3971d842-f4dd-432c-ba2f-e72f26f304ea..jpg

SOCAR, ARDNF və bp-nin nümayəndə heyəti Heydər Əliyev adına yarımdalma qazma qurğusuna səfər edib – FOTO

Baxış sayı: 790 dəfə baxılıb.

SOCAR, ARDNF və bp-nin nümayəndə heyəti Heydər Əliyev adına yarımdalma qazma
qurğusuna səfər edib – FOTO

“Heydər Əliyev İli” çərçivəsində 12 may 2023-cü il tarixində Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü, Azərbaycan
Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun,
SOCAR-ın prezidenti Rövşən Nəcəfin və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə
üzrə regional prezidenti Qəri Counzun iştirak etdiyi nümayəndə heyəti Heydər
Əliyev adına yarımdalma qazma qurğusuna səfər edib.

Cixisyolu.com xəbər verir ki, səfər 2017-ci ildə açılışı olan qurğunun təhlükəsiz və
səmərəli fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv imkanları
müzakirə etmək məqsədi daşıyıb.

Nümayəndə heyəti qurğu döşəməsi (rig floor), boru göyərtəsi (pipe deck),
körpü, MPD avadanlıqları və digər obyektlərin mövcud vəziyyətinə yerində baxış
keçirib.

Səfər çərçivəsində qazma əməliyyatları üçün ən müasir avadanlıqlarla, o
cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilən və dənizdə
suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə
bilən qurğunun cari fəaliyyəti, müasir texnoloji və təhlükəsizlik sistemləri
barədə məlumat verilib, burada çalışan mütəxəssislərlə müxtəlif mövzular
ətrafında müzakirələr aparılıb, bir sıra əməkdaşa xüsusi səylərinə və
töhfələrinə görə təşəkkürnamələr təqdim edilib.

Qazma qurğusunun tikintisinə 2013-cü ilin iyununda SOCAR-ın birgə müəssisəsi
olan “Caspian Drilling Company Limited” (CDC) MMC və Sinqapurun “Keppel FELS”
şirkətləri arasında podrat müqaviləsi əsasında başlanılıb. Qurğunun inşaat
işlərinin idarə edilməsi, layihələndirmə-mühəndislik işlərinə nəzarət, həmçinin
təchizatlar və alqı-satqıların təşkil edilməsi CDC şirkəti tərəfindən icra
olunub.

Source link