83eb14a4-364e-451c-8e56-7f0d07ff3091..jpg

Qurban Qurbanov: “Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan”

Baxış sayı: 634 dəfə baxılıb.

Qurban Qurbanov: “Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki,
buradan tez qaçasan”

“Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
“Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIX tur oyunundan
sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis dinamik komandaya qarşı çıxış etdiklərini bildirib:
“Gərgin oyun alındı, futbolçularda bəlkə stress də var idi. Qalibiyyət üçün çox
əziyyət çəkdilər. Bu gün dinamik komandaya qarşı çıxış edirdik. “Kəpəz” son
vaxtlar həm baxımlı, həm də fərqli oyun göstərir. Çox sürətli oyunçuları var.
Bir neçə səhvdən başqa rəqibin hücumlarının qarşısını ala bildik. Vacib 3 xal
qazandıq”.

Baş məşqçi mövsümü məğlubiyyətsiz başa vurmaq arzusunda olduqlarını
gizlətməyib: “Dünya futbolunda belə hallar olur. Çempionat hələ bitməyib. Ötən
il bir məğlubiyyətimiz olmuşdu. O vaxt da həmin görüşdə uduzmasaydıq, eyni
ssenari olacaqdı. Məğlubiyyətsiz çempion olmaq istərdim. Amma məqsədə hələ
çatmamışıq, qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik fikri ilə
işimizi davam etdirsək, səhv edərik. Hər matçda komandanı uduzmamaq istəyi ilə
çıxarmağa çalışıram. Futbolda düşünmədiyin anlarda məğlubiyyət olub”.

Qurbanov mövsüm sona yaxınlaşdıqca futbolçularda həm psixoloji, həm də fiziki
gərginliyin artdığını vurğulayıb: “Bəzən çətin olur. Komandaya yeni futbolçular
gələndə tam adaptasiyaya vaxt lazım olur. Bura kimi futbola fərqli yanaşa
bilərlər. Amma bizdə tam fərqlidir. İstərdim ki, sona kimi daha istəkli, daha
yaxşı formada olsunlar. Ancaq istənilən halda təsiri olacaq. Çünki yorulan
futbolçular var. Onların da əksəriyyəti millidə çıxış edənlərdir. Çünki daha
çox oyun keçirirlər. Özüm də bu yolu keçmişəm. Mövsümün sonuna yaxın istirahət
vaxtını gözləyirsən ki, buradan tez qaçasan. Sona kimi işimizdə ciddi
olmalıyıq, bunu futbolçulara da çatdırmağa çalışırıq”.

Toral Bayramovun adının “Qalatasaray” (Türkiyə), Abdullah Zubirin “Alanyaspor”
(Türkiyə), Elvin Cəfərquliyevin isə “Anderlext”lə (Belçika) birgə hallanmasına
da münasibət bildirən Qurban Qurbanov rəsmi təklif almadıqlarını deyib: “Ola
bilsin ki, sadəcə məlumatlar yayılıb. Bizə heç bir rəsmi təklif yoxdur. Varsa
da, normal haldır. İlboyu gedən prosesdir, hər hansı təkliflər olacaq. Bəzən
hansısa futbolçunu əldə etmək üçün menecerlər kluba yox, futbolçunun özünə
çıxırlar. Futbolçunun fikirlərini yayındırmağa başlayırlar”.

Mütəxəssis uğur qazandıqca problemlərin artmasını normal qarşılayır: “Təəssüf
ki, bunlar qaçılmazdır və işimizə çox mane olur. 3-5 illik komanda
formalaşdırırıq, öz oyunumuzu tam istədiyimiz səviyyəyə qaldırmaq istəyirik.
Gözləmədiyin vaxtda hansısa təklif olur. Futbolçu gedəndə bir problem olur,
getməyəndə başqa. Getdiyi zaman onun səviyyəsində birini tapmağa çalışırsan.
Getməyəndə də futbolçu düşünür ki, orada oynamağa layiq idi, onu buraxmadılar.
Onu ələ almaq üçün 2-3 ay vaxt lazım olur. Bəlkə sürətdə, gücdə bir az
uduzmuşuq. Amma ümumi oyun modelini qoruyub saxlamışıq. Problemsiz işləmək daha
asan olardı. Amma problemin içində insan böyüyür. Bunun ziyanı da, faydası da
var. Biz öz yerimizi qorumağa çalışırıq”.

Source link