c6114031-299d-4fed-a511-e22baa67291d..jpg

Qumbara gəzdirən, başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq artisti – Maraqlı Faktlar

Baxış sayı: 923 dəfə baxılıb.

Qumbara gəzdirən, başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq
artisti – Maraqlı Faktlar

Kulis.az 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən, əlil
olan ilk və son Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə
Musayeva ilə bağlı on maraqlı faktı təqdim edir.

Şükufə İmran qızı Musayeva 23 aprel 1966-cı ildə Bərdə şəhərində anadan olub.
Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində
təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif
Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğu müddətdə Şuşa Dövlət Dram
Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq Teatrındakı tamaşalara
dəvət alır.

1988-ci ildə Qarabağın başının üstünü dumanlar alanda texnikumu bitirir və
Şuşa Mədəniyyət Evinə təyinat istəyir. O zaman hələ Şuşa Teatrı yox idi. 90-cı
illərdə Şuşa Dövlət Dram Teatrı açılır və Şükufə xanım oranın aktrisalarından
biri olur.

Şuşanın işğalından sonra dözmür, könüllü müharibəyə qoşulur. Artıq hamı ona
bir aktrisa, bir xanım kimi yox, döyüşçü kimi yanaşırdı. Özü xatırlayır:

“Bütün qadın hislərimi unutmuşdum. Sevgi, qorxu, həyəcan… heç nə hiss
etmirdim. Mən fəxrlə xatırlayıram o illəri. Çünki cəbhədə Azərbaycan
qadınlarının utanacağı heç nə yaşanmayıb.”

Şuşanın işğalı ilə bağlı bunları deyir:

“Şuşada döyüşlər gedəndə mən Laçının Anakirs deyilən ərazisində idim. Orada da
qızğın döyüşlər gedirdi. Erməni bu istiqamətdən də hücuma keçmişdi. Biz döyüşüb
onları geri çəkilməyə məcbur etdik. Şuşanın işğal xəbərini Laçında aldım.
Dünyam başıma yıxıldı. Laçında camaat “Şuşa” deyib ağlaşırdı. Mən qulaqlarıma
inanmırdım. Onların üstünə qışqırırdım. Deyirdim, siz nə danışırsınız? Şuşa
işğal oluna bilməz! Birdən çevrilib Şuşa tərəfə baxdım. Gördüm, tüstüsü ərşə
qalxıb. Çox istəsəm də, Şuşaya tərəf gedə bilmədim. Artıq ermənilər Anakirs
tərəfdən Laçına hücuma keçmişdilər”.

Döyüş boyu düşmənə əsir düşməsin deyə üstündə həmişə qumbara gəzdirib. Elə bir
təhlükə olsa, fitilini çəkib özünü partladacaqdı.

1992-ci il martın 18-də şəkil çəkdirmək üçün Şuşadakı fotostudiyalardan birinə
gedir. Qəfil ermənilər şəhəri bombalayırlar. Fotoqraf qaçıb stolun altına
girir. Şükufə xanım onu sakitləşdirir, qorxmayın, deyir. Çölə çıxanda hamının
qaçdığını görür, lakin o, yerində dayanıb tüstülənən şəhərə tamaşa edir. Bu
vaxt texnikum müəlliminin səsini eşidir: “Qaç Musayeva!” “Müəllim, siz gedin,
mən gələcəyəm” dediyi an başına şüşə qırıqları tökülür.

Ağdərə uğrunda gedən döyüşdə yaralanıb. Yaralı yoldaşlarını döyüş meydanından
çıxarıb PDM-ə daşıyırmış. Milli Qəhrəman Şakir Salahov onu səsləyir, deyir,
bacı, ver, buradan o yana mən aparacağam. Xərəyi ondan alır. Bir az aralanan
kimi dəhşətli partlayış olur. Bircə söz eşidir: “Ay Allah öldüm!” Atılan mərmi
Şakirin bədənindən keçib PDM-ə girir. Onu isə qəlpələr tutur. Huşunu itirir.
Ayılanda görür, PDM yanır. Orada düz 8 nəfər ağır yaralanır, iki nəfər şəhid
olur.

Bədəninə 100 qəlpə girir. Çoxlu qan itirir. Boğaz damarlarında, üzünün
müxtəlif yerlərində qəlpə izləri var. Gözünün ağında da qəlpə var. Hələ də
soyuq havalarda gözləri ağrıyır. Qulaq pərdəsi də dağılıb. Bir qulağı eşitmə
qabiliyyətini itirib. Beyin çatı əmələ gəlib. Üstündə saatlarla əməliyyat
aparılandan sonra xoş təsadüfdən həyata qayıdıb.

Uzun saçları varmış. Başının arxasındakı qəlpəni çıxartmaq üçün həkimlər
saçlarını kəsəndə onu ağlamaq tutur. Deyir, uzun zaman idi ilk dəfə özümü qadın
kimi hiss edirdim.

1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivində
qiyabi rejissorluq təhsili alır. Müharibədə uduzan xanım heç olmasa öz
sənətində nəsə etməyə çalışır. Elçi gələnlər çox olsa da, ailə qurmaq istəmir.
Müharibə şəxsi həyatını alt-üst edir. Xeyli gec ailə qurur. Ağır yaralandığı
üçün tərxis olunur. Bu yaralar ana olmaq imkanını ondan alır:

“On uşaq anası olmaq istəyirdim, amma biri də olmadı. Müharibə mənim
arzularımın, istəklərimin üstündən qara xətt çəkdi”.

Ən ağır günlərdə belə qaçqın həyatı yaşayan Şuşa Teatrından heç vaxt ayrılmır.
Bu gün də oranın aktrisasıdır. Deyir, mənim Şuşaya vəfa borcum var:

“Elə günlər olub, bir qəpik pulum olmayıb, işə piyada gedib-gəlmişəm.
Teatrlardan dəvətlər olub. Amma başqa teatra keçmək haqqında düşünməmişəm.
Paralel olaraq Mədəniyyət evində, Xalq Teatrında rejissor kimi fəaliyyət
göstərmişəm. Amma Şuşa Teatrı ilə bağlarımı qoparmağa ürəyim gəlməyib”.

Şuşanın alınması xəbəri onu həddən artıq sevindirir: “Sevindiyimdən ürəyim
partlamaq dərəcəsinə çatdı. Həyatımda heç vaxt o gün sevindiyim kimi
sevinməmişəm”.

Source link