281f84e1-6ebd-4df3-98a5-9befc1f78d9a..jpg

Rusiya investoru Hacıqabul Sənaye Məhəlləsinə 18 milyon manatdan çox vəsait yatırıb

Baxış sayı: 503 dəfə baxılıb.

Rusiya investoru Hacıqabul Sənaye Məhəlləsinə 18 milyon manatdan çox vəsait
yatırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin
(İZİA) tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində “Penoplex Prikavkazye”
MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin açılış mərasimi
keçirilib.

Bu barədə İZİA-dan bildirilib.

Məlumata görə, innovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya
lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi
ümumi təyinatlı polistiroldan istifadə edilir. 100 faiz Rusiya kapitalı olan
müəssisənin investisiya dəyəri 18,4 milyon manat təşkil edir.

İllik istehsal gücü 100 min kubmetr olan müəssisədə istehsal olunan
məhsulların 60%-nin daxili bazara, 40%-nin isə xarici bazara satılması
planlaşdırılır.

Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti
hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub.
Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İnvestisiya təşviq
sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə
12,9 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların
fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin
edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə
dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. 200
nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi
investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident
kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud
layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın
investisiyanın yatırılması, 1 500-dən artıq iş yerinin yaradılması nəzərdə
tutulur.

2023-cü ilin 9 ayında Hacıqabul Sənaye Məhəlləsində 51 milyon manata yaxın
məhsul istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 97%
artım (2022-ci ilin 9 ayında 25,8 milyon manatlıq məhsul istehsal edilib)
deməkdir.

İndiyədək Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 95 milyon manata yaxın
məhsul istehsal olunub ki, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına
düşür.

Source link