21922ffb-5f7e-44f8-85b3-9839ab58458a..jpg

Səudiyyə Ərəbistanının Milli Muzeyi haqqında maraqlı faktlar – FOTO

Baxış sayı: 984 dəfə baxılıb.

Səudiyyə Ərəbistanının Milli Muzeyi haqqında maraqlı faktlar – FOTO

Paytaxt Ər-Riyadın tarixi mərkəzində yerləşən muzey təkcə sərgi məkanı deyil,
həm də tarixi abidələrin toplanması, qeydiyyatı, bərpası və mühafizəsi ilə
məşğul olan elmi mərkəzdir. Məkan konsepsiyasına görə də klassik muzeylərdən
çox fərqlənir.

Səudiyyə Ərəbistanı Milli Muzeyi ölkənin əsas, ən maraqlı və zəngin muzeyidir.
Kral Əbdüləzizin tarixi mərkəzinin mühüm bir hissəsidir. Paytaxt Ər-Riyadın
tarixi mərkəzində yerləşən muzey binası Əl-Vadi Parkı və əl-Madi Parkı ilə
əhatə olunub. Muzey binasının əsas fasadı Məkkəyə istiqamətlənmiş aypara
formasındadır.

“Kaspi”

qəzeti Milli Muzey barədə yazı dərc edib. Yazıda deyilir:

Milli Muzey Ər-Riyadın qədim Murabba rayonunun abadlaşdırılması planının bir
hissəsinə çevrilib. Səudiyyə Ərəbistanının 100 illik yubileyinə hazırlıq üçün
yaradılan muzey binasını layihələndirmək və qurmaq üçün cəmi 26 ay vaxt
verilib. Məşhur kanadalı memar Raymond Moriyama ölkənin əsas muzeyinin layihəsi
üzərində işləyərkən Qızıl qum təpələrinin forma və rənglərindən ilhamlanaraq
özünün ən gözəl əsərini yaradıb.

Hazırda ikimərtəbəli muzey binası təkcə sərgi məkanı deyil, həm də tarixi
abidələrin toplanması, qeydiyyatı, bərpası və mühafizəsi ilə məşğul olan elmi
mərkəzdir. Məkan konsepsiyasına görə də klassik muzeylərdən çox fərqlənir.
Burada eksponatlar ayrı-ayrı əşyalar kimi deyil, vahid kompozisiyada nümayiş
etdirilir. Muzey 1999-cu ildə yaradılıb. Tarixçilər “Yerdən Aya və tarixdən
əvvəlki dövrlərdən müasir dövrlərə qədər səyahət etmək istəyirsənsə, bu muzeyi
ziyarət et” deyirlər.

Krallığın tarixi ilə tanışlıq

Krallığın tarixinə bələd olmaq istəyənlər bu ölkədə səfərdə olarkən mütləq bu
muzeyə baş çəkirlər.

Muzeyin dəhlizləri və qalereyaları ziyarətçiləri zaman və məkanı aşan macəraya
aparır, bədii və tarixi sübutların şahidi olursan. Burada interaktiv nümayişlər
vasitəsilə Ərəbistan yarımadasının coğrafiyası və geologiyası ilə tanış olmaq,
flora və faunanın inkişafını izləmək mümkündür. Muzeydə ərəb və İslam
incəsənətinin, eləcə də memarlığının maraqlı nümunələri var.

Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyinin azərbaycanlı jurnalistlər
üçün təşkil etdiyi media tur çərçivəsində krallığın milli muzeyinin unikal
tarixi kolleksiyaları ilə yaxından tanış olmaq imkanı qazandıq.

“İnsan və kainat”dan başlanan yol…

Milli Muzeyin kolleksiyası Səudiyyə Ərəbistanının daş dövründən bu günə qədər
olan tarixini və həyatını əks etdirir. Sərginin əsas eksponatı Rub əl-Xali
səhrasında tapılan meteorit parçasıdır. Ziyarətçilər arxeoloji tapıntılar,
zərgərlik məmulatları, musiqi alətləri, geyimlər, silahlar, qablar və s.
kolleksiyaları görürlər.

Muzeyin direktoru Ali al-Hammad ekspozisiyalar haqqında məlumat verərək
bildirdi ki, eksponatlar tarixi ardıcıllıqla düzülmüş səkkiz sərgi salonu və ya
qalereyada nümayiş etdirilir. Onların hər birinin öz memarlıq həlli var.

