db713397-54dd-440c-a0cc-37da418ca426..jpg

Qovuran istilərdə optimal geyim tərzini necə seçməli? – “Mayka dəb deyil, seçimdir” + FOTO

Baxış sayı: 390 dəfə baxılıb.

Qovuran istilərdə optimal geyim tərzini necə seçməli? – “Mayka dəb deyil,
seçimdir” + FOTO

Son iki həftə ərzində havalar kəskin isti keçir. Belə şəraitdə orqanizmi
qorumağın yollarından biri də düzgün geyim formasının seçilməsidir.

Bəs görəsən, qızmar havalarda hansı tərz və rəngdə olan geyimlərə üstünlük
vermək lazımdır? Yayda hansı parçalardan olan paltarlar məqsədəuyğundur?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən modelyer-dizayner Şəlalə Maqsudova
deyib ki, yay fəslində diqqət edilməli olan əsas məqam geyimlərin keyfiyyətli
parçalardan hazırlanmasıdır:

“Hava keçirən, bizi tərlətməyən, bədənimizlə rahat təmasda olan parçalar
seçməliyik. Qatqısız kətan və təbii ipək parçadan hazırlanan geyimlərə daha çox
üstünlük vermək lazımdır. Sintetik və süni parçalardan yay ərzində uzaq
durmalıyıq. Çünki bədənimiz hava ilə rahat təmasda olmalıdır”.

Ş.Maqsudova qeyd edib ki, sintetik parçalar orqanizmimizdə bir çox
xəstəliklərə səbəb ola bilər:

“Parçaların tərkibində süni qatqılar qəti şəkildə olmamalıdır. Orqanizmdə
xəstəliklərə səbəb ola bilər. Sintetik parçalar xəstəliklər yaradır. Nəinki
yay, başqa fəsillərdə də olmaz. Düşünürəm ki, hər kəs də bu çağırışa riayət
etməlidir. Parçanın tərkibindən sonra biçimi və rəngi də əsas rol oynayır.

Bədənimizə kip oturan dar geyimlərdən istifadə etməməliyik. Günəşdən qorunmaq
üçün çox açıq-saçıq olmamaq şərti ilə bədənə boş oturan geyimlərə üstünlük
vermək məsləhətdir”.

Modelyer 2023-cü ilin dəbindən söz açıb:

“Kətan və ipəkdən olan, həm birtonlu, həm də qarışıq xırda güllü, üzərində
elementlər olan parçalar dəbdədir. Gen sarafan və donlar 2023-cü ilin dəbidir.

Lakin xanımlarımız mayka və “krop”lara daha çox üz tuturlar. Bu onların
seçdiyi tərzdir. Amma dəb hesab olunmur. Oluna da bilməz. Geyindiklərinə fikir
versək, görərik ki, 10 faiz insan yalnız dəbi izləyir. Ona görə də bu, normal
haldır”.

“Yay aylarında ümumiyyətlə qara, tünd rəngləri məsləhət görmürəm. Ən çox ağ
rəng, açıq-çəhrayı, açıq-sarı, açıq-mavi rənglər seçimimiz olmalıdır.
Ümumiyyətlə, açıq, ağ rəngli paltarlar Günəş şüalarını əks etdirir, tünd rəngli
geyimlər isə Günəş şüalarını udaraq, bədənin hərarətinin artmasına səbəb olur”,
– deyə Ş.Maqsudova qeyd edib.

Nəzrin Vahid

Source link