2dc5cbc1-355c-4bc2-9c78-f983eef05436..jpg

Restoranlarda xərclənən milyonlar – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 775 dəfə baxılıb.

Restoranlarda xərclənən milyonlar – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiyadan sonra Bakıda restoran biznesi özünə gəlməyə başlayıb. Şəhərin
mərkəzində fəaliyyət göstərən ictimai iaşə obyektlərində yer tapmaq mümkün
deyil. Hətta bəzi restoranlar sıxlığın qarşısını almaq üçün müştərilərə vaxt
limiti də tətbiq edirlər. Bu sahədəki inkişafı Dövlət Statistika Komitəsinin
hesabatı da təsdiqləyir. Bildirilir ki, 2023-cü ilin sentyabr ayında
Azərbaycanda əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait
xərcləyib. Bu göstəricinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə 33.9
milyon manat çoxdur.

Maraqlıdır, bu artım nəyin göstəricisidir? Bizim insanlarda da restoranda
nahar, şam etmək vərdişi formalaşmağa başlayıbmı? Ümumiyyətlə, bu sahənin
gələcəyi necə proqnozlaşdırılır?

“Kaspi” qəzeti mövzu
ilə bağlı restoran sahibləri və mütəxəssislərlə söhbətləşib.

Müasir gənclik yemək mədəniyyətini dəyişir

Marketinq və biznesin idarə edilməsi üzrə mütəxəssis Anar Zeynalov deyir ki,
restoranlara ödənilən pulların artmasının ilkin səbəbi ödənişlərin birbaşa
kassaya vurulmasıdır:

“Əvvəllər restoranlar işləyirdi, qəbz verilmirdi. Rayonlarda ümumiyyətlə,
qiyməti kağıza yazırdılar. İndi şəffaflıq olduğuna görə, rəqəmlər getdikcə
artır. Bununla yanaşı, qida məhsullarının qiymətinin artması da rəqəmlərə təsir
edir. Bakının rayonlarında, regionlarda da restoranlar, hotellər açılır. Ona
görə də bu rəqəmin bir ildə 20-25 faiz artması normaldır”.

Son illər restoranlarda səhər yeməyi ənənəsi də diqqət çəkən nüanslardandır.
Xüsusilə həftəsonları bron etməmiş səhər yeməyi üçün yer tapmaq mümkün deyil.
Mütəxəssis deyir ki, tendensiya hər il dəyişir:

“Məsələn, beş il öncə Azərbaycanda kofeşopları tapmaq çətin idisə, indi hər
yerdə var. Çayxor millət olmağımıza baxmayaraq, artıq insanlarda kofe
mədəniyyəti formalaşıb. Səhər yeməyi də həmçinin. Məsələn, bundan öncə bizim
mentalitetimizdə səhər yeməyinə getmək yox idi. Amma indi bazarda tələbat var.
Bu tendensiyaları yeni nəsil inkişaf etdirir. Valideynlərimizin əksəriyyətinə
deyəndə ki, gedək çöldə səhər yeməyi yeyək, deyəcəklər evdə var, niyə çöldə
yeyək. Müasir gənclik belə düşünmür və bu vərdişi dəyişir”.

“İnsanlar heç vaxt əyləncələrindən qalmırlar”

Bu sahənin gələcəyinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, dünyada ən böyük
bizneslərdən biri restoran biznesidir:

“İnsanlar heç vaxt əyləncələrindən qalmırlar. Söhbət tək yeməkdən getmir,
orada keçirdiyi asudə vaxt da əhəmiyyətlidir. Hazırda əsas tendensiya sağlam
qidadır. İnsanlar bir vaxtlar məşhur olan “fast food”dan uzaqlaşır, sağlam
qidaya yönəlirlər. Buna görə, restoran biznesinin ölkəmizdə də gələcəyi
böyükdür”.

Bəs restoran sahibləri nə düşünürlər?

