bd6163a0-2306-459c-b812-4ada08f16917..jpg

Rusiyada taxıl üçün ixrac rüsumunun artırılması Azərbaycana necə təsir edəcək?

Baxış sayı: 480 dəfə baxılıb.

Rusiyada taxıl üçün ixrac rüsumunun artırılması Azərbaycana necə təsir edəcək?

Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalatçısıdır. Cari
ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3%-i, arpa
idxalının 81%-i, qarğıdalı idxalının isə 66%-i bu ölkədən olub. Avqustun 23-dən
Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb.
Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15%
artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7% artırılaraq 860,3
rubl, qarğıdalının ixrac rüsumu isə 14,7% artırılaraq 2 min 495,3 rubl olub.

Rusiyadakı dəyişiklik Azərbaycanda buğda, arpa, qarğıdalı və onlardan
hazırlanan məhsulların qiymətinə necə təsir edəcək?

Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov
“Report”a açıqlamasında deyib ki, Azərbaycanda taxıl məhsullarının qiyməti
qismən artacaq:

“Bu, ciddi təsir olmayacaq. Rusiyadan Azərbaycana həm hazır un məmulatları,
həm də yem qatqıları daxil olur. Odur ki, istehlak bazarımıza təsir göstərə
biləcək kifayət qədər əsas xammal ehtiyatlarımız var. Bu il dəmyə ərazilərdə,
xüsusən Şəki, Aran Qarabağda taxıl məhsullarının istehsalında problemlər oldu.
O da quraqlıqla bağlı idi. Azərbaycanda arpa məhsullarının istehsalı, əsasən,
bu bölgələrin payına düşür. Arpa məhsullarının bir kiloqramının bugünkü
pərakəndə satış qiyməti 0,4-0,42 manat təşkil edir. Ancaq intensiv
heyvandarlıqda da bu gün yem tələbatının azalması müşahidə edilir. Bu da bir
çox yeni müasir intensiv heyvandarlıq komplekslərinin tam gücü ilə işləməməsi,
bəzi yerlərdə istehsal prosesinin dayandırılması ilə əlaqədardır”.

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov
qeyd edib ki, Rusiya taxıl məhsulları üzrə ixrac rüsumlarının artım
tendensiyasını davam etdirsə, bu, bizim bazara da təsir edə bilər.

Qiymət artımı istehsalçılarımız üçün faydalıdır

X.Məmmədov qeyd edir ki, bu il qiymətlərin aşağı olduğu üçün istehsalçılarımız
çox çətin vəziyyətə düşüblər:

“Dünyada logistika prosesi pozulub, yanacaq-sürtgü materiallarının,
gübrələrin, toxumların qiyməti kəskin artıb. Bu, Azərbaycanda həm
təchizatçıları, həm də istehsalçıları çətin vəziyyətə salıb. Məhsulun maya
dəyəri əhəmiyyətli dərəcədə yüksəlib və idxal malları ilə müqayisədə baha
olduğu üçün yerli istehsalçılar rəqabət apara bilmirlər. Rusiyada ixrac
rüsumlarının artırılmasından sonra Azərbaycanda da buğda, arpa və qarğıdalının
idxal qiymətinin qalxması gözlənilir. Bu artım bizim istehsalçılara müsbət
təsir edə bilər”.

Un və un məmulatları bahalaşmayacaq

Onun sözlərinə görə, Azərbaycanda arpanın qiymətində artım var, amma buğda və
qarğıdalının qiymətində yoxdur.

“Ola bilər, Rusiya hökumətinin yeni qərarı yaxın zamanlarda onların da
qiymətinə təsir etsin. Bu dəyişikliyin ölkəmizdə un və un məmulatlarının
qiymətinə təsir edəcəyini düşünmürəm. Çünki daxili bazarda kifayət qədər xammal
ehtiyatımız var. Rusiya ixrac rüsumlarını tez-tez azaldır və ya artırır. Bu
qərar da müəyyən bir dövr üçündür. Onun ölkəmizdəki qiymətlərə təsirinin
uzunmüddətli olacağını hesab etmirəm”.

Source link