Birinci zalda “İnsan və Kainat” ekspozisiyası yerləşir. Burada vaxtilə
Ərəbistan yarımadasında dolaşan heyvanlar, həmçinin mağara rəsmlərini və
Nəcrandakı qayadan tapılmış qədim insanın əl izi nümayiş etdirilir.

“Peyğəmbərin missiyası” qalereyasında Məhəmməd Peyğəmbərin həyat və
missiyasına ayrıca ekspozisiya həsr olunub. Bir divarda Peyğəmbərin ailəsini və
qohumlarını təfərrüatı ilə izah edən böyük bir nəsil ağacı var. Beləliklə,
ziyarətçilər Məhəmməd peyğəmbərin dövründə virtual olaraq Mədinəyə daşınır və
ya Mədain Saleh ətrafında səyahət edirlər.

“İslamdan əvvəlki dövr – cahiliyyə”

İslamdan əvvəlki dövrün dini və sosial modelləri ilə “İslamdan əvvəlki dövr –
cahiliyyə” qalereyasında tanış olmaq mümkündür. Yazı və xəttatlığın təkamülü
çoxlu misallarla nümayiş etdirilir və izah olunur.

“İslam və Ərəbistan yarımadası” qalereyası Peyğəmbərin Mədinəyə gəlişi ilə
başlayan, Ərəbistan yarımadasının Osmanlı imperiyasının tərkibində olduğu dövrə
qədər olan İslam dövrünü əhatə edir. Ekspozisiyada müsəlmanların müxtəlif
sahələrdə – dulusçuluqdan tibb və astronomiyaya qədər nailiyyətlərini əks
etdirən eksponatlar var. Burada daşa həkk olunmuş ərəb xəttatlığının
nümunələrini də görmək olar. Qalereyada əhatə olunan dövrə Mədinədə İslam
başlanğıcları və xilafətin yüksəliş və süqut tarixi də daxildir.

“Ərəb krallıqları” adlı zalda erkən krallıqlar təsvir edilir. Eramızdan əvvəl
IV minillikdən eramızın IV əsrinə qədər olan dövrü əhatə edir. Bu dövrə aid
eksponatlar Ərəbistan yarımadasında antik dövrdə, orta əsrlərdə və daha yaxın
dövrlərdə mövcud olan sivilizasiyalardan söz açır. Eksponatlar Məhəmməd ibn
Səud və Turki ibn Abdullah tərəfindən yaradılan ilk iki Səudiyyə dövlətinin
tarixini və mədəniyyətini işıqlandırır.

“Birləşmə zalı” Səudiyyə Ərəbistanının kralı Əbdüləzizə həsr olunub.
Ziyarətçilər burada kralın tərcümeyi-halı və səltənət tarixi ilə tanış ola
bilirlər.

“Həcc və İki Müqəddəs Məscid qalereyası”nın zallarının əsas eksponatı Məkkə və
onun ətrafının böyük maketidir. Həcc mərasimləri, ərazidəki dövlətlərin bu
ayinlərin qorunub saxlanmasında rolu, tarixi ziyarət yolları, Məkkə və
Mədinənin inkişafı ekspozisiyada vurğulanır.

Dövrlərə şahidlik edən eksponatlar

Sərgidə əllə yazılmış Quran, əntiq əşyalar, qədim əlyazmalar, tarixlərə
şahidlik etmiş digər eksponatlar xronoloji ardıcıllıqla təqdim olunur. Muzeydə
bütün məlumatlar səyahətçilərə ərəb dili ilə yanaşı ingilis dilində də təqdim
olunur. Bundan əlavə, ziyarətçilər mini teatrlara və video təqdimatlara baxa
bilirlər. Səudiyyə Ərəbistanının keçmişi haqqında məlumat əldə etmək üçün
istifadə edilən sənədli filmlər və simulyasiyalar kimi multimedia təqdimatları
böyük marağa səbəb olur.

Muzeyin direktoru bildirdi ki, burada milli bayramlarda müxtəlif tədbirlər
keçirilir. Xüsusi sərgilər üçün daha iki qalereya fəaliyyət göstərir.

Xüsusi fotoqrafiya guşələrində muzeydə keçirilən tədbirlərlə tanış olmaq
mümkündür.

Source link