a6278509-e543-42c0-b465-0e1ee384c7e5..jpg

Rusiyaya qarşı sanksiyaların açdığı yeni logistika imkanları: Zəngəzur dəhlizinin əhəmiyyəti artır – RƏY +FOTO

Baxış sayı: 388 dəfə baxılıb.

Rusiyaya qarşı sanksiyaların açdığı yeni logistika imkanları: Zəngəzur
dəhlizinin əhəmiyyəti artır – RƏY +FOTO

“Rusiya-Ukrayna müharibəsi Avrasiya dəmir yolu əlaqəsinin effektivliyinə ciddi
ziyan vurub, bu fonda Transxəzər marşrutunun nəqliyyat imkanları yüksələ bilər”.

Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən, Qərbin Rusiyaya qarşı
ciddi sanksiyalarından sonra logistika əlaqələri pozulub.

Ekspert bildirib ki, əvvəllər Çindən Qazaxıstan, Rusiya və Belarusa gedən
marşrut vardı, ancaq bu marşrutla qatarların hamısı gedib Belarusun Brest
şəhərində tıxanırdı, çünki ötürmə gücü zəif idi:

“Sonra Rusiyanın öz ərazisindən keçən Baykal-Amur magistralı işə salındı.
Ancaq təbii fəlakətlər dəmir yolunu su altında qoyub, eyni zamanda, müharibə
nəticəsində bu marşrut işləmir. Bu isə oradan gələn yüklərin azalmasına gətirib
çıxarır və alternativləri gündəmə daşıyır. Bu baxımdan Orta Dəhlizin potensialı
böyükdür”.

R.Ağamirzəyev vurğulayıb ki, Orta Dəhliz multimodal, yəni müxtəlif nəqliyyat
vasitələrinin birləşməsindən ibarətdir və böyük maraq kəsb edir.

Mütəxəssis qeyd edib ki, son on ilin göstəricilərini nəzərdən keçirəndə nəyə
görə Orta Dəhlizin böyük maraq kəsb etdiyini görmək mümkündür:

“10 il əvvəl Qazaxıstan ərazisində bu ölkənin tam mərkəzindən yolu 900
kilometr qısaldan dəmir yolu layihələri icra olunmuşdu. Eyni ildə Türkiyədə
Marmaray tuneli istifadəyə verilmişdi. Bu da Avropa ilə Asiya arasında
marşrutun Türkiyə ərazisində kəsintisiz əlaqələnməsi demək idi. 2017-ci ildə
isə Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdü ki, bununla yol daha da qısaldı və
multimodallıq azaldı. 2018-ci ildə Azərbaycan Bakı limanını Ələtə köçürdü və
bu, gələcək üçün böyük perspektivlər açdı. Limanın yükqəbuletmə və ötürmə
potensialını artdı”.

Bununla belə, ekspert hələ də müəyyən problemlərin olduğu bildirib.
R.Ağamirzəyev deyib ki, Azərbaycan müəyyən yükləri qəbul edə bilər, amma böyük
yüklərdən danışdıqda bunun üçün bütün dəhliz ölkələrində infrastruktur hazır
olmalıdır:

“Azərbaycan, demək olar, dəhliz ölkələri arasında daha yaxşı vəziyyətdə olan,
yatırdığı sərmayələrlə özünü doğruldan bir ölkədir. Ancaq onu da nəzərə alaq
ki, Azərbaycan düzən ərazidə yerləşir. Bizim marşrutlarımız, əsasən, ya
Kür-Araz ovalığından keçir, ya da Xəzər boyu. Ona görə də bizdə bu, tikinti
sürətinə birbaşa təsir edir. Amma qonşularımızda dağlıq ərazi olduğu üçün bu
işlər böyük xərc, daha çox süni qurğuların tikintisi və vaxt tələb edir”.

R.Ağamirzəyev söyləyib ki, Orta Dəhlizin tam inkişafı bütün iştirakçıların
addım atması vacibdir. Məsələn, Xəzərin digər sahillərində yerləşən ölkələrdən
olan Qazaxıstan bir liman tikib, amma artan yük qarşısında genişləndirmə işləri
görülməlidir:

“Türkmənistan böyük bir liman infrastrukturuna malikdir. Burada çatışmayan
element Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. 30 ildən artıq idi ki, onun
ətrafında müzakirə gedirdi. Keçən il Şanxay Əməkdaşlıq Təşkilatında qərara
alındı və artıq tikintiyə başlanıb. Hədəfləndiyi üzrə 2025-ci ildə işlər tam
icra olunub bitdikdən sonra daha qısa bir marşrut yaranmış olacaq. Bu bizim
üçün ona görə önəmlidir ki, bizim istiqamətdə artıq bir yox, iki marşrut
fəaliyyət göstərəcək”.

Həmsöhbətimiz baş verəcək yeniliyin isə Azərbaycan ərazisində dəhlizlərin
şaxələndirilməsi mövzusunu gündəmə gətirdiyini vurğulayıb:

“Ona görə də Azərbaycan bütün riskləri nəzərə alaraq Zəngəzur dəhlizi
ətrafında işlər görür. Bu həm Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin
reinteqrasiyası, həm də “Böyük Qayıdış” proqramındakı bütün daşımaların dəmir
yolu vasitəsilə icra edilməsi baxımından vacibdir, həmçinin, qitələrarası əlaqə
baxımından əhəmiyyət kəsb edir. Ümumiyyətlə, istənilən yol, birinci – ölkənin
öz daşımaları, ikinci – regional daşımalar, üçüncü – qitələrarası daşımalar
baxımından əhəmiyyətlidir. Hər ölkə öz ərazisində daşımanı bunları nəzərə alıb
təşkil etsə, daha effektiv olacaq”.

R.Ağamirzəyev qeyd edib ki, Azərbaycan Şərq-Qərb dəhlizi üzrə xərclərin
optimallaşdırılması üçün Bakıdan Böyük Kəsiyə uzanan sabitcərəyanlı
elektriklənmiş dəmir yolunun dəyişən cərəyana keçidi işlərinə başlayıb:

“Ucardan Böyük Kəsiyə bu işlər bitib. Ucardan Bakı istiqamətinə isə işlər
davam edir. Bu bizim üçün xərcləri 20 faiz optimallaşdıracaq və daha ucuz
daşımağa imkan yaradacaq. Bundan başqa, 40 ədəd “Az8A” dəyişən cərəyanlı
işləyən, 10 ədəd isə dəyişən və sabit cərəyanlı “Az4A” lokomotiv alınıb. Bu
işlər davam edir, çünki yük artdıqca hərəkət tərkibinin də yenilənməsinə
ehtiyac var. Ümumiyyətlə, işlər bir günlük deyil, qısa, orta və uzun vədəli
həll olunmalıdır. İlkin olaraq beşillik yol xəritəsi cızılıb”.

Source link