“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya
yatıracaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İsveçrənin “Stadler Rail Group”
şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və
konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.
Bu barədə ADY xəbər verir.
ADY sədri Rövşən Rüstəmov və “Stadler Rail Group” şirkətinin vitse-prezidenti
Benjamin Niederhauser tərəfindən imzalanmış müqaviləyə əsasən, Böyükşor
ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də
mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
“Bu mərkəzin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dəmir yollarında aktiv
istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və
texniki xidmət məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki
dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95%-dən
çox olmasını təmin edəcək. Eyni zamanda mərkəzdə ADY-nin işçi heyətinə bütün
növ lokomotivlərin təmir olunması ilə bağlı bilik və bacarıqlarının
təkmilləşdirilməsi baxımından dəstək və məsləhət veriləcək”, – məlumatda
deyilir.
ADY bildirir ki, Azərbaycan ərazisində belə bir unikal müəssisənin yaradılması
regionda qonşu ölkələrdə istismar edilən “Stadler” hərəkət tərkibinin irihəcmli
təmirinin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, ADY tərəfindən “Stadler Rail Group” şirkətindən sifariş edilən
KISS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə
gətirilib. Hazırda Azərbaycanın dəmir yollarında doqquz ədəd KISS elektrik
qatarı istifadədədir.