Rusiyaya gedən alternativ yolda yük maşınlarının keçidi məhdudlaşdırılacaq –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Artıq bir neçə gündür ki, Xaçmazın Qudyalçay körpüsünün yaxınlığında çəkilən
müvəqqəti alternativ yol sürücülərin istifadəsinə verilib.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, indi nəqliyyat vasitələri
Xudat-Rusiya sərhədi və Xaçmaz-Bakı istiqamətinə uçan körpünün yanından yeni
salınmış yoldan keçməklə hərəkət edirlər.
Müşahidələrimiz zamanı alternativ yoldan sürücülərin rahatlıqla keçdiklərini
gördük. Onlar körpü uçandan sonra Qımılqışlaq kəndi istiqamətindən alternativ
kimi təklif edilən 6 km çınqıllı yolla müqayisədə, bu yolun çox sərfəli
olduğunu deyirlər.
Müşahidələrimiz zamanı çoxtonnajlı yük maşınlarının da bu yoldan istifadə
etdikləri diqqətimizdən yayınmadı.
Bəs yük avtomobillərinin istifadəsi alternativ yolun qısa zamanda çökməsinə
səbəb ola bilərmi?
Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, alternativ yolun yük
maşınlarının keçməsi səbəbindən çökməsi mümkün deyil:
“Bunu baxmayaraq, qarşıdakı həftənin ilk günündən yük avtomobillərinin
keçidinə məhdudiyyət qoyulacağı barədə qərar verəcəyik”.
Hələlik isə, yeni inşa edilən körpünün inşası sürətlə davam edir.