fd2f2e99-00d5-4b78-8999-30a1a4d241c9..jpg

“SOCAR Türkiyə”: “Azərbaycan Türkiyəyə indiyədək 98,2 milyard kubmetr təbii qaz nəql edib”

Baxış sayı: 422 dəfə baxılıb.

“SOCAR Türkiyə”: “Azərbaycan Türkiyəyə indiyədək 98,2 milyard kubmetr təbii
qaz nəql edib”

Bu günə qədər Azərbaycandan Türkiyəyə 98,2 milyard kubmetr təbii qaz tədarük
edilib, həmçinin “SOCAR Türkiyə” şirkəti təxminən 9,3 milyard kubmetr qaz nəql
edib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə’’nin Baş direktoru Elçin İbadov
bildirib.

Onun sözlərinə görə, “SOCAR Türkiyə” şirkəti Türkiyənin topdansatış bazarında
ən böyük özəl sektor oyunçularından biridir:

“2022-ci ildə təbii qaz və elektrik enerjisinin ümumi ticarət və satış həcmi
17 teravat/saata çatıb, dövriyyə isə 28 milyard türk lirəsi təşkil edib’’.

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Türkiyənin enerji dəhlizinə çevrilmə
hədəflərinə ən çox töhfə verən layihələrdən biri olduğunu deyən E. İbadov
gələcəkdə bu kəmərin genişləndirilməsi və Türkiyə üzərindən Avropaya daha çox
təbii qazın nəqli ilə bağlı işlərin davam etdiyini bildirib.

O, bu işlərin Türkiyənin təbii qaz qovşağına çevrilməsi üçün böyük imkanlar
yaratdığını bildirərək, 2023-cü ilə qədər TANAP vasitəsilə Türkiyəyə nəql
edilən təbii qazın həcminin təqribən 21 milyard kubmetrə, Türkiyə üzərindən
Avropaya göndərilən qazın həcminin isə təxminən 22 milyard kubmetrə çatdığını
bildirib.

E.İbadov Türkiyənin bölgənin enerji mərkəzi olmaq yolunda keçirdiyi Filyos
Təbii Qaz Emalı Qurğusunu və Qara dəniz qazının istismara verilməsi mərasimini
xatırladaraq bildirib ki, onlar bu inkişafı həyəcan və qürurla izləyirlər:

“Türkiyəyə uğurlar arzulayıram”.

Source link