaqların psixoloji durumuna birbaşa olaraq təsir etdiyini də vurğulayıb:

“Daha faciəli bir durum var ki, belə kəsimlər daha çox məktəblərin yaxınlığında həyata keçirilir. Dərsə gələn şagird bunu görür və bəzən izləməyə başlayır. Bu faciəvi bir durumdur. Şüuraltı mesaja bənzəyən bu vəziyyət şagirdin psixologiyasına birbaşa təsir edir. Belə olduqda isə həmin şəxs gələcək üçün qorxunc obraza çevrilə bilər”.

.
www.ÇıxışYolu.Com