02224471-2594-4563-86e6-070ce8e47fe5..jpg

Sənətçilərin bayramı: Biri “əvvəlki sevinc hissi ilə keçirmirəm” deyir, digəri bahalıqdan şikayətlənir – FOTO

Baxış sayı: 806 dəfə baxılıb.

Sənətçilərin bayramı: Biri “əvvəlki sevinc hissi ilə keçirmirəm” deyir, digəri
bahalıqdan şikayətlənir – FOTO

Bu gün Novruz bayramıdır. Hər kəs bu günü özünəməxsus şəkildə bayram süfrəsi
açıb. Lakin insanlar Novruz süfrəsini açmaq üçün əvvəlcədən hazırlıq işləri
aparıblar. Bazarlara da daha öncədən üz tutmaq məcburiyyətində qalıblar. Bir
qisim şəxs bahalaşma səbəbindən bayram bazarlığını etmədiklərini, hətta ötən
illərə nisbətən daha az alış-veriş edəcəklərini söyləyirlər.

Bəs görəsən, bahalaşma azərbaycanlı sənət adamlarına necə təsir göstərib?

Cixisyolu.com-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Aktyor Allahverdi Yolçuyev bayrama yaxın qiymətlərin bahalaşmasından
şikayətlənib:

“Digər ölkələrdə bayramdan öncə qiymətlərdə endirimlər olur. Bizdə isə əksinə
olur. Yazılmayan adətə çevrilib. Bayram qurtarsa da, qiymətlər aşağı düşmür.
Camaatın cibini nəzərə almırlar. Novruz müqəddəs, gözəl bayramdır. Hər şey
bahadır. Dükanda normal qiymətə nə isə almaq mümkün deyil. 5 qəpik maaş
artırsa, ərzaq 15 qəpik artır. Qoz, yağ, un bahadır. Ötən illərə nisbətən ciddi
bahalaşma müşahidə olunur”.

A.Yolçuyev sonda bayramı əvvəlki sevinc hissi ilə keçirmədiyini qeyd edib:

“Hələ bayram bazarlığı etməmişəm. Bir qazan xörək bişirib, qeyd etmək olar.
Biri var sevinclə keçirəsən, biri də var ki, məcburi. Əvvəlki sevinc hissi də
yoxdur. Ümidlə yaşayırıq. İnşallah ucuzlaşar”.

Xalq artisti Firəngiz Mütəllimova hər zaman sadə süfrə açdığını söyləyib:

“Dünyanın hər yerində bahalaşma var. Təmtəraqlı süfrə açmamışıq. Hər zaman
sadə qeyd etmişik. Bayram aşımızı bişirib, xonçamızı qurmuşuq. Bədxərclik
etməmişik”.

F.Mütəllimova əvvəlki illərə nisbətən bu il bahalaşma olduğunu əlavə edib:

“Əvvəlki illərə nisbətən bu il bahalaşma var. Biz əsas İlaxır çərşənbəni qeyd
edirik. Şuşada da edirdik. Ən çox əyləncə tonqal qalamaq, papaq atmaq idi.
Novruz deyəndə o günlər yadıma düşür. Onlar xatirimdə qalıb. Mütləq plov
bişirirdik”.

Müğənni Roza Zərgərli artıq hazırlıq işlərinə başladığını bildirib:

“Hər il olduğu kimi bu il də Novruza hazırlaşıram. Təəssüf ki, ailəmin yanında
ola bilməyəcəyəm. Qastrol səfərlərim var. Lakin bayrama hazırlıq gedir. Hər il
səmənini də özüm cücərdirəm. Heç vaxt almıram. Evimdə ola bilməyəcəyəm.
Valideynlərim, övladlarım bir yerdə olacaqlar. Mən Vyana, Praqa və Budapeştdə
olacağam. Konsertlərim var”.

Müğənni Elnarə Xəlilova bayram bazarlığı etməyə zamanının olmadığını əlavə
edib:

“Hələ bayram bazarlığı etməyə vaxtımız olmayıb. Bayramlarda məlum məsələdir,
biz sənət adamları tədbirlərdə çıxış edirik. Böyük ehtimalla bayram bazarlığını
martın 18-də edərik. Yəqin ki, hamıda necə, bizdə də elə olacaq. 6 nəfərin
bayramını keçirməyə yetən qədər olsa, bəs edər. Bizim çoxlu xeyriyyə tədbirimiz
də var. Əsas gücü o tədbirlərin bayram bazarlığına verməyini düşünürük”.

Müğənni Mətanət Əsədova qeyd edib ki, indi hər şey od qiymətinədir:

“İndi hər şey çox bahadır. Bir tək onu deyə bilərəm. Ötən illərə nisbətən hər
şey od qiymətinədir. Bayram bazarlığı etmişəm. Əvvəl necə idisə, indi də o
şəkildə hazırlıq işləri gedir”.

Nəzrin Vahid

Source link