a172e3b0-a66a-4e6f-8ca7-1da2a1f4cbf9..jpg

Qusarda qazıntı yerindən qədim tayfa başçısının möhürü tapıldı – VİDEO

Baxış sayı: 440 dəfə baxılıb.

Qusarda qazıntı yerindən qədim tayfa başçısının möhürü tapıldı – VİDEO

Qusarda aparılan arxeoloji qazıntılar zamanı beş məişət quyusu, bir təndir,
ocaq yeri, tikinti qalıqları, məişət əşyaları ilə yanaşı, qədim tayfa başçısına
aid iki müxtəlif möhür də tapılıb.

Bu açıqlamanı Bizim.media-ya Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji xidmət və yeni
tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri, Qusar ekspedisiyasının
rəhbəri Qəhrəman Ağayev verib.

O, Qusarın Bədirqala kəndi ərazisində yerləşən Qızılgül təpələri abidəsində
aparılan arxeoloji qazıntıların davam etdirildiyini açıqlayıb.

Qeyd edib ki, tarixi abidədə aparılan fundamental qazıntılar zamanı maraqlı
məişət əşyaları tapılıb.

Onun sözlərinə görə, adətən belə qazıntılar zamanı məişət əşyaları sınıq və
qırıntılar şəklində tapılır, saf, bütöv halda isə yalnız qəbirlərdə aşkar
edilir.

“Bu dəfə maraqlı haldır ki, saxsı qabın qapağı və şamdan bütöv, yəni saf halda
tapılıb. Bu, çox nadir hallarda belə tapılır” – deyə Qusar ekspedisiyasının
rəhbəri vurğulayıb.

Q.Ağayev bir müddət əvvəl Qızılgül təpələri abidəsini buldozerlə dağıdan
üzdəniraq qızılaxtaran şəxslərin məsuliyyətsiz hərəkətləri barədə artıq hüquqi
ölçü götürülməsinin vacibliyini vurğulayıb:

“Mən uzun illərdir arxeoloji qazıntı aparıram, tarixi abidə yerindən qızıl
tapmamışam. Demirəm ki, Azərbaycanda qızıl yoxdur, var. Varlanmaq istəyən bu
qızılaxtaranlar da əsasən əzəmətli abidələrimizə üz tutur, onları dağıdır, məhv
edirlər. Olmaz, belələri barəsində ciddi tədbirlər görülməlidir ki, onlar
çirkin əllərini tarixi abidələrimizdən çəksinlər”.

Q.Ağayev ilkin olaraq Qızılgül təpələri abidəsinin III-VIII əsrlərə, ilk orta
əsrlər dövrünə təsadüf etdiyini deyib:

“Arxeoloji tədqiqatlar bu abidənin daha qədim, antik dövrlərə gedib çıxdığını
təsdiqləyir”.


Source link