Qurban Qurbanov: “Oyun gününə düşsəydi, Budapeştə getməyəcəkdim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ” Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Turan Tovuz”la
2:2 hesablı heç-heçə edib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov
jurnalistlərin suallarını cavablandırıb:
– “Turan Tovuz”u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi
itirmişdi. Bunu hiss etdim. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi.
İtkilərimiz də var idi. Milli fasilə ərəfəsində yorğunluq çox idi. Marko
Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq.
– Qələbə üçün nə çatmadı?
– 2 qol vurduq, bəs etmədi. 3-cü qolu vurmaq lazım idi. Son vaxtlar
çempionatda nadir hallarda 2 top buraxırıq. “Turan Tovuz” standart
vəziyyətlərdə təhlükəlidir. Hər iki komanda layiq olduğunu qazandı.
– Əsas oyunçuların bəzilərini 90 dəqiqə meydanda saxladınız. Bu, “Bayer”lə
oyundan öncə riskli deyildi?
– Risklər olacaq. Zatən bunu çox etmişik. Biz qarşıdakı oyunu fikirləşə
bilmərik. Belə hallar olur. Çalışacağıq ki, futbolçular yaxşı bərpa olsunlar.
– Fasilədən sonra gözlənilməz qol buraxdınız. Bu, sizin planlarınızı pozdu?
– Həmin qolda diqqətsizlik oldu. Rəqibin belə hücumları çoxdur. Plan dedikdə
daha çox Patrik Andradedən narahat idim. Onu heç meydana buraxmadım. Bəli,
nəticə bəzi planları etməyə imkan vermədi.
– Matias Silvaya narazılığınızı bildirirdiniz. Onun əvəzlənməsi oyunu ilə
bağlı idi?
– Oyundan narazı deyildim. Sadəcə bir-iki epizod var idi ki, diqqətli olmalı
idi. Əvəzetmə limitlə bağlı idi.
– “Bayer”lə oyun haqda fikirləriniz necədir?
– “Bayer” əlbəttə ki, ciddi rəqibdir. Tək çıxış etdiyi çempionata görə yox,
həm də oyununa görə. İstərdim ki, bütün futbolçular hazır olsun. Heyət optimal
deyil. Çalışacağam ki, bəzi şeylər haqda daha çox düşünüm.
– Rahil Məmmədovun oynamamasının səbəbi nə idi?
– Risk var idi. Millidə iki oyunda 90 dəqiqə oynayıb. Maksim və Kevinin də
ritmə düşməyinə ehtiyac var.
– Sabah Budapeştə səfəriniza gözlənilir, mükafat alacaqsız. Bu, sizin üçün
gözlənilməz oldu?
– Bəli, getməliyəm. Əvvəldən bildirilmişdi ki, belə bir tədbir olacaq. Oyun
gününə düşsəydi, getməyəcəkdim. Qayıdandan sonra daha çox fikir bildirə biləcəm.