Restoranlar şəbəkəsi olan Turxan Əlizadə təsdiqləyir ki, bu il onun dövriyyəsi
ötən ildən yaxşı olub:

“Pandemiya, müharibə dövrü, işçilərin xəstələnməsi bizə ciddi şəkildə təsir
etmişdi. Tendensiya yavaş-yavaş inkişaf edir. Əvvəllər masalarımız 10 idisə,
indi 15-ə qaldırdıq. Yaxud, pizza aparatlarımız əvvəl 10 ədəd bişirə bilirdisə,
indi 20 ədəd bişirir. Bu da, təbii ki, dövriyyəni artırdı”.

Sektorun inkişafına gəldikdə isə, gənc sahibkar deyir ki, tələbat var, amma bu
sahədə peşəkar işçi tapmaq çətindir:

“Məsələn, ofisiant kimi fəaliyyət göstərmək istəyən əməkdaşlarımızın 95 faizi
gəncdir və işə keçici iş kimi baxırlar. Xaricdə 40, 50 yaşlı insanlar bu sahədə
işləyirlər. Bizdə isə bundan utanırlar. Səbəb gəlir deyil, çünki peşəkarlar çox
yaxşı pul qazanırlar. Məsələn, xaricdə 10 il işləyirlər, təzə gələn heyətə də
mentor olurlar. Restoran mədəniyyətində ən böyük problem budur”.

Restoran biznesinin gələcəyinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, bu
sahə ölkəmizdə ən yaxşılardandır:

“Biz yeməyi, içməyi, əylənməyi sevən millətik. Ona görə bu sahənin inkişafı və
mədəniyyətin formalaşması qaçılmazdır”.

Restorana müraciət edənlərin sayında 10-12 faiz artım var

Bakıda məşhur restoranlardan birinin sahibi olan Fikrət Xəlilov isə deyir ki,
sentyabr ayı ictimai iaşə biznesinin artım ayıdır:

“İyun, iyul, avqust ayları bu biznesdə passivlik müşahidə olunur. Çünki yay
ayları olduğu üçün insanlar bağlara köçür, rayonlara gedirlər. Sentyabr ayında
isə hər kəs qayıdır və bu aktivlik təbiidir”.

Mütəxəssis 2019-cu illə müqayisədə restorana müraciət edənlərin sayında 10-12
faiz artım olduğunu da bildirdi:

“Elektron kassa aparatlarının quraşdırılması, əhalinin daha çox nağdsız
ödənişlərə üstünlük verməsi avtomatik olaraq biznesin şəffaflaşmasına gətirib
çıxarıb”.

Qərb ailə modelinə keçidi müşahidə edirik

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri
Samir Dübəndi qəzetimizə açıqlamasında bildirdi ki, son vaxtlar əhalinin
restoran mədəniyyətinin formalaşmasını, qərb ailə modelinə keçidi müşahidə
edirik:

“Bizim də ailələr evdə yemək bişirməkdən imtina edir, restoranlara gedirlər.
Digər tərəfdən, Azərbaycan artıq tanınmış turizm destinasiyasıdır. Səfərdə olan
insanın aldığı əsas xidmət də qidalanmadır. Restoran biznesi son illər bir çox
transformasiyalara məruz qalıb. Məsələn, steyk üçün ət Braziliyadan, Avropadan
gətirilir. Təxminən 15 il bundan öncə bizim restoranlar buna qarşı idi və öz
heyvanımızın ətindən istifadə edirdilər. Sonradan məlum oldu ki, steyk üçün
heyvan xüsusi yetişdirilir. İndi Bakıda məşhur steyk yerləri fəaliyyət
göstərir”.

Bir milyard 300 milyonluq dövriyyə

Mütəxəssis vurğulayır ki, ictimai iaşə sektorunun dövriyyəsi pandemiyadan
öncəki illərlə müqayisədə hotellərin və turizm agentliklərinin birgə
dövriyyəsindən iki dəfə artıq olub:

“İctimai iaşənin il ərzində təxmini dövriyyəsi bir milyard 200 milyon – bir
milyard 300 milyon arasında dəyişib. Biz hazırda həm restoran biznesinin
inkişafının, həm də ictimai iaşə mədəniyyətinin formalaşmasının şahidiyik”.

Source link